Məhərrəm Zülfüqarlı: “Onlar bu taktikanın fayda vermədiyini bilmələrinə rəğmən, yenə köhnə metodlardan istifadə edirlər”
1993-cü ildə Azərbaycanda hakimiyyətdən gedən siyasi qüvvələr hələ də mitinq keçirir və iyirmi beş ildir eyni taktikadan istifadə olunur. Forma və məzmunca fərqlənməyən aksiyalara üstünlük verilir. Müxalifətin bir qanadı mitinq keçirir, sonra eyni düşərgədən çıxan digər qanadı mitinq keçirir. Mitinqlərin keçirilməsi guya müxalifətin hələ də ortada olması və mübarizə aparması barədə rəy formalaşdırır. İstənilən halda, reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda yüz minlərlə insan müxalifətin aksiyalarına qarşı biganədir.
Bunu anlamaq da mümkündür. Məsələ ondadır ki, insanlar sözügedən qüvvələrə inanmadığı üçün onların arxasınca getmirlər. Siyasi proseslərdə iştirak edən tərəflərin hamısının səmimiyyətinə inanmırlar. Mübarizənin effektli ola biləcəyinə inam yoxdur, elektorat müxalifətdaxili didişmələrdən bezib. Bəzən görürsən ki, müxtəlif birgə aksiyalarla bağlı çağırışlar səslənir. Ancaq müşahidələr göstərir ki, birgə aksiyalarda da hansısa kütləvilik alınmır. Mövcud reallıq həm də bundan ibarətdir ki, onsuz da müxalifətin birləşib-birləşməməsi Azərbaycanda şəraiti köklü şəkildə dəyişməyə qadir deyil.
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi tarixinə nəzər salsaq görərik ki, bir vaxtlar aksiyalar mövsümi xarakter kəsb edib. Ancaq indi həmin metodlar da hər hansı bir effekt vermir. Belə köhnə metodlarla insanları cəlb etmək mümkün olmur. Müxalifətin sonsuza qədər aksiyalar keçirmək taktikası artıq lazımi effekt vermir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Müxalifət 25 ildir tətbiq etdiyi mitinq taktikasında müsbətə doğru hansısa dinamiklik yarada bilibmi?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, müxalifətin keçirdiyi mitinqlər nə məzmunca, nə də formaca müsbətə doğru nəyisə dəyişə bilməyib: “Bunu ötən illərin təcrübəsi də göstərir. Müxalifət özü köhnə metodlar üzərində ilişib qalıb. Bunun özü müxalifəti uçuruma yuvarlayır. Onlar bu taktikanın fayda vermədiyini bilmələrinə rəğmən, yenə köhnə metodlardan istifadə edirlər. Nəticədə sosial dayaqlarını tamamilə itirirlər. Ona görə də belə mitinqlərin heç bir əhəmiyyəti yoxdur və bununla nəyəsə nail olmaq mümkün deyil. Digər tərəfdən, müxalifətin aksiyaları çox vaxt xaricdən sifariş olunur. Necə ki, Avropa İttifaqından Azərbaycana qarşı təzyiqlər başlayır, müxalifət mitinqlərə start verir. Deməyim odur ki, bütün bunlar köhnə metodlardır və biz bunu görə-görə gəlmişik. Məqsədləri odur ki, Qərb Azərbaycana təzyiqləri artırsın. Ancaq şükürlər olsun ki, Azərbaycan dövləti əvvəlkindən qat-qat güclüdür. Belə taktika ilə onlar nəyəsə nail ola bilməyəcəklər. Hamımız çalışmalıyıq ki, dövlətimiz daha da güclü olsun”.
Vidadi ORDAHALLI