Əkbər Qoşalı: “Onlar yalnız öz ölkələrində deyil, daşıyıcısı olduqları dil vasitəsilə daha böyük auditoriyada izlənir”
Prezident İlham Əliyev Davosda çoxsaylı tamaşaçı auditoriyası olan Rusiya və Çin telekanallarına müsahibə verib. Belə ki, “Rossiya-1” televiziya kanalına müsahibəsində Prezident dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Eyni zamanda, dövlət başçısı Davosda Çinin məşhur CGTN (China Global Television Network) televiziya kanalına da müsahibə verib. Prezident müsahibəsində Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub. Daha sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.
Görünən odur ki, Prezident İlham Əliyevin fikirlərinə, nüfuzuna dünyanın müxtəlif tanınmış telekanalları maraq göstərir və onun açıqlamalarına həvəslə yer verirlər. Rusiya əhalisinin 150 milyon nəfər olduğunu nəzərə alsaq, burada söhbət on milyonlarla tamaşaçı auditoriyasından gedir. Çinin əhalisi isə 1 milyard 500 milyon nəfərdir. Nəticədə yüz milyonlarla tamaşaçı Prezident İlham Əliyevin fikirləri ilə tanış olmaq imkanı əldə edir. Ümumilikdə, çoxsaylı auditoriyası olan telekanalların Prezidentə olan bu cür yüksək marağı hansı zərurətdən irəli gəlir?
Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı bunu Prezident İlham Əliyevin dünyada olan böyük nüfuzu ilə əlaqələndirdi: “Davos artıq neçə ildir hər yeni ilin ilk ayının son ongünlüyü ərzində beynəlxalq ictimaiyyətin, özəlliklə medianın diqqət mərkəzində olur. Bu da, bəlli olduğu kimi, səbəbsiz deyil. Məsələ ondadır ki, Dünya İqtisadi Forumu hazırda iki mindən artıq iştirakçını qonaqlayan böyük quruma çevrilib. Forum üçün Davosa gələn iştirakçıların çoxu iri şirkərlətlərin başçıları, habelə bir neçəsi dövlət və hökumət başçısıdır. Beləliklə, medianın müsahibə ala biləcəyi, fikrini öyrənə biləcəyi yetərincə liderin Davosda olduğu aydındır.
Böyük auditoriyaya malik Çin və Rusiya TV-lərinin Davos Forumunda iştirak edən Prezident İlham Əliyevin fikirlərini öyrənməsi sıradan hadisə deyil. Onlar yalnız öz ölkələrində deyil, daşıyıcısı olduqları dil vasitəsilə daha böyük auditoriyada izlənir. Ərazicə ən böyük ölkə - Rusiyanı, əhalicə ən böyük ölkə - Çini təmsil edən TV-lərin bizim dövlət başçımızdan müsahibə alması sayğının, öz auditoriyalarının tələbatının və ümumən dünya ictimai-siyasi fikri üçün hansı düşüncələrin maraqlı olmasının ifadəsidir”.
Ə.Qoşalının fikrincə, Azərbaycanın son illər ümumdünya proseslərində aktiv münasibətlərlə yer alması bütün bunlara öz təsirini göstərir: “Xüsusilə də sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri, bölgənin iqtisadi mənzərəsinə təsir edən iqtisadi layihələrlə çıxış etməsi, uğurlu və davamlı nəticələrlə sıx bağlıdır. Bunlarla yanaşı, belə müsahibələri bizimçün dəyərli edən bir məqam da ondan ibarətdir ki, bizim əleyhimizə mütəşəkkil kriminal dəstə kimi silahlanmış, qara hörümçək toru kimi şəbəkələşmiş erməni diasporu az qala hər yerdə, hər fürsətdə “əli tətikdə” durubsa, artıq hər platforma, hər toplantı və hər televiziyanı özünəməxsus şəkildə dəyərləndirməliyik. Dəyərləndirməliyik ki, həqiqətlərimizi çatdıraq, doğruları paylaşaq.
Bilirsiniz, həqiqətləri yaymaq elə bir məsələdir ki, orada mövzu, məkan, auditoriya ilə yanaşı, bəlkə daha artıq dərəcədə bizim nəyi necə çatdırmağımız önəm daşıyır. Əgər mikrofon önündəki ölkə başçısıdırsa, deməli, ən səhih, əhatəli və deyilməsi vacib olan bilgilər paylaşılacaq. Bax, bütün bu deyilənlər Çin və Rusiya televiziyalarının cənab İlham Əliyevə müvafiq suallarla müraciət etməsinin və bu müsahibələrin bizimçün dəyərini bir daha göstərməkdədir. Bu baxımdan şübhəsiz ki, dövlət başçımıza yeni müsahibələrlə bağlı müraciətlər də olacaq”.
Vidadi ORDAHALLI