Məhəmməd Əsədullazadə: “Bütün bunlar "Human Rights Watch”ın diqqətindən yayınmayıb və tənqidlər artıb”
Ermənistanın yeni hökuməti bütün saxlanan şəxslərin hüquqlarına hörmət etməli və məhkəmə orqanlarının müstəqilliyini təmin etməlidir. Məlum olduğu kimi, bu barədə "Human Rights Watch” təşkilatının "World Report 2019” hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, yeni hökumət 2008-ci ilin martında baş vermiş toqquşmalarla bağlı araşdırmaları bərpa edib və o dövrün prezidenti Robert Köçəryan və iki komandir barəsində ittihamlar irəli sürüb.
Hesabata əsasən, Ermənistanda insan hüquqları ilə bağlı problemlər arasında məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq və ayrıseçkilik, fiziki məhdudiyyətli uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının azlığı yer alır.
Müəlliflər vurğulayırlar ki, seçki ərəfəsində ölkədə siyasi partiyalar və bəzi siyasətçilər geniş yayılmış homofobiya amilindən istifadə etməyə çalışır və öz çıxışlarında alçaldıcı açıqlamalar səsləndirirdilər: “Azad və ədalətli səsverməni təmin etmək Ermənistanın yeni rəhbərliyi üçün ilk vacib addımdır. Ancaq bu yalnız başlanğıcdır. Hakimiyyət bu mandatdan yararlanaraq insanları küçəyə çıxarmış insan haqları problemlərinin həlli üçün islahatları gerçəkləşdirməlidir”.
"Human Rights Watch” onu da qeyd edib ki, Ermənistanda bir sıra uşaq tədris müəssisələrinin təkmilləşdirildiyi bir vaxtda bu cür proqramlar digər uşaqlarla yanaşı, əlil uşaqları əhatə etməyib: "Mövcud qanunvericilik psixososial və əqli pozuntuları olan şəxsləri cəmiyyətdə hər hansı bir fəaliyyətə qoşulması imkanından məhrum edir. Ölkədə bu cür şəxslərə yardım əldə edə bilmək imkanı verən qaydalar sistemi mövcud deyil”.
Diqqətçəkən məqamlardan biri odur ki, "Human Rights Watch”ın Ermənistana yönəlik tənqidləri artıb. Çünki Ermənistanda 2015-ci ilin dekabrında keçirilən referendum, 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı ciddi pozuntulara və saxtakarlıqlara yol verilmişdi. Ancaq həmin vaxt "Human Rights Watch”ın Ermənistana yönəlik tənqidləri elə də böyük deyildi. Müşahidələr göstərir ki, əvvəlki dövrlərlə müqayisədə Ermənistana qarşı tənqidlər xeyli artıb.
Maraqlıdır, Ermənistana aid tənqidlərin artması nə ilə bağlıdır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanda demokratiya ilə bağlı gözləntilər özünü doğrultmayıb: “Ermənistanda ötən ilin axırında keçirilən seçkilərə baxmayaraq, demokratiya ilə bağlı gözləntilər özünü doğrultmadı. Məsələ ondadır ki, “məxməri inqilab”dan sonra cəmiyyət və beynəlxalq təşkilatlar demokratik seçki gözləyirdilər. Ancaq biz bunun tam əksini gördük. Çünki Paşinyan özünə alternativ olanları siyasi səhnədən sıxışdırb həbsxanalara göndərdi. Bununla belə, digərlərinə qarşı cinayət işi açdırıb. Demək olar ki, Ermənistandakı seçkilər siyasilərə qarşı cinayət işinin açılması və müxalifətin sıxışdırılması kölgəsində keçirildi. Hesab edirəm ki, bütün bunlar "Human Rights Watch”ın diqqətindən yayınmayıb və tənqidlər artıb. Beynəlxalq təşkilatın bu mövqeyi obyektivliyi özündə əks etdirir. Seçkilərdə "Mənim addımım " siyasi bloku inzibati resurslardan istifadə edib. Hətta xalqın bu seçkilərdə kütləvi şəkildə iştirak etməsinə baxmayaraq, bülletenləri seçki komissiyasının üzvləri topa şəkildə hakimiyyət xeyrinə qutuya atıblar. Bu cür saxta yollarla Paşinyan seçkidə qalib gəlib. Ermənistanda əhalinin seçkidə iştirakı yüksək gözlənilmirdi. Onlar hesab edirdilər ki, Paşinyan qalib olacaq və alternativ yoxdur. Boş qalan bülletenlərin qutuya atılması göstərir ki, Paşinyan saxtakarlıqla seçkini legitimləşdirdi. Bu seçki baş tutmamalı idi. Ona görə ki, xalq bu seçkidə iştirak etməmişdi. O üzdən, beynəlxalq təşkilatar seçkidə pozuntu hallarını qeydə alıb və hökumətə qarşı sərt bəyanatlar verirlər”.
Vidadi ORDAHALLI