Fərhad Mehdiyev: “Ermənistan hakimiyyətinin Qarabağ danışıqlarında konstruktiv mövqe tutması üçün... ”
Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır.
Bu məlumatı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevork Kostanyan erməni KIV-lərinə müsahibəsində açıqlayıb: “Təəsüf ki, məndə olan məlumata görə, Azərbaycan Qarabağ münaqişəsi kontekstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir”.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün, habelə Azərbaycandan köçüb getmiş bir qrup erməninin iddialarına baxıb.
Ermənistanın narahatlığına səbəb olan, Azərbaycanın qaldıracağı 50 milyardlıq iddianın perspektivləri haqda hüquqşünaslar nə düşünürlər?
Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin sözlərinə görə, kompensasiya ilə bağlı iddianı birbaşa Azərbaycan Respublikası qaldıra bilməz: “İddianı vətəndaşların özləri qaldıra bilər. Ola bilsin ki, dövlət onlara bu iddianı hazırlamaqda kömək və vasitəçilik edir. Böyük ehtimalla, burada Çıraqovun işində olduğu kimi, yenə şikayətçi qismində Azərbaycan Respublikası yox, qaçqınlar və məcburi köçkünlərin özləri olacaq. Adətən dövlətlər Avropa İnsan Haqları Məhkəməsinə iddia verdikdə kompensasiya tələbi irəli sürmürlər. Çünki bu tələbi hüququ pozulmuş şəxslər irəli sürməlidirlər. Bununla bağlı hazırlıqların getdiyini mən də eşitmişəm. İddianın verilməsi mümkündür, amma buna necə baxılacağı ilə bağlı məsələni indidən demək çox çətindir. Çünki bu cür məsələlərlə bağlı presedent azdır. Bununla bağlı mövcud olan əsas presedentlərdən biri 2004-cü ildə Kiprin cənub tərəfindən Loizidu adlı bir qadının Türkiyəyə qarşı AİHM-də 1 milyon avro təzminat iddiası qaldırması və qalib gəlməsidir. Digər bir presedent isə AİHM-də Çıraqovun işi ilə bağlı Azərbaycanın lehinə qərar çıxarılmasıdır”.
F.Mehdiyevin sözlərinə görə, bu xəbərin Ermənistan mətbuatında verilməsinin siyasi səbəbi də ola bilər: “Ermənistan öz cəmiyyətini sülhə hazırlamaq istəyir. Ola bilsin ki, onlar öz cəmiyyətlərini buna hazırlamaq üçün bu xəbəri ilk olaraq tirajladılar. Yəni göstərmək istəyirlər ki, sülh olmasa, Azərbaycan hüquqi müstəvidə nələr etməyə hazırlaşır. O baxımdan bu, Ermənistan hakimiyyətinin Qarabağ danışıqlarında konstruktiv mövqe tutması üçün xalqdan dəstək almaq istiqamətində bir addımıdır. Ermənistan qaçqınlara geri qayıtmaq imkanı tanısa, ondan sonra qaçqınlar AİHM-ə müraciət edə bilməyəcəklər. Çünki faktiki məhrumetmə halı Ermənistanın Konvensiyaya qoşulmasından əvvəl olub. Əgər faktiki məhrumetmə halı, yəni müharibə Avropa Konvensiyasına qoşulandan sonra meydana gəlsəydi, sülh sazişinin bağlanıb-bağlanmamasından asılı olmayaraq, məcburi köçkünlərin yenə də Ermənistanı məhkəməyə vermək hüquqları qalacaqdı”.
Məhəmmədəli QƏRİBLİ