Son hadisələrin təhlili Ermənistan iqtidarı ilə Qarabağ separatçıları arasında ziddiyyətlərin getdikcə dərinləşdiyini göstərir. Məsələ ilə bağlı artıq erməni mediasında həyəcan təbili çalınır. Məsələn, “1-in.am” portalı bu xüsusda bildirir: “Ordu günü münasbətilə tədbirlər Ermənistan və Dağlıq Qarabağdakı rejim təmsilçilərini bir yerə toplayıb, amma indiki halda birlik bir qədər görüntü idi, çünki tərəfləri təmsil edənlərin müsahibələri bunun əksindən xəbər verir: İrəvan və Xankəndi arasında suayırıcı, anlaşılmazlıq divarı meydana çıxır və gizli qarşıdurma çoxsaylı meydançalarda yaranmaqla qarşılıqlı siyasi zərbələrlə müşayiət olunur.
Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın müsahibəsi son günlər fəal səslənən təşvişləri nəinki dağıtmadı, hətta yenilərini doğurdu. Ermənistan xarici işlər naziri bildirir ki, Dağlıq Qarabağın təhlükəsizliyi məsələsi Ermənistan üçün ən prioritet vəzifə olaraq qalır. O əlavə edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bu məsələ ətrafında danışıqları olub və davam edib: “Bizim öz prioritetlərimiz var və sizin bilmədiyniz heç nə olmayıb”.
Mnatsakanyan xalqların barışa hazırlanmasına dair bəyanat haqda danışarkən vurğulayıb ki, cəmiyyətdəki məğlubiyyətçilik əhvali-ruhiyyəsindən təəccüblənib: “Biz həmişə demişik ki, barışa səbəb olası atmosfer gərəkdir, çünki bir yandan barış haqda danışıqlar aparmaq, o biri yandan isə ədavət səpmək, ya da bununla eskalasiyanı artırmaq mümkün deyil. Münaqişənin ATƏT Minsk Qrupunun həmsədrliyi çərçivəsində istisnasız olaraq dinc yolla tənzimlənməsinə – sülh danışıqlarına dair bizim mövqeyimizdə heç vaxt sapma olmayıb”. Dağlıq Qarabağ rejiminin təmsilçisi Vitali Balasanyan bununla bağlı müsahibəsində Mnatsakanyana qarşı çıxıb: “Kim xalqı barışa hazırlamaqdan danışır, mən əminəm, çağırıram və təklif edirəm ki, uyğun institutlar, uyğun ölkələrin başçıları hər şeydən qabaq bölgədə barış haqda müqavilə imzalasınlar. Bizdə barış haqda müqavilə yoxdursa, beynəlxalq birliyin tanıdığı sənəd yoxdursa, burada söhbət nədən gedir? Mən indi sual edirəm – xalq, siz barışmağa hazırlaşırsınız?”. Amma Balasanyan rəsmi İrəvana qarşı artıq kürəsəl müstəvidə qoyulan çox maraqlı fikir söyləyib: “Bütün şifahi söhbətlər ən pis duruma aparır, siyasətdə məsələlər şihafi həll olunmur. Qarabağ üçün status əvəzinə müəyyən ərazilərin güzəşti gözlənir və bunu qəbul etmək asan olmayacaq”.
Gördüyümüz kimi, gedən danışıqlar prosesi ətrafında Ermənistan və Qarabağ rejimi arasında dərin çəkişmə var – özü də həm metodologiyada, həm də məzmun planında. Və hətta təəssürat belədir ki, rəsmi İrəvan və Qarabağdakı rejim qiyabi debatdadır – jurnalsitlər vasitəsilə. Şübhəsiz, təhlükəli durum meydana çıxıb, özəlliklə də qarşılıqlı siyasi zərbələrlə müşayiət olunduğuna görə. Məsələn, Sasun Mikaelyanın parlament seçkiləri zamanı verdiyi bəyanat nəticəsində iki ölkə hökumətləri arasında qarşıdurma yaranmışdı ki, bu da sonda Qarabağda Levon Mnatsakanyanın “istefasına“ səbəb oldu. Hər şeydən göründüyü üzrə, indi Balasanyan hədəf götürülüb ki, bu da Ermənistan və Qarabağdakı rejimin münasibətlərinə heç də müsbət təsir etməyəcək. O biri yandan, Qarabağdakı rejim özünü Nikol Paşinyan tərəfindən rədd edilmiş, “yad” sayır və zaman keçdikcə Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarları ilə daha çox həmrəy olaraq Ermənistan cəmiyyətində narazılıq doğurur. Bu yolverilməz duruma son qoyulmasa, Azərbaycan bundan daha çox qazanacaq”.
“1-in.am” portalının bu yazdıqları Qarabağdakı separatçı rejimlə İrəvan arasında gərgin münasibətlərin hökm sürdüyünü aydın göstərir. O da bildirilir ki, Paşinyan separatçı rejim rəhbərliyinin dəyişməsində maraqlıdır. Erməni hərbi ekspert Vaan Ambartsumyan bildirib ki, bu fonda Paşinyan orduda onun istəklərinə qarşı çıxanları da zərərsizləşdirir: “Təcrübəli, peşəkar zabitlər Ermənistan ordusunda tutduğu vəzifədən azad edilir, hətta hərbi xidmətdən istefaya göndərilir”. Onun sözlərinə görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası bu sahədə dəyişikliyə nail ola bilməyəcək: “Bu komissiya həmişə olub, ancaq onların gördüyü xeyir işə rast gəlməmişik”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalında iştirak etmiş zabitlər də Ermənistan Silahlı Qüvvələrindən qovulur: “Qarabağ müharibəsini keçmiş, Azərbaycan ordusu ilə realı döyüş təcrübəsi olan zabitlər ordudan uzaqlaşdırılır. Onları uyğun təcrübəyə və biliyə malik olmayanlar əvəz edir”. Ambartsumyan Nikol Paşinyanın 5 il müddətinə ordunun ehtiyaclarını ödəmək üçün əlavə 2,5 milyard dollar ayıracağı ilə bağlı vədinə inanmadığını bildirib: “Ölkənin bu həcmdə maliyyə vəsaiti yoxdur. Bu vəsaiti onun haradan əldə edəcəyi məlum olmadığından vədi də inandırıcı deyil. 2,5 milyard dollar?! Yox, mən onun bunu tapacağına inanmıram. Paşinyan Müdafiə Nazirliyinə ayrılan büdcəni kəsməsə yaxşıdır”. O, bu vəziyyətdə Azərbaycanın Qarabağ məsələsində mövqelərinin daha da güclənəcəyini bildirib.
Tahir TAĞIYEV