Vüqar Rəhimzadə: “Bu yaramazlar nə milləti, nə də vətəni düşünürlər”
Məlum olduğu kimi, Ümumxalq Hüzn Günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar özünü Milli Şura adlandıran qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.
Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam-intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxıb.
Həmin gün səhər tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçiblər. Ancaq saat 15:00-da öz tərəfdarları ilə Şəhidlər Xiyabanına gələn Milli Şura təmsilçiləri nümayişkəranə şəkildə keçid qaydalarına riayət etməyəcəklərini bildiriblər. Daha sonra Milli Şura tərəfdarları kordonu yararaq polislə qarşıdurma yaradıblar. Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanıb. Rəsmi məlumata görə, saxlanan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib.
Görünən odur ki, radikal müxalifət təmsilçiləri mitinqlərə adam cəlb edə bilmədikləri üçün, hər keçən gün daha gülünc vəziyyətə düşürlər. İctimai dəstək qazana bilməyən bu qüvvələr müxtəlif pozucu vasitələrə əl ataraq süni qarşıdurma yaratmağa cəhd göstərirlər. 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar yaranan süni insident də bunun əyani göstəricisidir.
Maraqlıdır, bu cür pozuculuq aksiyaları ilə Milli Şura nəyə nail olmaq istəyir?
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, həmin qüvvələr ölkədə sabitliyi pozmaq istəyirlər: “Gör bunlar nə qədər azğınlaşıblar ki, Ümumxalq Hüzn Günü ölkədə sabitliyi pozmaq istəyirlər. Öz çirkin, yaramaz, ləyaqətsiz, şərəfsiz əməllərini camaata sırımaq istəyirlər. Yəni sözügedən anım mərasimində iğtişaş törədir və ora gələn insanlara qarşı kobud rəftar edir, asayışı pozmağa cəhd edirlər. Hesab edirəm ki, bunlar erməni lobbisindən, anti-Azərbaycan qüvvələrindən aldıqları sifarişi həyata keçirməyə təşəbbüs göstərirlər. Gör bunlar nə qədər azğınlaşıblar ki, heç bir mental dəyəri belə nəzərə almırlar. 20 Yanvar Ümumxalq Hüzn Günüdür. Həm də Azərbaycan tarixində şərəfli gündür. Qanlı və şərəfli tarixdir. Ancaq bu yaramazlar nə milləti, nə də vətəni düşünürlər. Bunlar öz çirkin niyyətlərinə çatmaq üçün ən sonuncu vasitələrdən istifadə edirlər. Öz havadarlarına göstərirlər ki, sifarişi yerinə yetirdik. Deməyim odur ki, bu insanlar ləyaqətsiz və şərəfsiz şəxslərdir. Hüquq-mühafizə orqanlarına və insanlara qarşı kobud rəftar, şəhidlərə hörmətsizlik etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Ən başlıcası, ictimai qınaq olmalıdır. Onların kim olduğunu insanlar bilməlidirlər”.
Vidadi ORDAHALLI