Elçin Mirzəbəyli: “Ermənistanda siyasi partiya sədrinin keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə beynəlxalq qurumların seyrçi qalması indiki şəraitdə həmin təşkilatların gerçək simasını ortaya qoyur”
“Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər, lakin fakta heç bir reaksiya verilməyib
Ermənistanda insan hüquq və azadlıqları birmənalı olaraq boğulur. Bunu son zamanlar siyasi baxışlarına görə təqib edilən, həbsə atılan və həbsdə can verib ölən insanların taleyi də sübut edir.
Məlum olduğu kimi, Ermənistanda partiya sədri Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada dünyasını dəyişib. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞPA, Avropa Parlamenti, nə ATƏT, nə Amerika Senatı, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın populyar KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.
Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu “siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası, ABŞ Senatı, eləcə də digər qurumlar görəsən Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar? Bəs M.Hüseynovun keçirdiyi iddia edilən “aclıq aksiyası” xəbərini manşetə çevirən “Vaşinqton Post” və digər populyar KİV-lər nə üçün Ermənistanda partiya sədrinin aclıq aksiyası nəticəsində dünyasını dəyişdiyini manşetə, əsas xəbərə çevirmirlər? Suallar çoxdur.
Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar. Susmaq isə bu qurumların Ermənistanda baş verənlərdən razı qaldıqlarını ifadə etmirmi?
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, beynəlxalq qurumların Azərbaycanda sırf məişət hadisəsinə görə həbs edilən bir nəfərin həbsinə “siyasi məhbus” donu geydirərək onunla bağlı qətnamə qəbul etməsi və Ermənistanda həqiqətən də siyasi məhbus kimi aclıq edərək dünyasını dəyişən siyasi partiya sədrinin faciəsinə göz yumması onların qeyri-obyektivliyindən, ölkələrə ayrıseçkiliklə yanaşmasından irəli gəlir. “Ümumiyyətlə, söhbət təkcə aclıq aksiyası keçirən və bunun nəticəsində dünyasını dəyişən siyasi partiya sədrinin ölümündən getmir, bütövlükdə prosesin özündən gedir. Yəni M.Yeqiazaryan haqqında həbs-qətimkan tədbirləri seçilməsindən, onun həbs edilməsindən, aclıq aksiyası keçirməsindən danışanda görürük ki, o, siyasi məhbus olduğu halda, heç bir beynəlxalq qurum onun məsələsinə reaksiya verməyib. Məsələ burasındadır ki, bu partiya sədrinin həbs edilməsi, aclıq aksiyası keçirməsi ilə bağlı informasiya qapalı olsaydı, onun vəziyyətilə bağlı müraciətlər edilməsəydi, yenə də bu məsələlərdə manipulyasiya üçün yer olardı. Ancaq həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər, lakin fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayət işilə bağlı konkret olaraq məhkəməyə sübutlar təqdim edilə bilməyib. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların seyrçi qalması bir daha sübuta yetirir ki, onlar üçün əsas məsələ öz maraqlarının təmin edilməsidir. Bu beynəlxalq təşkilatların heç də məqsədi insan hüquq və azadlıqlarını müdafiə etmək deyil. Yəni o qurumların “insan hüquqları” məsələsini ortaya atması həqiqətən də insanların hüquqlarını qorumaq niyyətlərindən irəli gəlmir, bundan müəyyən dövlətlərə siyasi təzyiq vasitəsi kimi istifadə etmək məqsədi güdürlər. Ermənistanda siyasi partiya sədrinin keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə beynəlxalq qurumların seyrçi qalması indiki şəraitdə həmin təşkilatların gerçək simasını ortaya qoyur” - deyə E.Mirzəbəyli bildirdi.
İradə SARIYEVA