Şəmsəddin Əliyev: “Sadə vətəndaşlar da bu mülayim yanaşmanı görüb qanunun aliliyinin qorunmasına öz töhfələrini verməlidirlər”
Ötən ilin sonlarında Fransada enerji daşıyıcılarının qiymətlərinin artırılması hökumət əleyhinə kütləvi iğtişaşların vüsət alması ilə nəticələndi. Həmin aksiyalar zamanı müşahidə olunan zorakılıqlar Avropa ölkəsi barədə olan bəzi təsəvvürləri də tamamilə alt-üst etdi.
Etiraz aksiyalarına qoşulanların böyük əksəriyyəti sarı jiletlər geydiyi üçün, aksiyaların adı da məhz o cür səslənməyə başladı. Nümayiş olunan kadrlardan açıq-aydın göründü ki, Fransa hökuməti, xüsusilə də polisi etirazçılarla çox sərt davrandı. Həmin etirazlar zamanı çoxlu sayda aksiya iştirakçısı həbs edildi, döyülərək yaralananlar və öldürülənlər də oldu.
Bir neçə gün əvvəl Bakıda da etiraz aksiyası keçirildi. “Məhsul” stadionunda təşkil olunan mitinqdən sonra aksiya iştirakçıları kütləvi şəkildə asayişi pozmağa cəhdlər edib. Həmin aksiyadan bir gün sonra isə əhalinin 20 Yanvar şəhidlərini kütləvi şəkildə yad etdiyi gün müxalif dairələr yenidən asayişi pozmağa cəhd etdilər. Hər iki hadisə zamanı polis nümayişçilərlə olduqca mədəni və sivil qaydada davrandı. Bunu nümayiş olunan videokadrlardan da görmək mümkündür. Fransadakı aksiyalar zamanı polisin davranışı ilə Bakıdakı aksiyalar zamanı olan asayiş keşikçilərinin rəftarı arasında hansı fərqləri görmək mümkündür?
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, müqayisə olunmayacaq dərəcədə fərqlidir: “Biz adını Avropa, insan haqlarının keşikçiləri qoyan ölkələrdə nümayişçilərlə necə davranıldığının şahidi olduq. Polis öz vətəndaşlarının üzərinə atla, itlə getdi. Həmçinin, su şırnaqlarından geniş istifadə olundu. Sonra isə keçidilər rezin güllələr və odlu silahın tətbiqinə. Nəticədə çoxlu sayda vətəndaş dünyasını dəyişdi və yaralandı. Biz Azərbaycanda bu mənzərəni görmürük. Polis bacardığı qədərilə aksiya iştirakçıları ilə mülayim davranır. Sanki ölçülüb-biçilmiş bir “qəlib” çərçivəsindəki rəftarın şahidi oluruq. Bu da bizim milli kimliyimizdən, polisə rəhbərlik tərəfindən verilən tapşırıqlardan irəli gəlir. Bu “qəlib” yalnız Azərbaycanda mövcuddur. Bu yaxınlarda biz “Avropa polisi ilə Azərbaycan polisinin fərqi” mövzusunda bir tədbir keçirdik. Orada bütün bunlar barədə ətraflı danışmışıq. Bu, eyni zamanda, Azərbaycan polisinə xalq tərəfindən bəslənən hörmət və ehtiramın təzahürüdür ki, asayiş keşikçiləri də bunu gözəl anlayırlar. Azərbaycan polisinə hər zaman tapşırılır ki, xalqla nəzakətlə davranılsın. Həm də polis də bilir ki, sadə vətəndaşların sırasında onun da qohumu, yaxını ola bilər. Çünki ölkəmiz o qədər də böyük deyil. Amma bu heç də kimlərəsə əsas verməməlidir ki, asayişi pozsunlar. Hesab edirəm ki, sadə vətəndaşlar da bu mülayim yanaşmanı görüb qanunun aliliyinin qorunmasına öz töhfələrini verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ