Elşən Həsənov: “Ölkə başçısının təsnifatlandırdığı bu iki amili münaqişənin həlli üçün çox vacib element sayıram”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev Davosa etdiyi səfər çərçivəsində Çinin məşhur telekanallarından birinə müsahibə verib. Ölkə başçısı həmin müsahibədə bir çox məsələlər ətrafında geniş şəkildə danışıb.
İlham Əliyev, həmçinin, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin iqtisadi gücü və artan nüfuzunun da mühüm faktora çevrildiyini bildirib: “Mən əminəm ki, bu, bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.
İlham Əliyev bildirib ki, dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur: “…Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik”.
Ölkə başçısının fikirlərindən aydın olur ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün lazım olan başlıca faktorlar sırasında iqtisadi cəhətdən güclü olmaq və beynəlxalq nüfuzun artmasının zəruriliyi önə çəkilir. Ölkə başçısının qeyd etdiyi bu amillərin təmin olunması Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana nə kimi üstünlüklər verə bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycan qarşısında duran ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün mümkün vasitələrdən istifadə edir: “Bilirsiniz ki, bu münaqişənin həlli bizim problemlərimizin sırasında ən prioritet yerdə durur. Müstəqillikdən sonra Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb, bunun da nəticəsində ölkəmizin beynəlxalq nüfuzu güclənib. Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru xətti, bu yaxınlarda istismara verilmiş Bakı-Tiflis-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar. Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir. Sadaladığımız işlərin görülməsi ölkəmizin qüdrətinin artmasını şərtləndirir. Bizim düçar olduğumuz Dağlıq Qarabağ probleminin həllində bu faktor bizə üstünlük verir. Çünki bunun nəticəsində biz ordumuzun maddi-texniki təminatını gücləndirə bilirik. Hazırda ölkəmiz məhz həmin iqtisadi gücün hesabına güclü orduya sahibdir. Bu da önəmli amildir. Çünki Ermənistan bilir ki, konstruktiv olmayacağı təqdirdə, Azərbaycanın öz ərazilərini silah gücü ilə təmizləməsi prosesi ilə üzləşə bilər. Eyni zamanda, iqtisadi gücün artması bizi siyasi cəhətdən də kimlərdənsə asılı etmir. Bunun da nəticəsində hansısa ölkələr bizə öz şərtlərini diqtə edə bilmir”.
Partiya sədrinin sözlərinə görə, iqtisadi zənginlik hesabına biz müstəqil siyasət yürüdə bilirik ki, bu da bizi dünya siyasətində vacib aktor ölkəyə çevirir: “Qarabağ münaqişəsinin həlli ilə bağlı biz diplomatik müstəvidə də mühüm irəliləyişlər əldə etmişik. Artıq region ölkələri daha konkret bəyanatlar verməyə başlayıb. Ermənistandan açıq formada güzəşt addımları tələb edilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları bizim ərazi bütövlüyümüzü dəstəkləyib və bildiriblər ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bütün bunlar Azərbaycanın dünyada artan nüfuzunun hesabına baş verib. Çünki əvvəlki illərdə biz həmin qurumların münaqişə ilə bağlı neytral mövqeyi ilə üzləşirdik. Bu baxımdan da ölkə başçısının təsnifatlandırdığı bu iki amili münaqişənin həlli üçün çox vacib element sayıram”.
Məhəmmədəli QƏRİBLİ