Məhəmməd Əsədullazadə: “Başlanan bu proses regionda ümumi təhlükəsizliyə xidmət edir”
"Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır”. Bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib
Ölkə başçısı müsahibəsində bununla bağlı bir sıra məqamlara toxunub: “Bir-birindən asılı olan ölkələr, biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır”.
Görünən odur ki, bütün bunlar Avropa ilə Asiya arasında regional dialoq üçün yeni imkanlar açır. Bu baxımdan, sözügedən məsələnin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan bir sıra layihələri ilə Avropa ilə Asiya arasında dialoq körpüsü rolunu oynayır: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən yol qovşaqlarının kəsişdiyi yerdə yerləşir. Bu da ölkəmizin tranzit imkanlarını bu və ya digər formada genişləndirir. Bunun miqyası getdikcə daha da böyüyür. Bu gün Azərbaycan geosiyasi baxımdan əhəmiyyətli ölkə olduğunu həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrini reallaşdırmaqla bir daha təsdiq etmiş oldu. Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizi Cənub-Şərqi Asiyanı birbaşa Şimali Avropaya bağlayan dünya əhəmiyyətli bir layihədir. Bundan əlavə, Bakı-Tiflis-Qars dəmir yolu başda Çin olmaqla Mərkəzi Asiya ilə Avropanı bağlayan İpək yoludur. Bu onu göstərir ki, ölkəmizin töhfə verdiyi bu layihələr Avropa ilə Asiya arsında bir dialoq körpüsü yaradır. Çindən dəmir yolu vasitəsilə daşınan mallar Azərbaycan üzərindən keçməklə Avropaya daşınır. Başlanan bu proses regionda ümumi təhlükəsizliyə xidmət edir. Müşahidələr göstərir ki, Azərbaycanın həyata keçirdiyi, iştirak etdiyi regional layihələr bir sıra parametrlərə görə fayda verir. Sözügedən layihələr regional inteqrasiyanı dərinləşdirməklə yanaşı, həm də sülh və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə indiyə qədər görülən və bundan sonra görüləcək işlərin əhəmiyyəti böyükdür”.
Vidadi ORDAHALLI