Seyid Camal Əzimbəyli: “Belə görüşlər sayəsində Azərbaycana xarici şirkətlərin marağı artır”
Prezident İlham Əliyev Davosda bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, dövlət başçısı müxtəlif ölkələrin dövlət başçıları və böyük şirkət rəhbərləri ilə görüşüb.
Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklnerni ilə görüşdə şirkət rəhbəri bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyevlə görüşmək olduğunu vurğulayıb.
Eyni zamanda, ölkə başçısının BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub. Görüşdə Azərbaycanla BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa, Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb.
Bununla yanaşı, ölkə Prezidenti “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb. Söhbət zamanı Bill Makdermot Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu vurğulayıb və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirib.
Davosda Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin də görüşü olub.
Ümumilikdə, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu kimi görüşlərin bir sıra əhəmiyyəti var: “Prezidentin keçirdiyi ikitərəfli görüşlərin həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyəti böyükdür. Siyasi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, münasibətlər daha da inkişaf edir. İqtisadi faydası isə çoxşaxəlidir. Belə görüşlər sayəsində Azərbaycana xarici şirkətlərin marağı artır. İşgüzar əlaqələrin qurulması üçün yeni-yeni imkanlar yaranır. Ölkəyə xarici sərmayənin gəlməsi üçün əlavə imkanlar açılır. Ümumilikdə, zaman-zaman Prezident İlham Əliyev bu kimi beynəlxalq tədbirlərdə ikitərəfli görüşlərə önəm verir. Müşahidələr göstərir ki, bu kimi görüşlərin mühüm əhəmiyyəti var”.
Vidadi ORDAHALLI