Rəsul Cahangirli: “Bütün bunların bir-birini tamamlaması ölkənin dinamik inkişafını təmin edir”
Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir.
Bununla yanaşı, Gerri Elliott hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb. Bu baxımdan, Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin ölkəmizin inkişafında əsas amillər olduğunu qeyd edib. O, “CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu bəyan edib.
Görünən odur ki, Azərbaycanda həyata keçirilən islahatların sistemli xarakterli olması, ən başlıcası, bir-birini tamamlaması aparıcı şirkətlərin diqqətindən yayınmır. Bunun nəticəsidir ki, “CISCO” kimi dünyada tanınmış şirkət inkişaf üçün lazım olan 3 əsas istiqamətin Azərbaycanda olduğunu qeyd edir. Azərbaycanın getdikcə artan iqtisadi gücü və imkanları ölkəmizə bütün sahələrdə yeni-yeni perspektivlər, imkanlar vəd edir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Dövlətin inkişafı üçün lazım olan üç əsas istiqamət Azərbaycanın timsalında özünü necə tapır?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, hər üç istiqamət Azərbaycanın timsalında özünü doğruldur. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev güclü, xarizmatik lider olmaqla yanaşı, ölkədə islahatları həyata keçirmək üçün ciddi siyasi iradəyə malikdir. Məhz ölkə Prezidentinin uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə kompleks islahatlar həyata keçirilir. İslahatların müasir dövrün tələblərinə uyğun həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. İkincisi, Azərbaycanda islahatlar kortəbii şəkildə həyata keçirilmir. İslahatların həyata keçirilməsi üçün konkret hədəf və məqsədlərə hesablanmış proqramlar var. Belə ki, Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi” sözügedən istiqamətlər üzrə strateji məqsəd və hədəfləri, nəzərdə tutulan tədbirlərin qiymətləndirmə və maliyyələşdirmə mexanizmlərini müəyyən edir. Ötən 2 il ərzində bir sıra sistemli islahatlar həyata keçirilib. 2019-cu ilin yanvarından başlayaraq struktur və digər islahatların növbəti dalğası başlayıb. Ən nəhayət, Azərbaycanda islahatları həyata keçirən müvafiq qurum və təsisatlar var. Onlar da bu işi həyata keçirə bilirlər. Bütün bunların bir-birini tamamlaması Azərbaycanın dinamik inkişafını təmin edir. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanın mövcud imkanlardan səmərəli istifadə edərək müxtəlif infrastruktur layihələri həyata keçirməsi təkcə ölkəmiz üçün perspektivli sayılmır və yalnız bizim maraqlarımıza xidmət etmir. Eyni zamanda, Azərbaycanla qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etmək istəyən, yaxud əməkdaşlıq edən ölkə və dövlətlər də həmin layihələrin iştirakçısına çevrilir, onlardan müsbət dividendlər əldə edirlər. Necə ki, son illərdə ölkəmizdə müasir infrastruktur layihələrinin icrası timsalında bunu aydın şəkildə görmək mümkündür. Bütün bunlar əksər beynəlxalq təşkilat və qurumlar, dövlətlər tərəfindən də yaxından izlənir, təqdir olunur”.
Vidadi ORDAHALLI