Şimal qonşumuzla Ermənistan arasında münasibətlərin cari il ərzində əhəmiyyətli dərəcədə pisləşəcəyinə dair verilən proqnozlar özünü doğruldur. Belə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvadan dəfələrlə edilən xəbərdarlığa rəğmən Qərbyönlü siyasətdən əl çəkməməsi, eyni zamanda Rusiyayönlü şəxsləri həbsə atmaqda davam etməsi Kremli xeyli qəzəbləndirib.
Məhz bu səbəbdən Rusiyanın artıq Ermənistana qarşı müəyyən addımlar atması qaçılmaz sayılır. Bunun ilk təsdiqi kimi bildirilir ki, Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşünün Kreml tərəfindən tərtib edilmiş proqrama daxil edilməməsi Moskvadan İrəvana ilk xəbərdarlıqdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, bu barədə məsələ Putinlə razılaşdırılmayıb: “Məlumdur ki, tez-tez telefonla danışırlar, çox az görüşürlər”. Bu fonda Peskov belə bir görüşə ehtiyac olmadığını bildirib. Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə yazır ki, Paşinyanın Moskva səfərinin proqramında Rusiya prezidenti Vladimir Putinlə danışıqların olmaması təhlükəli siqnaldır: “Məlumatlı mənbənin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə hələ də kifayət qədər etibar etmir. Bəzi bəyanatlar, xüsusilə də Çin, yaxud İsveçlə hərbi-ticarət münasibətlərinin yaradılması cəhdləri, təbii ki, Moskva tərəfindən nəzərə alınmamış deyil. Rusiyaya məxsus təsərrüfat subyektlərində yoxlamalar da etimad dərəcəsini artıra bilməzdi. Bu və ya digər Rusiya siyasi və biznes dairələri ilə əlaqəli olan keçmiş məmurlar barəsində cinayət işləri bürədə isə danışmağa dəyməz. Bunlardan ən vacibi həbsdə qalmaqda olan ikinci prezident Robert Köçəryandır ki, deyilənə görə, onu Putinlə şəxsi dostluq telləri bağlayır”. “Nezavisimaya qazeta” yazır ki, Ermənistan cəmiyyəti Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşlərinə birmənalı yanaşmır və yaxın gələcəkdə Qarabağ münaqişəsinin mümkün “yekunlar”ı ilə bağlı baş nazir tənqid edilir. Nəşr qeyd edir ki, son hadisələr fonunda Vladimir Putinin cümə günü vaxtının azlığı səbəbindən Paşinyanla görüşdən imtina etməsi Ermənistan baş nazirinin ünvanına tənqidin ikiqat artmasına səbəb olacaq. Bu səbəbdən Nikol Paşinyan Moskva səfəri çərçivəsində yalnız rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşlə kifayətlənir ki, bu da birmənalı qarşılanmır.
Rusiyalı politoloq Aleksandr Krılov da vurğulayır ki, Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər yaranıb. Ekspertə görə, ikitərəfli münasibətlərdə problem yaradan əsas faktor Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin “məxməri inqilab” kimi qəbul edilməsidir: “Keçən ilin aprel-may aylarında Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bu prosesin “məxməri inqilab” olması Rusiyada narahatlıq yaradıb. Hakimiyyətə gəlmiş yeni qüvvənin Rusiya əleyhinə səsləndirdiyi fikirlər də münasibətlərə mənfi təsir göstərir. Əlbəttə, Ermənistanın maraqları baxımından Moskva ilə isti münasibətəri davam etdirmək daha məqsədəuyğun olmalıdır”. Aleksandr Krılov hesab edir ki, Ermənistanın yeni hakimiyyəti SSRİ-nin dağılmasından sonra respublikaların davam etdirdiyi siyasətə üz tutsa, bu, Ermənistanda dağıntılara səbəb olacaq: “Bu baxımdan, yaxın gələcəkdə cəmiyyətin sosial-iqtisadi vəziyyətində müsbət dəyişiklik olmasa, bu, yeni narahatlığa və dəyişikliyə yol aça bilər”.
Ermənistanda nəşr olunan “İrates” qəzeti isə yazır ki, Paşinyanın Putinin istəklərinə qarşı çıxması Ermənistan üçün fəlakət olacaq: “Keçən ilin son günləri və bu ilin əvvəlində Ermənistanda gedən ictimai-siyasi proseslərə təsir edəcək ciddi hadisələr baş verdi. Baş nazir Nikol Paşinyanın ötən ilin dekabrında Moskva səfərindən dərhal sonra keçmiş prezident Robert Köçəryanın həbs edilməsi, Rusiya prezidenti Vladimir Putinin onu Yeni il münasibətilə təbrik etməsi, Rusiyadan satılan qazın qiymətinin artırılması daxili gərginliyin yüksəlməsi baxımından əhəmiyyətli faktorlardır. Bunların Rusiya-Ermənistan münasibətlərinə təsiri qaçılmazdır”.
Məqalədə bildirilir ki, Ermənistanın həbs edilmiş keçmiş prezidenti Robert Köçəryan ətrafında maraqlı proseslər gedir: “Robert Köçəryan ətrafında gedən proseslərin bazarlıq məsələsi olduğu üzə çıxdı. Hər iki tərəfin bu məsələdən istifadə etməyə çalışdığı açıq formada ortadadır. Köçəryanın həbsindən sonra Rusiyanın qazın qiymətlərini artırmaq istəyi, İrəvana verilmiş 300 milyon dollar kredit borcunun tələb edilməsi, hərbi-texniki əməkdaşlığa yenidən baxılması kimi Moskvanın gündəmə gətirdiyi məsələlər bura daxildir. Digər tərəfdən, Moskva hələlik təzyiqləri açıq müstəvidə etmir, amma Paşinyanın daxili və xarici reytinqini aşağı salacaq bütün fəaliyyətləri dəstəkləyir.
Paşinyanın özü üçün də Moskva ilə əlaqələrin problemli olması kədərlidir. Artıq Paşinyanın ən radikal pərəstişkarları belə ondan şübhələnməyə başlayıb. Çünki Rusiya qazın qiymətini artırmaqla yanaşı, Ermənistanı KTMT-dəki mövqeyindən məhrum etməklə hədələyir. Paşinyan isə həm Rusiyaya yaxınlaşdığını hiss etdirmək istəmir, həm də öz daxili imicini qorumağa çalışır. Amma yeni Rusiya səfərində Putinin Paşinyanla bir araya gəlmək istəməməsi Ermənistanı qarşıdakı günlərdə heç də xoş proseslərin gözləmədiyini göstərir”. Belə bir vaxtda Moskvanı qəzəbləndirəcək daha bir addım isə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun açıqlamalarıdır. Özünün “Twitter” mikrobloqunda Bolton yazır ki, ABŞ Ermənistanın gələcək rifahının təmin edilməsi üzrə baş nazir Nikol Paşinyanın səylərini dəstəkləyir: “Ermənistanın baş naziri Paşinyana zəng etdim ki, yenidən seçilməsi münasibətilə təbrik edim və dekabr ayında keçirilmiş azad və ədalətli seçkilərlə əlaqədar erməni xalqını salamlayım. ABŞ Ermənistanın gələcək rifahının təmin edilməsi üzrə onun səylərini dəstəkləyir”. Məhz Ermənistanın ABŞ-ın təsir dairəsinə keçməsini Rusiya qətiyyən qəbul etmək niyyətində deyil və bunun üçün İrəvana daha çox təzyiqlər göstərməyi düşünür.
Nahid SALAYEV