Ermənistanda son hakimiyyət dəyişiklyindən uzun müddət keçsə də, ölkədə müsbətə doğru hansısa dəyişikliklərin olacağına dair ümidlər özünü doğrultmur. Elə bu vəziyyətdə yeni hakimiyyətdən narazılıqların artmaqda olduğu aydın müşahidə edilir. Yarıtmaz xarici və daxili siyasət, o cümlədən Azərbaycan ərazilərinin işğalda saxlanması səbəbindən yaşanan təcrid ölkəni iflic halına salıb. Belə bir vəziyyətdə hökumətin iqtisadi və siyasi sahədə hansısa yeniliklər edə bilməsi böyük sual altındadır və bunu erməni cəmiyyəti yenidən görür.
Yaranmış vəziyyətdə Ermənistanda sosial tələblərlə aksiyaların yenidən artması müşahidə olunur. Məsələn, elə bu günlərdə İrəvanda taksi sürücüləri etiraz aksiyasına çıxıb. Onların əsas tələbi sürücülər üçün xırda qayda pozuntularına görə cərimələrin ləğv edilməsidir. "Avtomobil sahiblərinin müdafiəsi liqası" QHT-nin sədri Tiqran Ovhannisyan şəhər meriyası qarşısında keçirilən aksiyada bildirib ki, taksi sürücülərinin qazancı onsuz da az olduğundan, onları cərimələrlə boğmaq olmaz: "Buna görə pul itiririk, pul qazanmaq üçün başqa imkanımız da yoxdur. Daha doğrusu, var, sadəcə, onu da şəhər meriyası ələ keçirib". Bir həftə əvvəl isə İrəvanda avtomobil alverçiləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar cərimələrlə bağlı amnistiya tələb ediblər. Bildirilib ki, avtodilerlər 2018-ci ildə alış-verişə görə tətbiq edilmiş ödənilməyən verginin cərimələrinin silinməsini və qanunun dəyişdirilməsini istəyir.
Bundan başqa, ləğv edilən dövlət qurumlarının əməkdaşlarının da aksiyaları davam edir. Erməni ekspert David Ananyan sosial zəmində aksiyaların miqyasının genişlənəcəyini proqonzlaşdırır. Onun sözlərinə görə, belə aksiyaların paytaxtdan regionlara keçməsi fonunda hakimiyyətin mövqeləri xeyli laxlamış olacaq. Məhz belə bir vaxtda Ermənistanın “Jamanak” qəzeti olduqca maraqlı bir məlumat yayıb. Qəzet yazır ki, Fransadakı kütləvi “sarı jiletlilər” etiraz aksiyası Ermənistanda da başlayacaq və Fransadakı kimi, birbaşa olaraq Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əleyhinə yönələcək: “Fransanın nümunəsində Ermənistandakı “sarı jiletlilər” etiraz hərəkatı da təhsil, səhiyyə, vergilərlə bağlı sosial problemləri qaldıracaq və ölkədə ədalət atmosferinin bərpasını tələb edəcək. İndi Ermənistanda “sarı jiletlilər”in aksiyalarına hazırlıq işləri aparılır: etiraz hərəkatının nümayəndələri müxtəlif xadimlərlə görüşlər keçirərək hökumət əleyhinə əməkdalıq təklif edirlər. Amma hələ ki, Ermənistandakı “sarı jiletlilər” etiraz hərəkatına kimin liderlik edəcəyi açıqlanmır”. Qeyd olunur ki, “məxməri inqilab”dan heç bir il ötməmiş Ermənistan əhalisini hakimiyyət əleyhinə növbəti kütləvi etirazlara sövq edən başlıca səbəb baş nazir Nikol Paşinyanın sürətli iqtisadi inkişaf “möcüzəsi” və sosial təminatın artırılması ilə bağlı verdiyi vədlərin hələ də yalnız söz olaraq havada qalmasıdır. Bu mənada qəzet yazır ki, yaxın aylarda Paşinyan dövlət borcu 7 milyard dollara çatan Ermənistanın iqtisadiyyatını dirçəltmək yönündə həlledici addımlar atmasa, elə özünün bünövrəsini qoyduğu “inqilabi yolla” kreslosu ilə vidalaşmalı olacaq. Real vəziyyətin təhlili isə, əslində, Ermənistanın işğal siyasətinə son qoymadan hansısa iqtisadi inkişafının mümkünsüz olduğunu göstərir.
Ermənistan mediası isə yazır ki, hazırkı durumda ölkədən əsasən varlı adamlar qaçır. Onların sırasında keçmiş hakimiyyətə yaxın adamlar üstünlük təşkil edir. Digərləri isə qaçışlarının səbəbini ölkənin çox ağır sosial-siyasi və iqtisadi durumda olması ilə bağlayırlar. Artıq belə imkanlı adamlar da ölkədə vəziyyətin düzələ biləcəyinə ümid etmir. Bütün sahələr üzrə böhran isə getdikcə daha da dərinləşir. Sərmayə qoyub fəaliyyət göstərmək imkanları da minimum həddədir. Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov bunları onunla izah edir ki, Ermənistanda hakimiyyətin dəyişməsi ilə ölkənin sosial-iqtisadi həyatında heç bir dəyişiklik baş verməyib. O vurğulayır ki, ictimai narazılıq fonunda ölkədə daxili siyasi böhran daha da kəskinləşib. Ekspertin sözlərinə görə, Ermənistanda indiki hakimiyyətin böhranı aradan qaldırması mümkünsüzdür. Beləliklə, qeyd edilənlər aydın göstərir ki, Ermənistan bir dövlət kimi yaxın perspektivdə daha ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa yeni iqtidarın da taleyinə mənfi təsir edəcək. Bundan yeganə çıxış yolu erməni silahlı dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir. Əks təqdirdə ölkə daha böyük faciə ilə üzləşəcək.
Tahir TAĞIYEV