Azərbaycanda baş verən bəzi hadisələr Aİ-də qərəzli və başqa niyyətlərə əsaslanan formada qəbul edilir və açıq-aydın sezilir ki, AP-nin bəzi üzvlərinin Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqla bağlı gündəlikləri var - EURACTIV-ə yazılı müsahibəsində Cavanşir Feyziyev belə deyir.
Cavanşir Feyziyev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədridir. İxtisasca dilçi olan cənab Feyziyev 2010-cu ildə parlamentə üzv seçilməzdən əvvəl özəl sektorda çalışıb. 2015-ci ildə yenidən parlamentə seçilib.
- 17 yanvar tarixində AP tərəfindən qəbul edilən və Mehman Hüseynovun işinə sizin ölkə rəhbərliyi tərəfindən yanaşmaya olduqca tənqidi yanaşan “Azərbaycan, xüsusilə Mehman Hüseynov işi” adlı qətnaməyə sizin reaksiyanız nədir? Onun həbs olunma səbəblərilə bağlı sizin hökumətin versiyası nədir? Ölkənizdə liderin, məsələn prezidentin və yaxud vitse-prezidentin tənqid olunması mümkündür?
-İlk baxışda belə görünür ki, qəbul edilən Qətnamə sosial şəbəkələrdə yayılmış mənfi məlumatlara verilmiş reaksiyadır. Lakin biz AP üzvlərinin hadisə ilə bağlı doğruluğu yoxlanıla bilən mənbələrdən daha ətraflı məlumat toplamalarını gözləyərdik. Çünki bəzi hallarda sosial şəbəkələrdən alınan ilkin məlumatlar səhv ola bilir, eynilə bu halda olduğu kimi. Bu müzakirələrin təşəbbüskarı olmuş bəzi AP üzvləri Azərbaycandan olan həmkarları ilə əlaqə saxlamağa cəhd etdiklərinə dair fikirlər səsləndirdi, halbuki, onların azərbaycanlı həmkarları belə bir təşəbbüsdən xəbərdar deyillər. Ancaq bir hal istisna təşkil edir ki, həmkarım, PƏK-in Avropa Parlamentindən olan həmsədri cənab Səccad Kərim mənə zəng edib və Mehman Hüseynovun işi ilə bağlı narahatlığını bildirib, aramızda məlumat mübadiləsi olub (Səccad Kərim səsvermədə bitərəf qalıb – redaksiya).
Azərbaycanda mətbuat üzərində mövcud olan bütün məhdudiyyətlər 1996-cı ildə söz və ifadə azadlığına dair imzalanmış xüsusi bir fərmanla götürülüb. O vaxtdan etibarən hər hansı bir şəxsi, o cümlədən hökuməti, prezidenti və yaxud vitse-prezidenti tənqid etmək hər hansı problem doğurmayıb. Hazırda da siz Azərbaycan mətbuatında ölkənin siyasi liderləri və hökumət rəsmiləri haqda kifayət qədər tənqidi şərhlər tapa bilərsiniz. Söz və ifadə azadlığı, siyasi plüralism, toplaşma azadlığı qanunla təmin olunur. Hazırda mənim ölkəmdə 400 çap mətbuatı, 20-dən artıq müstəqil informasiya agentliyi, 11 milli televiziya kanalı, 4 peyk televiziya kanalı, 13 regional televiziya kanalı və 26 IP televiziya kanalı mövcuddur. Əhalinin 80 %-i internet istifadəçisidir. 10 milyon olan əhalimizin 3 milyondan artığı Facebook, LinkedIn, Twitter və digər bu kimi sosial şəbəkələrin müntəzəm istifadəçiləridir. 40-dan artıq internet xidməti verən provayderlərlə birlikdə ölkədə müasir IT infrastrukturu qurulub. Belə bir şəraitdə söz azadlığının məhdudlaşdırılmasından danışıla bilməz.
- Qətnamədə “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalardan və hökumət əleyhinə tənqidi səslərin susdurulması üçün qurama ittihamlardan istifadə edilməsinə dair iddialardan” xüsusi olaraq danışılır. Bu, ölkənizin imici üçün nə deməkdir? Yoxsa siz bu dəyərləndirmələrin ədalətsiz olduğunu deyəcəksiniz?
- Əlbəttə, təcili müzakirələrə dair təşəbbüsün olması və belə mənfi bir qətnamənin qəbul edilməsi ölkəmin imicinə zərər yetirir. Məni narahat edən də məhz odur ki, ölkəmə qarşı bu hücumun əsas məqsədi vətəndaş cəmiyyətinin hüquqlarının qorunması deyil, ölkənin imicinə mümkün qədər xələl gətirilməsidir. Ciddi şəkildə inanırıq ki, bu müzakirələrin təşəbbüskarlarının gündəmində məhz bu məqsəd var idi. Mən əminəm ki, mənim AP-də olan bir sıra həmkarlarımın həqiqi niyyəti ədalətə töhfə verməkdir, bununla belə, bəzilərinin tamam başqa gündəmləri ola bilər. Müzakirələr zamanı çıxış edənlərdən bəziləri mənim ölkəmə qarşı heç vaxt bitməyən, yaxşı əlaqələndirilmiş təbliğatlarına görə Azərbaycanda kifayət qədər tanınıblar.
- Qətnamə Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadiqov və sair kimi jurnalistlər, insan hüquqları müdafiəçiləri və digər vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla siyasi məhbusların adlarını çəkir və onları şərtsiz azadlığa buraxmağa çağırır. Bu baş verəcək? Əgər baş verməyəcəksə, nəticələrinin çox mənfi olacağını düşünmürsünüz?
- Siyasi məhbus olaraq adlandırılan şəxslərin siyahısı özündə Suriya və İraqa göndərmək üçün döyüşçü hazırlayan şəxsləri də ehtiva edir. Dolayısı ilə bu, obyektiv siyahı olmaqdan çox uzaqdır. Daha əvvəl də dediyim kimi, tənqid etməklə bağlı heç bir problem yoxdur, ancaq diffamasiya tam başqa bir nüansdır və dünyanın istənilən demokratiyasında qanun qarşısında cavabdehlik doğurur. Jurnalist hər hansı bir kəsin şəxsi detallarını qanunazidd olaraq yayırsa və yaxud qanunla qorunduğu halda bir kəsin şəxsi həyatına müdaxilə edirsə, qanunu pozmuş olur, mühakimə edilir və məhkum olunur. Yaxud jurnalist öz statusundan başqalarını şantaj etmək üçün istifadə edirsə və ya bu şantajı dayandırmaq üçün rüşvət alırsa, bu halda da mühakimə və məhkum olunur. Azərbaycanda mətbu qurumun qeydiyyatdan keçməsi çox sadədir: atmalı olduğunuz yeganə addım Ədliyyə nazirliyinə onlayn qaydada bildiriş göndərməkdir. Bəzi hallarda bəzi şəxslər bu imkanları jurnalist və ya QHT adı ilə immunitet qazanmaq və bununla da qanunazidd aktlar həyata keçirmək üçün istifadə edir. Əgər biz qanunun aliliyindən danışırıqsa, məhkum olunmuş hər bir insan yalnız məhkəmənin qərarı ilə azadlığı buraxıla bilər və bu qərar hər hansı bir siyasi qətnamənin təsiri altında ola bilməz və olmamalıdır.
- Düşünürsünüz ki, Aİ və onun bəzi siyasətçilərinin Azərbaycana qarşı mənfi yanaşması vardır? Sizcə onların motivasiyası nədir?
- Azərbaycanda baş verən bəzi hadisələr Aİ-də və ya onun bəzi siyasətçiləri tərəfindən qərəzli niyyətlərə səhv mühakirə edilir. AP-nin bəzi üzvlərinin Aİ-Azərbaycan yaxınlaşmasına mane olmaqla bağlı gündəlikləri var. Biz onları çox yaxşı tanıyırıq. Bunlar məhz o şəxslərdir ki, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, azərbaycanlıları öz doğma yurd-yuvalarında etnik təmizləməyə məruz qoyan Ermənistan hərbiçilərinə şüurlu şəkildə siyasi dəstək veriblər. Bu AP üzvləri qondarma Dağlıq Qarabağ Respublikasında keçirilmiş və Aİ və bütün beynəlxalq təşkilatların qanunsuz hesab etdiyi “yerli seçkilər”də müşahidəçi kimi iştirak edib. Onlar Azərbaycanın beynəlxalq imicini zədələmək üçün daimi olaraq AP və Aİ daxilində ölkəmə hücum edirlər. Onların hərəkətverici motivləri heç də hər zaman müqəddəs deyil. Onların Avropanın müxtəlif ölkələrində, o cümlədən bu şəxslərin öz ölkələrində yerləşən cinayətkar erməni qrupları tərəfindən maliyyələşdirildiyinə dair göstəricilər mövcuddur.
- Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfinin bu Qətnaməyə cavab planı nədir? Bu, daha yaxşı anlaşma və ya mövqelərin aydınlaşdırılması ilə bağlı olacaq yoxsa qarşıdurma gətirib çıxaracaq?
- Biz Mehman Hüseynovla bağlı vəziyyətin daha da aydınlaşdırılması və bu iddialara aydınlıq gətirilməsi işi ilə daha çox məşğul olacığıq. Qarşıdurma üçün hər hansı bir əsas yoxdur, biz ədalətli əməkdaşlıq arzu edirik. Mən təxmin edirəm ki, Qətnamənin təşəbbüskarları hesablarını bu ssenarinin tam əksinə qurmuşdular.
Azərbaycan davamlı əməkdaşlıqda maraqlı olan hər kəslə, ilk növbədə isə Aİ ilə ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlıq üçün açıq olan bir ölkədir. Mənim ölkəmdə son 10-15 ildə icraedici və qanunverici sahələrdə çoxsaylı islahatlar həyata keçirilib, əksəriyyəti də avropalı tərəfdaşlarımızın ekspertiziyası hesabına. Bunu nəzərə alaraq biz ölkəmizdə demokratiya və azadlıqların irəliləyişi ilə bağlı şübhəsi olan hər kəsi Azərbaycana səfər etməyə və reallıqların şahidi olmağa dəvət edirik.