Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində atılacaq istənilən addımın bu gün Ermənistanda müəyyən qüvvələri ciddi narahat etməsi özünü getdikcə daha qabarıq şəkildə büruzə verməkdədir. Məhz belə qüvvələr məsələnin dinc müstəvidə tənzimlənməsinə yönəlmiş istənilən addıma qarşı çıxır, aqressiv bir münasibət sərgiləyirlər. Hər halda, Azərbaycan və Ermənistan rəhbərlərinin Davos görüşündən sonra işğlalçı ölkədə baş verənlər də bunu təsdiq edir.
Amma hesab edilir ki, Ermənistanın yeni hakimyyətinin məsələnin həlli istiqamətində mövqeyi qətiyyətli olarsa, düşmən ölkədə belə qüvvələrin mövqeyi hansısa ciddi nəticəyə gətirib çıxarmayacaq. Ekspert dairələrində, bir sıra erməni media orqanlarında səslənən fikirlərdən belə bəlli olur ki, Ermənistanın baş naziri Nikol Paşinyan, sələflərindən fərqli olaraq, Qarabağ məsələsinin dinc çözümü üçün müəyyən addımlar ata bilər. Xüsusən də məlum Davos görüşündən sonra belə mövqedə olanların sayı əhəmiyyətli dərəcədə artıb. Məhz belə bir vaxtda Ermənistanda nəşr olunan “Past” qəzeti də olduqca maraqlı bir məlumat yayıb.
Qəzet yazır Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməzdən əvvəl eks-prezident Levon Ter-Petrosyanla məsləhətləşib. Bildirilir ki, iki liderin Davosda görüşməsi təsadüfən alınmayıb. Onların görüşü xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında Parisdə yanvarın 16-da keçirilmiş dörd saatlıq görüşdə müzakirə edilib və planlaşdırılıb. Qəzetin yazdığına görə, Paşinyan Əliyevlə görüşdən əvvəl Ter-Petrosyana zəng vurub və onunla məsləhətləşib. Elə bundan sonra Nikol Paşinyana Davos görüşünə görə hazırda müxalifətdə olan Respublika Partiyası və onun nəzarətində olan media, ekspertlər tərəfindən güclü təzyiq edilir. Ondan tələb edirlər ki, Davosda nə danışdığını açıqlasın və ümumiyyətlə Azərbaycan Prezidenti ilə nədən görüşdüyünü aydınlaşdırsın.
Sabiq prezident Serj Sarkisyanın Respublika Partiyasındakı müavini Armen Aşotyan bu fonda hesab edir ki, Paşinyanın Qarabağ məsələsinin nizamlanmasında təcrübəsi yoxdur. Üstəlik o, manipulyasiya ilə məşğuldur.
Aşotyanın fikrincə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşməli deyildi, heç olmasa, keçmiş prezident Serj Sarkisyandan və ya keçmiş xarici işlər naziri Edvard Nalbandyandan məsləhət ala bilərdi. Aşotyan iddia edir ki, yeni hakimiyyət periodik olaraq Qarabağ nizamlanması ilə bağlı narahatlıqları dərinləşdirir. Bir tərəfdən erməni tərəfinin mövqelərini laxladır, digər tərəfdən konkret alternativlər təklif etmir: “Məlum deyil ki, nəyə görə Davosda son məqamda Paşinyanla Əliyevə görüşmək təklif edilir, nəyə görə erməni ictimaiyyəti bu haqda baş nazirin Rusiya agentliyinə müsahibəsindən xəbər tutur? Bu nə deməkdir ki, saat yarım ərzində ancaq danışıqlar prosesinin tarixçəsindən danışıblar? Nəyə görə Paşinyan hakimiyyətinin səkkiz ayında danışıqlar prosesinin tarixçəsi barədə İlham Əliyevdən məlumat almalıdır? Nədən o həmin informasiyaları Serj Sarkisyandan və ya Edvard Nalbəndyandan almağa üstünlük vermir?”.
Erməni ekspert dairələri bununla yanaşı belə bir məqama da diqqət çəkir ki, əslində, Paşinyanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaqdan başqa çıxış yolu da yoxdur. Çünki bunu ondan, Rusiya ilə yanaşı, çox güvəndiyi ABŞ da tələb edir. Məhz ABŞ-ın tələblərinin sərtləşməsi fonunda Paşinyanın Azərbaycanla razılışmağa can atmasının təbii olduğu vurğulanır. Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə bu xüsusda çox maraqlı məqamlara toxunulur. Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir. Bildirilir ki, “Lavrov planı” adlanan həll variantı ərazilərin qayıdışı, yəni ilkin mərhələdə Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun qaytarılması, tərəflərin status üzərində müzakirələr aparması və sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsini nəzərdə tuturdu. Lakin nəşrə görə, indi danışıqlar prosesi “Bolton planı” ilə nəzərdə tutulmuş ssenari üzrə gedir və bu plan “sülhə əvəz olaraq ərazilər” düsturu üzrə həyata keçirilir. Nəşr bildirir: “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki plan onun Azərbaycanın tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülhlə pul vədi var”. Nəşr hesab edir ki, yanvarın 16-da həmsədrlərin vasitəçiliyi vaxtı Parisdə Azərbaycan və Azərbaycanın xarici işlər nazirlərinin 4 saatdan çox sürən danışıqlardan sonra verilən “xalqların sülhə hazırlanması” bəyanatı, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federika Moqerininin yanvarın 19-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın reallaşacağına ümid ifadə etməsi, elə həmin gün ABŞ prezidenti Donald Trampın Paşinyanı Dağlıq Qarabağ problemini həll etməyə yenidən çağırması, yanvarın 22-də Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəhayət, yanvarın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələlərin üzrə məsləhətçisi Con Bolton və Paşinyan arasında telefon söhbətinin olması “Bolton planı”nın olduğuna dair “faktlar”dır.
Qeyd edilir ki, Birləşmiş Ştatlar “böyük oyun”un moderatorudur və oyunun vektoru Rusiyaya qarşı yönəldilib, İran hədəf, Türkiyə və Azərbaycan ABŞ-ın partnyorları, Ermənistan isə alətdir: “Bu oyunda Ermənistan xırda pul oldu. Faktdır ki, “Bolton planı” Paşinyanın rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağ barədə intensiv danışır və bu mübahisəsizdir. Artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçib deməkdir. Və məhz bu, həyəcana səbəb olur”. Qeyd edilənlər fonunda rusiyalı ekspert Dmitri Verxoturovun fikirləri də xüsusi diqqət cəlb edir: “ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”. Onun sözlərinə görə, Tramp adətən belə təbriklərin altına imza atır: “Bu məktublar Trampın və dövlət katibinin təlimatı ilə Dövlət Departamenti tərəfindən hazırlanır. Görünür, Trampın məsləhətçiləri Cənubi Qafqazda yeni siyasi raundu oynamağa qərar verdilər. Çünki ABŞ-ın əvvəki siyasəti uğursuz oldu. Vaşinqton uzun illər Gürcüstanı Amerikayönlü ölkə etməyə çalışırdı, lakin nəticəsi istənilən kimi olmadı. Tramp regionda yeni dayağı tapmağa çalışır. Regionda yeganə dayaq ola biləcək ciddi ölkə isə Azərbaycandır. Azərbaycan bütün regionun gələcəyini müəyyənləşdirə biləcək gücdür. Azərbaycanın ABŞ-a yaxınlaşması üçün Vaşinqton Bakıya nəsə təklif etməlidir. Bu təklif nə ola bilər? Aydındır ki, Dağlıq Qarabağ məsələsi. Bütövlükdə istənilən xarici aktorun Cənubi Qafqazda siyasi kombinasyaları Qarabağa və bu münaqişənin həllinə gətirib çıxarır”. Rusiyalı ekspert qeyd edib ki, Tramp üçün Qarabağın Ermənistanın nəzarətində, yaxud tanınmamış ərazi kimi qalması tamamilə əlverişsizir: “Bundan heç bir xeyir gəlməyəcək. Buna görə də Tramp Paşinyana təzyiq göstərmək qərarına gəldi. Sülh, ticarət, dostluq, əlbəttə yaxşıdır, lakin Qarabağı qaytarmaq lazımdır. Türkiyə üçün də Ermənistanla diplomatik münasibətlərin olmaması sərfəli deyil, lakin Azərbaycanın maraqları təmin olunmadan buna getmir. Buna görə Ankara Qarabağ münaqişəsi həll olunmadan heç bir münasibət qurmayacağını deyir. Prinsip etibarilə, Türkiyə üçün Ermənistan iqtisadi bazar və qaz kəmərlərinin tranziti üçün yaxşı ərazi olardı. Enerji problemləri ilə üzləşən Ermənistan üçün də bu çox əlverişli variant ola bilər. Biz müşahidə edirik ki, Ermənistandan fərqli olaraq, Azərbaycana təzyiq göstərmirlər. Birincisi, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycanındır, ikincisi, Azərbaycan əlverişli tərəfdaşdır. İndi Ermənistanla sövdələşmə aparırlar: ərazilərin qaytarılmasına əvəz olaraq yeni təkliflər irəli sürürlər. Faktiki olaraq, beynəlxalq ictimaiyyət qoşunların çıxarılmasını tələb edir”. Verxoturov Paşinyanın çətin siyasi qərar qəbul etməli olacağını vurğulayıb: “Bu, Ermənistan rəhbəri kimi onun üçün tarixi qərar ola bilər. Lakin Paşinyanın başqa seçimi yoxdur. Ermənistan üçün isə münaqişənin həllindən sonra yeni iqtisadi imkanlar açılacaq. Erməni qoşunlar ərazilərdən çıxarılır, əvəzində Azərbaycan hansısa zəmanətlər verir. Artıq İrəvanla danışıqlar prosesi başlandı, həmsədrlərin bəyanatından belə görünür ki, sövdələşmə aparılır. İrəvan deyir ki, prinsip etibarilə rayonları qaytarmağa hazırıq, lakin əvəzində nə alacağıq? Təxminən yarım il ərzində tərəflər razılaşa bilər. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyinə görə münaqişənin həllində müsbət dönüş ola bilər. Çünki Nikol Paşinyan “Qarabağ klanı”na aid olmayan siyasətçidir”.
Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov da eyni mövqeni bölüşür və yaxın tezlikdə Qarabağ münaqişəsinin həllində yeniliklər olacağını vurğulayır. Ekspertin sözlərinə görə, bu vəziyyətdə “Qarabağ klanı”nın Paşinyanı tənqid etməsi təsadüfi deyil: “Bu vəziyyətdəki bütün irəliləyişlər Prezident İlham Əliyev və onun diplomatik korpusunun aktiv siyasi mövqeyinin nəticəsi hesab olunmalıdır. Rayonların qaytarılması prosesini sürətləndirən amillərdən biri də Ermənistanda rusofob əhval-ruhiyyənin hökm sürməsi və rəsmi İrəvanla Moskva arasında yaranan soyuqlaşmadır. Bu da, öz növbəsində, Bakı ilə Moskvanı daha yaxın müttəfiqə çevirdi. Eyni zamanda Moskvanın İrəvanla münasibətlərində əl-qolunu açmasına gətirib çıxardı və Qarabağ münaqişəsinin həllinə siyasi və iqtisadi təzyiq göstərməyə imkan verdi”.
Beləliklə, indiki şəraitdə, Azərbaycanla yanaşı, Qarabağ məsələsində Rusiya və ABŞ-ın da İrəvana təzyiqləri artırması konfliktin çözümündə müəyyən yeniliklərin olmasını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.