Baba Vəziroğlu: “Mehmanı öz məqsədləri üçün alətə çevirmək istəyənlər indi görsünlər ki, o, üzünü onlara yox, Prezidentə tutub ondan dəstək istəyir”
Məlum olduğu kimi, həbsdə olan bloger Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb. M.Hüseynov Prezident İlham Əliyevdən onunla bağlı araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib. O əmin olduğunu bildirib ki, dövlət başçısının müdaxiləsi olarsa, işi üzrə qərar ədalətli olacaq.
M.Hüseynov Prezidentə ünvanladığı müraciətdə 2 ilə yaxındır cəza çəkdiyini, bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə aralarında hər hansı xoşagəlməz hadisə olmadığını, həmişə rejimə əməl etməyə çalışdığını qeyd edib. Lakin ötən il dekabrın 26-da cəza çəkdiyi müəssisədə insident baş verdiyini və bu hadisəyə görə günahlandırıldığını bildirib. O, baş vermiş hadisədə günahı olmadığını vurğulayıb.
M.Hüseynov 2 mart tarixində cəzasının müddətinin bitdiyini, bu tarixi çox gözlədiyini, yenidən məhkum olunmaq, cəza almaq istəmədiyini deyib. O, kiminsə hərəkətinə görə məsuliyyət daşımadığını, amma kiminsə onun vəziyyətindən öz məqsədləri üçün istifadə etməsini istəmədiyini də qeyd edib.
M.Hüseynovun Prezident İlham Əliyevə müraciətinə müsbət yanaşdığını bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev M.Hüseynovun müraciətini cavabsız qoymayacaq. Prezident İlham Əliyevin ona edilən hər bir müraciətə həssaslıqla yanaşdığını deyən B.Vəziroğlu hesab edir ki, M.Hüseynov öz səhvini anlayıb. “M.Hüseynov Azərbaycan vətəndaşıdır. O hazırda məhkum həyatı yaşayır. Barəsində ədalətli qərar çıxarılması üçün o, cənab Prezidentə müraciət edib. İlham Əliyevin Mehmanın müraciətinə həssas yanaşacağına əminəm. Bu gün çox təəssüf ki, Mehmanın adından sui-istifadə edən insanlar var və onlar bizim daxilimizdəki bəzi qüvvələrdir. Onlar Mehmanla bağlı adi bir cinayət hadisəsini beynəlxalq qurumlara qədər aparıb çıxardılar. Mehmanı öz məqsədləri üçün alətə çevirmək istəyənlər indi görsünlər ki, o, üzünü onlara yox, Prezidentə tutub ondan dəstək istəyir. Hesab edirəm ki, bütün bu hadisələr Mehmana bir dərs olmalıdır. O hələ cavandır. Ancaq o indi yaxşı bilir ki, kimlər, hansı qüvvələr ondan alət kimi istifadə etmək istəyirlər. Özü yazıb ki, mənim adımdan sui-istifadə edənlər var. Bəli, o, həbsdən çıxmaq istəyir. Ona görə ki, həbs həyatının nə olduğunu artıq anlayıb. İnanıram ki, Prezident M.Hüseynovla bağlı humanist qərar qəbul edəcək. Prezident ona ünvanlanan müraciətlərin heç birinə biganə qalmır” - deyə B.Vəziroğlu bildirdi.
İradə SARIYEVA