Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın siyasi rəqiblərinə qarşı başlatdığı təqiblər uzun müddətdir müzakirə mövzusudur. Opponentlərini həbs etdirməklə mövqeyini gücləndirməyə çalışan erməni baş nazirin verdiyi radikal qərarlar barədə mətbuatda dəfələrlə xəbər verilib.
Lakin fəaliyyətini demokratiya, insan hüquqlarının müdafiəsi üzərində qurduğunu bəyan edən əksər beynəlxalq təşkilat, o cümlədən, Avropa Parlamenti Ermənistanda baş verən hadisələrə biganə yanaşır. Bununla onlar Paşinyana öz dəstəklərini göstərir, atdığı radikal addımlara haqq qazandırırlar. Elə bu günlərdə Ermənistanın "Nubaraşen" həbsxanasında baş verən hadisə bunu bir daha təsdiq edir. Qondarma ittihamla həbs olunan "Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının sədr müavini, "Haynews.am" saytıın rəhbəri Mqer Yegizaryan keçirdiyi uzunmüddətli aclıq aksiyası nəticəsində həyatını itirib.
Erməni mətbuatının məlumatına görə, yanvarın 26-da, saat 06:15 radələrində Ermənistan Respublikası Ədliyyə Nazirliyinin adıçəkilən həbsxanasına 1968-ci il təvəllüdlü məhbus M.Yegizaryanın sağlamlığının kəskin pisləşməsi səbəbindən təcili yardım çağırılıb. 20 dəqiqə sonra onun bioloji ölümü qeydə alınıb. Qeyd olunub ki, M.Yegizaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul qoparmaq ittihamı ilə həbs edilmişdi. Qondarma ittihamla həbs olunduğuna görə o, ötən il dekabrın 5-də aclıq aksiyası elan etmişdi.
Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yegizaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. O, Paşinyanın M.Yegizaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib: "Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz "nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır" prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə..."
Ayrı-ayrı vaxtlarda anti-Azərbaycan xarakterli hesabatlar hazırlayan, qətnamə layihələri qəbul edən qurumlar bu məsələdə nədənsə susmaq qərarı veriblər. Halbuki, fəaliyyətini obyektiv əsaslarla quran təşkilatlar dini və etnik mənsubiyyət amilini, siyasi və iqtisadi maraqları kənara qoyub ədalətli mövqe ortaya qoymalı idi. Ancaq sifarişli qərarlar qəbul etməyə vərdiş edən bəzi avroparlamentarilər, eləcə də digər beynəlxalq təşkilatların ermənipərəst üzvləri fəaliyyətlərini ikili standartlar üzərində qurduqlarını əməlləri ilə sübut etməkdədirlər.
Ermənistan həbsxanasında siyasi dustağın ölüm hadisəsinə qədər onun aclıq keçirməsi faktı gizlədilib, hətta onun siyasi dustaq həyatı yaşaması barədə də məlumatlar cəmiyyətə təqdim olunmayıb. Ortaya maraqlı və təzadlı mənzərə çıxır.
Bir halda Avropa və ABŞ-ın məlum strukturları Ermənistanda insan haqlarına və demokratiyaya zidd prosesləri pərdələməkdə yerli hakimiyyətin fəal tərəfdaşı kimi çıxış edir, başqa bir ölkənin timsalında reallığı on dəfələrlə şişirdərək saxta ittiham faktları formalaşdırmaq siyasətinin təzahürünü görürük. Azərbaycanda Mehman Hüseynov adlı gənc məhbusun məsələsini şişirdərək Azərbaycana təsir alətinə çevirmək oyunları o qədər güclü aparılırdı ki, hətta bu qondarma ittiham oyununa Avropa Parlamenti, ABŞ-ın bəzi Konqres nümayəndələri və bəzi idarə olunan tanınmış media qurumları da cəlb edildilər. Ən sonda tam sübut olundu ki, Azərbaycanda həmin məhbusun aclıq etdiyi barədə dolaşan məlumatlar təşkil edilmiş siyasi şoudur və bunun arxasında Azərbaycana təzyiq göstərmək və saxta ittihamlar irəli sürmək istəyən ikili standartlı beynəlxalq dairələr dayanır. Biz bu gün Azərbaycanda və Ermənistanda göstərilən iki fakta dünya dairələrinin prinsipcə eyni olan ikili standartla yanaşmasının şahidi oluruq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da beynəlxalq qurumları bu məsələdə ikili standartlardan irəli gələn yanaşma ortaya qoymaqda günahlandırıb: "26 yanvar tarixində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın "Nubaraşen” cinayət cəzaçəkmə müəssisəsində saxlanan məsul jurnalist, "Erməni qartallar – vahid Ermənistan” siyasi partiyasının sədr müavini M.Yegizaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra vəfat edib. Bir müddət öncə M.Hüseynovun aclıq aksiyasını dayandırdığı bir halda əsassız iddialarla çıxış edən AP, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq aksiyası nəticəsində ölüm halı ilə bağlı susurlar".
L.Abdullayevanın sözlərinə görə, ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda, Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul edib: "Washington Post" qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır, bu qəzet M.Yegizaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?
XİN rəsmisi qeyd edib ki, bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir: "Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar".
Yalnız sadalanan narazılıqlardan sonra Avropa Birliyi məsələyə qısa bir münasibət bildirməklə kifayətlənib. Həmin açıqlamanın məğzi bundan ibarətdir ki, Ermənistanda baş verən məlum siyasi qətlin obyektiv araşdırılacağına ümid bəsləyirlər.
Bunu yetərli saymaq olarmı? Təbii ki, yox! Necə ola biləir ki, Azərbaycanda aclıq etmədiyi özü tərəfindən etiraf olunan bir gənclə bağlı Avropa Parlamenti toplantı keçirib xüsusi qərar çıxarır, amma həbsxanada etiraz aksiyası etdiyi səbəbindən dünyasını dəyişən əsl siyasətçi ilə bağlı isə qısa açıqlama verilir?
Aydındır ki, Avropa Birliyi bu cür ciddi məsələni Ermənistanın öz öhdəsinə buraxmaqla, həmin siyasi qətlin izlərinin itirilməsində İrəvanla həmrəylik nümayiş etdirmiş olur. Çünki siyasətçini öldürən Ermənistan hakimiyyətidirsə, məsələnin araşdırılmasında onlar maraqlı ola bilməz. Bu səbəbdən də yaxşı olardı ki, Avropa Birliyi daha inandırıcı dəlillərlə Ermənistanı vəziyyətdən çıxarmaq yolunu tutsun. Yoxsa, bu cür primitiv gedişlərlə dünya birliyinin başının altına yastıq qoymaq mümkün deyil.
Məhəmmədəli QƏRİBLİ