Məhəmməd Əsədullazadə: “Bundan şəxsi siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir”
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində aparılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Digər tərəfdən, rəsmi Bakının qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmaması, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən dostluq və mehriban qonşuluq siyasətini gücləndirməsi Azərbaycanın mövqelərini möhkəmləndirir. Bu da, öz növbəsində, təcavüzkar Ermənistanın tamamilə təcrid vəziyyətinə düşməsinə gətirib çıxarır.
Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Təcavüzkar Ermənistan işğal olunmuş əraziləri azad etməli, silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Azərbaycana məxsus ərazilərdən dərhal çıxarmalıdır. Nazirlər Kabinetinin son iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev ötən il Avropa İttifaqı və NATO səviyyəsində qəbul edilən sənədlərin müsbət ruhda olduğunu bildirib. Həmin sənədlər də rəsmi Bakıya problemin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanması üçün hüquqi imkanlar verir. Dövlət başçısının xüsusi toxunduğu məqamlardan biri də o oldu ki, ölkəmizə getdikcə artan maraq, Azərbaycanın bir sıra beynəlxalq qurumlarda, hətta üzv olmadığı təşkilatlarda qazandığı dəstək qarşıdakı müddətdə Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu addımlarına zərbə vuracaq. Şübhəsiz, beynəlxalq təşkilatların Qarabağ məsələsinə dair qətnamələri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün real perspektivlər açır.
Bundan başqa, müşahidələr göstərir ki, müxtəlif səviyyələrdə münaqişənin həlli ilə bağlı birbaşa və yaxud da dolayı çağırışlar artır. Bu günlərdə ABŞ Prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubunda toxunduğu bəzi məqamlar və digər buna bənzər hallar belə qənaətə gəlməyə əsas verir.
Ancaq qəribədir ki, Dağlıq Qarabağ probleminin əlverişli həll mərhələsinə daxil olduğu bir vaxtda Azərbaycanda radikal müxalifət fəallaşaraq pozuculuqla məşğul olmağa çalışır. İctimai asayişi pozmaqdan ötrü müxtəlif aksiyalar keçirməyə cəhd edirlər. İndiki situasiyada radikal müxalifətin belə aktivləşməsi bir sıra sualların yaranmasına səbəb olur.
Maraqlıdır, Qarabağ probleminin əlverişli həll mərhələsinə daxil olduğu bir vaxtda radikalların fəallaşmaq cəhdləri təsadüf kimi görünə bilərmi? Təsadüf deyilsə, bunda məqsəd nədən ibarətdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti fonunda 20 ildən artıqdır davam edən danışıqlar, bir qayda olaraq, manipulyasiya olub. Təbii ki, buna səbəb Ermənistanda “Qarabağ klanının” - müharibə partiyasının Qarabağ kartından istifadə edərək hakimiyyətdə qalması olub. Ermənistanda “məxməri inqilab”dan sonra yeni gələn qüvvlərin bir qədər fərqli siyasət ortaya qoyması və danışıqlarda maraqlı olması hissolunacaq dərəcədə bilinir. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bir neçə dəfə görüş keçirərək, ümumi danışıqların formatına uyğun konstruktiv mövqe ortaya qoyması danışıqlarda pozitiv situasiyanın formalaşmasına gətirib. Həmçinin, Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin üç dəfə qeyri-rəsmi görüşü danışıqlarda müəyyən ümidlərin yaranmasına səbəb olub. Davos Forumunda liderlərin görüşünün müsbət atmosferdə keçməsi deməyə əsas verir ki, Ermənistanla müəyyən qədər razılıqlar əldə olunub. Belə olan təqdirdə, ölkəmiz daxilində bütün siyasi qüvvələr bir olmalı, iqtidarın Qarabağla bağlı apardığı siyasətə dəstək verməlidirlər. Çünki bu milli məsələdir. Burada iqtidar və müxalifət söhbəti olmamalıdır. Təəssüf ki, Qarabağ kartından bizdə radikallar öz siyasi ambisiyaları üçün istifadə etməyə çalışırlar. Ancaq Azərbaycan cəmiyyəti bu milli məsələdə yekdil mövqe nümayiş etdirir. Xalqın Qarabağla bağlı mövqeyi yekdildir. Münaqişə beynəlxalq hüquq normaları və milli maraqlara uyğun həll edilməlidir. Bundan şəxsi siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir”.
Vidadi ORDAHALLI