Birmənalı həqiqətdir ki, Ermənistanın işğal siyasətinin indiyə qədər davam etməsində, bu ölkənin təcavüz siyasətinin hələ də aradan qaldırılmamasında erməni diasporunun da mühüm rolu olub. Məhz diaspordan gələn göstəriş və təzyiqlər əksər hallarda Ermənistan rəhbərliyinə regionda cərəyan edən proseslərlə bağlı düzgün qərar qəbul etməyə imkan verməyib. Amma son proseslər göstərir ki, erməni diasporu ilə rəsmi İrəvan arasında çox ciddi ixtilaflar meydana çıxıb. Bu hal Ermənistanda Diaspor Nazirliyinin ləğvindən sonra özünü daha qabarıq surətdə büruzə verməyə başlayıb.
Qeyd edək ki, Diaspor Nazirliyinin əməkdaşları qurumun ləğv edilməsi qərarına qarşı çıxır. Onlar yenidən hökumət binasının qarşısına toplaşaraq müddətsiz etiraz aksiyasına başlayıblar. Diaspor Nazirliyinin əməkdaşları baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Bildirilir ki, ötən ilin sonlarında Diaspor Nazirliyi ləğv edilərək səlahiyyətləri Xarici İşlər Nazirliyinə verilib. Nəticədə 700 nəfər işsiz qalıb. Bununla yanaşı, Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspor Nazirliyinin ləğv ediləcəyi haqqında mövqeyi xaricdə yaşayan ermənilərin ciddi etirazına səbəb olub. Fərqli ölkələrdə yaşayan erməni diaspor nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya verir. Argentinadakı erməni diasporu baş naziri buna görə kəskin tənqid edərək səssiz qalmayacaqlarını bildirib. Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz Şir isə Paşinyanın qərarını dəstəkləyib. Onun sözlərinə görə, diaspor indiyədək Ermənistanda liderləri təzyiq altında saxlamaq məqsədilə istifadə edilib. İndi görünən budur ki, erməni diasporu bu təzyiq vasitəsini itirmək istəmir. Elə bu səbəbdən, etiraz əlaməti olaraq, İrəvanda və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarının etiraz mitinqləri davam edir. Argentina ilə yanaşı, Livan və ABŞ-dakı erməni diasporu təşkilatları tərəfindən təşkil olunan etiraz aksiyalarında da baş nazirin qərarı ilə bağlı ciddi narahatlıq ifadə edilib.
Livan erməni diasporunun rəhbəri Şahan Kandaharyan bildirib ki, yeni hökumətin xarici ölkələrdəki ermənilərlə məsləhətləşmədən bu cür qərar qəbul etməsi düzgün deyil. Kilikiya katolikosu birinci Aram və erməni jurnalistlər də bu məsələ ilə əlaqədar Paşinyana etiraz məktubu göndəriblər. Erməni mənşəli fransız tarixçisi Maksim Qauin də yeni baş nazirin diasporla bağlı qərarının anlaşılmaz olduğunu bildirib. O əlavə edib ki, diaspor təmsilçiləri Ermənistan parlamentində deputat yerlərindən məhrum olublar və yaşadıqları ölkələrdə də çətin vəziyyətlə qarşılaşırlar. Bu gedişlə erməni diaspor təşkilatlarının İrəvana təzyiqlərinin daha da artması gözlənir. Hesab edilir ki, diasporun yardımları kəsməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq.
Belə vəziyyətdə ölkədə sosial tələblərlə keçrilən etiraz aksiyalarını sayının artması da mövcud iqtidar üçün əlavə problemlər yaradır. Məsələn, erməni vergi ödəyiciləri qanunvericiliyə olunan son dəyişiklikdən narazıdır. Hətta küçə ticarəti ilə məşğul olanlar da kiçik və orta sahibkarlara qoşularaq aksiya keçirirlər. Onlar satdıqları məhsulları hökumət binası qarşısına gətirərək oturaq aksiyaya başlayıblar. Əsas tələb vergi dərəcələrinin azaldılmasıdır. Üstəlik, “Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın cəza çəkdiyi “Nubaraşen” həbsxanasında dünyasını dəyişməsi də yeni aksiyalara səbəb olub.
Bu arada, “Qarabağ klanı” da son günlərdə hakimiyyətə qarşı fəallaşıb. Məhz belə bir vaxtda Qarabağ separatçılarının “milli təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı iddiaları gülünc adlandırıb. O, Ermənistanda konstitusion nizamı dəyişməkdə hakimiyyətdə olmayan qüvvənin maraqlı olmasının daha real olduğunu və hakimiyyətdə olan şəxsin buna ehtiyacı olmadığını deyib. Balasanyan, zamanı gələndə, hazırkı hökumətin atdığı addımlara görə utandığını deyəcəyini vurğulayıb. Qeyd edək ki, bu, “Qarabağ klanı”nın və qondarma rejimin Paşinyan hökumətinə qarşı ilk addımı deyil. Bundan öncə separatçı rejimin bəzi nümayəndələri və hətta “parlamenti” belə Köçəryanın azad edilməsi tələbilə çıxış edib. Köçəryan özü isə həmfikirlərinə müraciətlə çıxış edərək, Nikol Paşinyanın hazırkı hakimiyyətini sərt tənqid edib və özünü siyasi məhbus adlandırıb. Onun bəyanatında deyilir: “Ermənistanın hakimiyyət orqanları baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə siyasi və dövlət idarəçiliyində tam gücsüzlük nümayiş etdirir. Aydın görünür ki, yaxın zamanlarda biz böyük məyusluq dalğasının şahidi olacağıq. İqtisadi, daxili və xarici siyasətdə yol verilən kobud səhvlər isə bizə çox baha başa gələcək. Cinayət işimə gəldikdə, mən siyasi məhbusam”. Ermənistanın sabiq prezidenti, həmçinin, barəsində başlayan cinayət işini perspektivsiz məşğuliyyət adlandırıb və bir neçə avantürist tərəfindən qurulan saxta işin artıq puça çıxdığını deyib: “Mən hələ də bu işi hüquqi zibil hesab edirəm. Həbsxana məni siyasi fəaliyyətdən imtina etməyə məcbur edə bilməz”. Məlumatlara görə, “Qarabağ klanı” ölkədə hakimiyyət əleyhinə yeni aksiyalar təşkil etməyə hazırlaşır və bütün bunlar Ermənistanı heç də sakit günlərin gözləmədiyini göstərir.
Nahid SALAYEV