Məhəmməd Əsədullazadə: “Belə bir vəziyyətdə Rusiya Azərbaycanla münasibətləri daha da möhkəmləndirə bilər”
Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya öz diqqətini Ermənistanın ən böyük rəqiblərindən olan Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldə bilər. Bu barədə ABŞ-ın məşhur “Stratfor” kəşfiyyat-analitika agentliyinin təhlil materialında deyilir. Sözügedən materialda qeyd olunur ki, Ermənistanla Rusiya arasında sıx əlaqələr Qafqazda uzun müddət əsas amillərdən olub, amma İrəvanla Moskva arasında gərginliyin artması bu münasibətlərə əhəmiyyətli dərəcədə ziyan vura bilər.
Analitiklər bildirirlər ki, Ermənistanda son vaxtlar baş vermiş siyasi dəyişikliklər İrəvanla Moskva arasında ənənəvi möhkəm münasibətləri sual altına qoyur ki, bu da digər böyük dövlətlərin vəziyyətdən istifadə etmək ehtimalını artırır: “2018-ci ilin oktyabrında Yerevana səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, ABŞ Ermənistana silah satışı imkanını nəzərdən keçirə bilər. Öz növbəsində, Paşinyan Boltona deyib ki, Yerevan silah tədarükü sazişi üzrə müzakirələrə hazırdır. Ermənistan ABŞ-dan silah almağa başlasa, Rusiya Azərbaycana silah tədarükünü artıracaq”.
Yekun olaraq materialda vurğulanıb ki, Ermənistanın təhlükəsizliyin təmin olunması baxımından Rusiyadan davam edən asılılığı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Türkiyə ilə münasibətlərinin olmaması onu bildirir ki, İrəvan Rusiya ilə strateji alyansının dayandırılması üzrə hər hansı bir qəfil addım atmayacaq.
O da məlumdur ki, Paşinyan ölkədə “məxməri inqilab” nəticəsində baş nazir olandan sonra Ermənistan-Rusiya münasibətlərində əvvəlki yaxınlıq yoxdur. Faktiki olaraq, bir sıra məsələlərdə tərəflər arasında olan fikir ayrılıqları hələ də qalmaqdadır. Bu isə Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində müəyyən çətinliklər yaradır. Heç kəsə sirr deyil ki, Ermənistanda baş verən hadisələr təsadüfi deyildi. Yəni hadisələrin arxasında Qərbin müəyyən dairələri dayanırdı. Keçən müddət ərzində Rusiya ilə Ermənistan arasında bir sıra məsələlərin yoluna düşmədiyini nəzərə alsaq, Rusiya Azərbaycanla münasibətləri daha da möhkəmləndirə bilərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanla Rusiya arasında kifayət qədər ciddi böhran yaşanır. Baş nazir Paşinyanın Davos İqtisadi Forumundan birbaşa Moskvaya səfərində Putin tərəfindən qəbul edilməməsi artıq Kremlin yeni hakimiyyətə qarşı mənfi siyasətinin bariz nümunəsidir. Bununla paralel, iki müttəfiq ölkə arasında qırılmalar da başlayır. Baxmayaraq ki, Moskvada erməni lobbisi bunun qarşısını almağa çalışır. Göründüyü kimi, situasiya Rusiyaya qarşı çevrilib. Bu o deməkdir ki, Paşinyan Rusiya ilə Ermənistan arasında müttəfiq əlaqələrini dayandırmaqla, sükanı Qərbə tərəf çevirir. Çox uzaq olmayan perspektivdə iki ölkənin müttəfiq əlaqələrindən söhbət getməyəcək. Artıq Kreml enerji siyasəti ilə İrəvana təzyiq rıçaqına başlayıb. Bu istiqamətdə təzyiqlərin hərbi əməkdaşlıq sahəsini də əhatə etməsi istisna edilmir. “Stratfor” analitik mərkəzinin proqnozu kəşfiyyat məlumatları əsasında formalışır. Qeyd edim ki, Ermənistanda baş verən inqilaba ABŞ tərəfindən müəyyən dərəcədə dəstək ifadə olunub. Burada hazırda baş verənlər Vaşinqton tərəfindən təlimatlandırılır. Hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazda son dayağı olan Ermənistanın Kremldən uzaqlaşmaq siyasəti Vaşinqtonda cızılıb. Ona görə də “Stratfor” bu məlumatları dərc etməklə regionu dəyişəcək geostrateji mənzərəni qeyd edir. İki müttəfiq ölkənin partnyorluğu fiaskoya yaxınlaşır. Belə bir vəziyyətdə Rusiya Azərbaycanla münasibətləri daha da möhkəmləndirə bilər”.
Vidadi ORDAHALLI