Şakir Ağayev: “Bu cür hadisələri qəbuledilməz sayıram”
Elə müqəddəs məkanlarımız var ki, onların ucalığını, qutsallığını xalq olaraq qorumağa borcluyuq. Şəhidlər Xiyabanı belə ünvanlardandır. Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın uyuduğu bu məkan müqəddəs, uca şəhidliyin simvoluna çevrilib. Hər kəs bu ünvana həm böyük hörmətlə, həm də fəxr hissilə üz tutmalı, şəhidlərimizin ruhunu yad etməlidir. Təəssüf ki, xalqımızın, dövlətimizin müqəddəslik simvoluna çevrilən Şəhidlər Xiyabanına siyasi qarşıdurma meydanı kimi yanaşmağa cəhd göstərənlər də var.
Bir qrup şəxsin Şəhidlər Xiyabanını siyasi qarşıdurma meydanına çevirməyə cəhd göstərməsi bu məkanın tarixi müqəddəslik missiyasına nə qədər mənfi təsir göstərir?
“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, hər bir vətəndaş Şəhidlər Xiyabanını müqəddəslik simvollarımızdan biri olaraq qəbul etməyə borcludur. O hesab edir ki, bu məkanda uyuyan insanlar xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda ediblər. Bu ünvanı siyasi qarşıdurma meydanına çevirmək istəyənlərin qara niyyətli olduqlarını vurğulayan Ş.Ağayevin sözlərinə görə, onların burada xuliqanlıq törətməsi, xaos yaratması şəhidlərin ruhuna hörmətsizlik olmaqla yanaşı, o insanların özlərinə mənfi imic qazandırır. “Şəhidlər Xiyabanına şəhidlərimizi ziyarətə gedərkən heç bir ziyarətçi özünü fərqləndirməməlidir. Hamı bütün tələblərə eyni qaydada əməl etməlidir. Bu müqəddəs yerdə hansısa qüvvələrin xaos, siyasi qarşıdurma yaratması qəbuledilən deyil. Bura xuliqanlıq, siyasi qarşıdurma meydanı deyil, bu məkan xalqımızın müqəddəs and yeri, milli şəhidlik simvolu olan Şəhidlər Xiyabanıdır. Bəziləri çıxış etmək üçün oranı seçməməlidir. Çıxış üçün müxtəlif yerlər var, məkanlar var. Şəhidlər Xiyabanının qarşısında, növündən asılı olamayaraq, istənilən çıxışa yol vermək olmaz. Bəziləri özünü reklam etmək, bəziləri narazılıqlarını nümayiş etdirmək üçün bu məkanı seçmək istəyir. Bu cür hadisələri qəbuledilməz sayıram”.
Ş.Ağayev qeyd etdi ki, bütün ölkələrdə bu cür məkanlar var. Hər ölkənin öz şəhidini həmin məkanda dəfn etdiyini deyən Ş.Ağayev qeyd etdi ki, şəhidlərin dəfn edildiyi yer müqəddəs ünvan kimi hər zaman qorunur. “Şəhidlər Xiyabanı hər zaman insanların ziyarət etdiyi, baş əydiyi, müqəddəs bildiyi bir məkandır. Vətən uğrunda şəhid olan insanların ruhuna, xatirəsinə ehtiram göstərməyə hər kəs borcludur” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA