Azərbaycan dəfələrlə, özü də ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın inkişafı, bir dövlət olaraq mövcudiyyətini davam etdirməsi özünün işğal siyasətinə son qoymasından birbaşa asılıdır. Ötən dövr ərzində İrəvan bu reallığı qəbul etməkdən qaçmağa çalışsa da, artıq vəziyyət dəyişir. İndi erməni cəmiyyətində belə fikirlərə tez-tez rast gəlmək olar ki, Dağlıq Qarabağ məsələsi həllini tapmadan ölkədə hansısa tərəqqidən danışmaq mümkün olmayacaq.
Bütün bu qeyd edilənlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda verdiyi açıqlamalar artıq işğalçı ölkənin özündə belə istehza ilə qarşılarnır. Həmin açıqlamasında Paşinyan ölkəsində demokratik və iqtisadi tərəqqidən bəhs edib. Keçmiş prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da bildirir ki, Paşinyanın verdiyi bəyanat ilk baxışda xoş gələ bilər, ancaq əslində faktiki reallığa ziddir: “Paşinyanın sözlərinə görə, parlament seçkiləri Ermənistanda demokratik nailiyyətləri möhkəmləndirdi. O yəqin unudur ki, Ermənistanda ilk dəfə real parlament müxalifəti yoxdur. Parlament spikerinin 131 səslə seçilməsi buna parlaq sübutdur”. Şarmazanovun sözlərinə görə, Paşinyan gözlənilən “iqtisadi inqilab” haqqında danışsa da, iqtisadiyyat tədricən çökür: “Hökumət başçısı Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi imkanlar haqqında danışır. Lakin unudur ki, 1,5 il əvvəl ölkənin bu ittifaqdan çıxışı üzrə prosesin təşəbbüskarı idi. Və indi reallıqlar dəyişdi. Paşinyan Ermənistanda sənayeni inkişaf etdirmək istəyir, amma bu halda mədən sənayesini prioritet sahə hesab etmir. Yəqin, məhz burada misəridən kombinatın bağlanması və 630 əməkdaşının işdən məhrum edilməsinin gizli səbəbi ört-basdır edilir. Nəticədə biz növbəti dəfə ciddi proqram deyil, yalnız xeyirxah arzular və ya tostla qarşılaşırıq. Heç də iddia etməyə meylli deyilik ki, Paşinyan iqtisadiyyatın inkişafını arzu etmir. Ancaq arzu etmək başqa, bunu bacarmaq tamamilə başqa məsələdir”.
Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan da məsələnin maraqlı tərəflərinə diqqət çəkir. O bildirir ki, son aylarda baş verənlər Ermənistanda yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyini böyük sual altına salıb: “Ermənistanda güclü və inkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq inandırıcı görünmür”. İskəndəryanın sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. Erməni politoloqu Yervand Bozoyan bildirib ki, Nikol Paşinyanın komandasının “məxməri inqilab” nəticəsində Qərbdən Ermənistana pul axını olacağı barədə ümidləri özünü doğrultmadı. Onun sözlərinə görə, “inqilab” eyforiyasından sonra Avropa İttifaqı ilə münasibətlərdə konkret addımlar müəyyən edilməli olduğu halda, bu sahədə heç bir real addım atılmayıb.
Bozoyan Ermənistanda baş verən dəyişikliklərdən sonra Avropa İttifaqı və Rusiyanın gözləmə mövqeyində olduqlarını qeyd edib: “Onlar yeni hökumətin müxtəlif istiqamətlərdə - daxili və xarici siyasət, iqtisadiyyat, islahatlar və Dağlıq Qarabağ üzrə hansı addımlar atacağını başa düşməyə çalışırlar. Brüsselə gəldikdə, orada Avropa İttifaqı ilə sazişin reallaşdırılması istiqamətində İrəvanın konkret təkliflərini gözləyirlər. Lakin Ermənistanda gedən daxili siyasi mübarizə nəticəsində bu barədə düşünən belə olmayıb. Bütün bu məsələlər üzrə heç bir iş görülməyib. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı üzrə öz planları var, lakin Ermənistanda bu məsələ tamamilə unudulub. İlkin mərhələdə yeni hakimiyyətin üzvləri eyforiya yaşayırdı. Paşinyanın komandası əmin idi ki, “inqilab” öz-özlüyündə bir dəyərdir və Qərb buna görə dərhal Ermənistana pul verməlidir. Lakin ümidlər doğrulmadı və məlum oldu ki, inqilab həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcək dəyişiklikdir”.
Bu arada qeyd edək ki, Avropa İttifaqı Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək. Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq. Lakin erməni mediası yazır ki, bu məsələdə də Paşinyan çətin durumdadır. Belə ki, ABŞ-ın İrana qarşı məlum mövqeyi fonunda Paşinyanın Avropa İttifaqından alınan vəsaiti Artaşak-Aqarak yolunun çəkilməsinə yönəltməsi mümkün sayılmır. Əks təqdirdə Paşinyan ABŞ yardımlarından və dəstəyindən məhrum olacaq. Hətta belə vəziyyətdə Ermənistanın ABŞ sanksiyaları altına düşməsi də istisna olunmur. Bütün bunlar artıq Paşinyanın Qərb maliyyəsinə ümidlərinin də üstündən xətt çəkir. Rusiya da, öz növbəsində, əvvəlki kimi İrəvana maliyyə yardıımı göstərmək niyyətində deyil. İrana olan ümidlər də özünü doğrultmur. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanın xilası yalnız Azərbaycanla münasibətlərin normallaşmasından, işğala son qoymasından keçir. Məhz bu halda Azərbaycan və Türkiyə ilə qurulacaq əməkdaşlıq Ermənistanda hansısa inkişafa yol aça bilər.
Tahir TAĞIYEV