Elşən Əliyev: “Məhz bu tandemin bir-birini gözəl şəkildə anlaması səbəbindən ölkəmizdəki islahatların həyata keçirilməsində problemlər yaşanmır”
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Ölkə başçısı konfransda giriş nitqi söyləyib və bildirib ki, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan 4 illik Dövlət Proqramı uğurla həyata keçirilib. Ölkə başçısı çıxışında əldə olunan uğuru şərtləndirən bir sıra rəqəmlər də səsləndirib. Sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsində Azərbaycan cəmiyyətinin Prezidentə verdiyi dəstək nə dərəcədə həlledici rola malik olub?
İqtisadçı-ekspert Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir: “Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yəni regionların davamlı və tarazlı inkişafına nail olunması ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biridir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bütün bölgələrimizin mənzərəsini xeyli yaxşılaşdırıb, iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb. Bu bir həqiqətdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, tapşırıq və tövsiyələrini verir. Həmin səfərlər zamanı ölkə başçısının əhali ilə etdiyi təmaslardan görünür ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu siyasət cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Eyni zamanda, hiss edilir ki, bu məsələdə də Azərbaycanda mövcud olan xalq-dövlət birliyi özünü aydın şəkildə göstərir. Məhz bu tandemin bir-birini gözəl şəkildə anlaması səbəbindən ölkəmizdəki islahatların həyata keçirilməsində problemlər yaşanmır. Təbii ki, bu nailiyyətlərin əldə edilməsində cəmiyyətdən gələn dəstəyin mühüm rolu var. Çünki cəmiyyət bilir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi bu islahatların bilavasitə onlara xeyri var. Məzh bu proqramın nəticəsidir ki, regionlarda ərsəyə gələn infrastrukturların hesabına bir çox iş yeri açılıb. Hazırda regionlarda inkişaf səviyyəsi paytaxtdan heç nəyi ilə geridə qalmırsa, cəmiyyətin də belə prosesə dəstək verməsi təbiidir. Ancaq hesab edirəm ki, cəmiyyətin dəstəyindən məhrum olan hər hansı bir hökumət belə uğurlara imza ata bilməzdi. Bunu xüsusi olaraq vurğulamaq yerinə düşərdi”.
Məhəmmədəli QƏRİBLİ