Qabil Hüseynli: “Ermənistan həmin çağırışlara məhəl qoymasa, ciddi sanksiyalarla üzləşə bilər”
Məlum olduğu kimi, Avropa İttifaqı Dünya Bankı ilə birgə “Şərq Tərəfdaşlığı” ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Vəsait 2030-cu ilə qədər “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək.
Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu “Şimal-Cənub” magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq. Lakin erməni mediası yazır ki, bu məsələdə də Paşinyan çətin durumdadır. Belə ki, ABŞ-ın İrana qarşı məlum mövqeyi fonunda Paşinyanın Avropa İttifaqından alınan vəsaiti Artaşak-Aqarak yolunun çəkilməsinə yönəltməsi mümkün sayılmır. Əks təqdirdə Paşinyan ABŞ yardımlarından və dəstəyindən məhrum olacaq. Hətta belə vəziyyətdə Ermənistanın ABŞ sanksiyaları altına düşməsi də istisna olunmur. Bütün bunlar artıq Paşinyanın Qərb maliyyəsinə ümidlərinin də üstündən xətt çəkir. Rusiya da, öz növbəsində, əvvəlki kimi İrəvana maliyyə yardıımı göstərmək niyyətində deyil. İrana olan ümidlər də özünü doğrultmur. Ermənistan Avropa İttifaqının Dünya Bankı ilə birgə ayırdığı vəsaiti İranı da əhatə edəcək layihəyə xərcələsə, ABŞ sanksiyaları altına düşə bilərmi?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin donorlar Ermənistana pul ayırmaqda böyük yanlışlıq ediblər: “Çünki qonşularının ərazisini işğal edən bir ölkəni böyük məbləğ ayırıb bəsləmək heç bir məntiqə sığmır. Bundan əvvəl Ermənistan “Minilliyin çağırışı” proqramı çərçivəsində də hardasa yarım milyard dollar vəsaitə sahiblənmişdi. Belə məbləğdə pulu terrora, işğala meylli bir ölkəyə həvalə etməyin ciddi və ağır nəticələri ola bilər. İkincisi isə Ermənistan həmin pulu sərf etməklə İranla əlaqəni daha da dərinləşdirib, blokadanı yarmaq istəyir. Sözügedən yol layihəsi də ABŞ-ın sanksiyası altına düşür. Düzdür, Avropa ölkələri sanksiya məsələsində tamamilə fərqli düşünürlər. Bəzən isə ABŞ-ın mövqeyilə uzlaşmayan qəraralar qəbul edirlər. Artıq vəziyyət dəyişib. Avropa ölkələri İrana sanksiya məsələsində ABŞ-la olan həmrəylik tellərini sıxlaşdırmağa başlayıblar. Ermənistanın çəkmək istədiyi yol həm özlərini, həm də sanksiyalardan əziyyət çəkən İranı blokadadan çıxarmağa hesablanıb. Yəni bu, hər iki ölkənin maraqlarına tam cavab verir. Bu nöqteyi-nəzərdən həmin layihəni əsas götürərək, Ermənistana ayrılan vəsaitdən istifadəyə qadağa qoyulmalıdır. Düşünürəm ki, işlər başlayacağı təqdirdə ABŞ buna ciddi etiraz edəcək. Ermənistan həmin çağırışlara məhəl qoymasa, ciddi sanksiyalarla üzləşə bilər. Bu tam labüddür. Çox güman ki, aclıqdan əziyyət çəkən Ermənistan əlinə düşən bu qədər vəsaiti itirmək istəməyəcək. Yəqin ki, ABŞ bu yöndə Avropadakı donorlara da xəbərdarlığını edəcək. Bir sözlə, Ermənistanı növbəti problemlər dalğası gözləyir.
Məhəmmədəli QƏRİBLİ