Azər Həsrət: “Başqa ölkələrlə müqayisədə, Azərbaycanda struktur islahatları ixtisarlara səbəb olmur, yəni bunun nəticəsində heç kəs iş yerini itirmir”
Son zamanlar ölkəmizdə davamlı olaraq həyata keçirilən struktur islahatları nəticəsində inkişafa nail olunur. Müxtəlif nazirliklər, idarə və müəssisələrdəki struktur islahatları ixtisarsız həyata keçirilir. Yəni dövlət tərəfindən aparılan bu islahatlarda heç kəs öz iş yerini itirmir.
Məlumdur ki, bu islahatlar idarəçilik mexanizminin təkmilləşdirilməsinə və daha da yaxşılaşdırılmasına hesablanıb. Yəni bu islahatlar heç bir halda işçilərin ixtisar edilməsi demək deyil. Bu da onu göstərir ki, başqa ölkələrdə həyata keçirilən islahatlarla Azərbaycandakı analoji proses arasında fərqlər var. Azərbaycanı bu məsələdə müxtəlif dövlətlərlə müqayisə etdikdə görürük ki, Azərbaycan bu islahatlara işçiləri ixtisar etmədən gedir, başqa dövlətlərdə isə aparılan struktur dəyişiklikləri işsizlər ordusunun yaranmasına gətirib çıxarır.
Əməkdar jurnalist Azər Həsrət baki-xeber.com-a bildirdi ki, ölkəmizdə həyata keçirilən struktur dəyişiklikləri ancaq inkişafa hesablanıb. Ölkəmizdə baş verən struktur dəyişikliklərinin üstün cəhətlərinin çox olduğunu deyən A.Həsrət hesab edir ki, yaxın gələcəkdə biz bu islahatların müsbət nəticələrinə daha yaxından şahidlik edəcəyik. O, vurğulayır ki, başqa ölkələrdə bir qurumda, təşkilatda struktur dəyişikliyi aparılarkən saysız insan öz iş yerini itirir, bizdə isə bu islahatlar itkisiz həyata keçirilir. “Bütövlükdə, dövlət tərəfindən həyata keçirilən struktur islahatları inkişafa hesablanıb. Başqa ölkələrlə müqayisədə, Azərbaycanda struktur islahatları ixtisarlara səbəb olmur, yəni bunun nəticəsində heç kəs iş yerini itirmir. Sözsüz ki, bu ölkəmizin üstünlüyüdür. Struktur islahatları ona yönəlib ki, əhalinin rifah halı yüksəlsin, ölkəmizin iqtisadiyyatı güclənsin, ümumiyyətlə, Azərbaycan elə bir dövlətə çevrilsin ki, burada hər kəs özünü güvəndə hiss etsin. Ona görə də optimallaşdırmalar aparılır. Zamanın çağırışlarına uyğun olaraq, struktur dəyişiklikləri həyata keçirilir, eyni zamanda da kadr islahatları aparılır. Bütün bunlarla da paralel şəkildə Azərbaycan dövləti ona çalışır ki, struktur və kadr islahatları həyata keçirilərkən bir kimsə işsiz qalmasın. Yəni iş yerləri bu və ya digər səbəbdən ixtisar olunur, amma ixtisar olunmuş insanların da dövlət tərəfindən başqa yerdə işlə təmin olunmasının qayğısına qalınır. Düşünürəm ki, bu dövlətin vətəndaş üçün olmasının bir örnəyidir” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA