Elçin Mirzəbəyli: “Belə partiyalarla dünyadakı partiyalar əməkdaşlıq etməkdə maraqlı olmaz”
Azərbaycan bir sıra enerji daşıyıcıları, nəqliyyat layihələrində fəal iştirak edir. Bu, Bakının siyasi çəkisini artırır. Bu gün bəzi radikal müxalifət partiyaları sözdə Qərbə inteqrasiya kursunu müdafiə edirlər. Reallıqda isə niyyətləri başqadır. Lakin 25 illik cəhdlərə baxmayaraq, Qərb Azərbaycan müxalifəti ilə yaxından əməkdaşlıq etməyi heç bir zaman qarşısına məqsəd qoymayıb. Dünyadakı siyasi partiyalar müxalifətlə əməkdaşlıq etməkdə, əlaqələr qurmaqda maraqlı deyil.
İllər öncə Qərb müxalifətə açıq mesaj vermişdi – ifrat radikallıqdan əl çəkin və hakimiyyətin bəzi qollarında təmsil olunun. Müxalifətin yerə-göyə sığmayan iddiaları buna imkan vermədi. 2005-ci ilin parlament seçkiləri zamanı Qərb müxalifətdən seçkilərin nəticələri ilə bağlı radikal münasibət bəsləməmək və parlamentdə təmsil olunmaq tələb edirdi. Müxalifətin iddiaları buna imkan vermədi. Müxalifət heç zaman çevik qərar qəbul edə bilməyib və bu gün də edə bilmir.
Paradoksal vəziyyət ondan ibarətdir ki, bu gün düşdüyü ağır duruma görə müxalifət Qərbi və xalqı günahlandırır. Xalqı günahlandırmaq absurddur. Son 25 ildə mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Ənənəvi şüar və taktika ilə keyfiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Son illər keçirilən etiraz aksiyaları, tədbirlər bunu deməyə əsas verir.
Bütün bunlarla yanaşı, Azərbaycandakı radikal müxalifətin beynəlxalq inteqrasiya sahəsində fəaliyyəti, demək olar ki, yox dərəcəsindədir. Son illərdə bu proses sürətlə mənfiyə tərəf gedib və bu gün müxalifətin beynəlxalq əlaqələri, demək olar, sıfır həddədir. Dünyanın siyasi partiya və hərəkatları Azərbaycan müxalifəti ilə əməkdaşlıqdan niyə uzaqlaşırlar?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli bunu bir sıra amillərlə əlaqələndirdi: “Bu əsasən radikal müxalifətin öz ideoloji prinsiplərinə sadiq qalmaması ilə əlaqədardır. Adətən siyasi partiyalar və bu kimi siyasi təşkilatlar konkret ideoloji platformalar üzrə fəaliyyət göstərirlər. Yəni dünyada sol, sol-mərkəzçi, sağ, sağ-mərkəzçi partiyalar var. Sözügedən partiyaların bir araya gəlməsində məqsəd konkret ideyanın inkişaf etdirilməsidir. Azərbaycanda radikal müxalifət düşərgəsinə aid olan təşkilatların heç biri konkret ideoloji prinsiplər əsasında formalaşmayıb. Çünki onların özlərinin elan etdiyi dəyərlərə dəfələrlə xəyanət etmələrinin şahidi olmuşuq. Eyni zamanda, Avropanın hüquqi dəyərlər sisteminə inteqrasiyadan danışdıqları halda reallıqda tamamilə əks qütbdə çıxış edirlər. Necə deyərlər, teokratik bir düşüncə tərzinin daşıyıcılarını necə əməkdaşlıq etdiklərini görürük. Bu, Azərbaycandan kənarda da görünür. Belə partiyalarla əlbəttə ki, dünyadakı partiyalar əməkdaşlıq etməkdə maraqlı olmaz. Bu baxımdan o cür partiyalarla hər hansı bir beynəlxalq əməkdaşlıqdan söhbət getmir. Çünki əməkdaşlıq, əslində, iki və çox tərəfin arasında bərabərhüquqlu münasibətlərin təzahürüdür. Bunlardan yalnız və yalnız istifadə edə bilərlər. Ortada başqa tendensiya yoxdur. Necə ki, onlardan ayrı-ayrı qurumlar yalnız öz maraqları üçün istifadə etməyə cəhd göstərirlər”.
Vidadi ORDAHALLI