Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə tənzimlənməsi üçün cari il ərzində diplomatik fəallığın xeyli yüksək olacağı gözlənilir. Real vəziyyət isə proseslərin Azərbaycanın maraqları çərçivəsində gedəcəyini, ölkəmizin konfliktin güc müstəvisində yox, dinc şəkildə həllində böyük nailiyyətlərə imza ata biləcəyini deməyə əsas verir.
Məsələ burasındadır ki, indiyə qədər atılan addımlarla Azərbaycan mühüm beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Ermənistanı işğalçı dövlət kimi tanıdıb. Bunun nəticəsində Ermənistanın zəbt olunmuş ərazilərdəki separatçı rejimin tanınması istiqamətindəki bütün səyləri iflasa uğrayıb.
Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə keçirilən görüş də qeyd edilən istiqamətdə ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Çünki məhz burada danışıqların Ermənistan və Azərbaycan arasında davam etdirilməsi qəti olaraq müəyyənləşdirilib. Buna görədir ki, Parisdə həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşün keçirilməsinə dair qərar qəbul edib. Bu olduqca önəmli bir məqamdır və İrəvanın Dağlıq Qarabağ separatçı rejiminin danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bütün səylərinin üstündən xətt çəkir. Paris müzakirələrində bu xüsusda İrəvanın sözügedən təklifinin rədd edilməsi Azərbaycanın mühüm diplomatik uğurudur. Beləliklə, heç bir halda danışıqlarda Azərbaycan sərhədlərinin toxunulmazlığının müzakirəsindən söhbət gedə bilməz. Söhbət yalnız Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində veriləcək statusdan gedə bilər. Elə bu səpkidə də danışıqlar davam etdiriləcək. Amma Azərbaycanı maraqlandıran məqam təkcə danışıqların davam etdirilməsi deyil. Bakı artıq real nəticə verən danışıqların baş tutmasını istəyir və bunda da israr edir. Verilən açıqlamalar yenə də hadisələrin məhz bu səpkidə inkişafına dair əminlik yaradır. Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal da bildirir ki, son bir neçə ildə ilk dəfədir Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur.
Ekspertin sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir: “Sözügedən görüşdən sonra ATƏT-in həmsədrləri olduqca həvəsləndirici, ümid vəd edən bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim. Nə dəyişdi? Aydındır ki, Ermənistanda legitimliyi olan və rəhbərləri 1990-cı illərin müharibəsində birbaşa iştirak etməyən bir hökumətin hakimiyyətə gəlməsi dinamikanı dəyişdi.
Azərbaycan tərəfi də Qərb tərəfdaşlarına müsbət təkliflər irəli sürə bildiyini sübuta yetirmək istəyir. Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin “əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti” ilə razılaşması faktı oldu. Bu yeni bir şeydir - sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır. Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq. İki tərəfin də mövqeyi hələ də çox uzaqdır. Onlar 2016-cı ilin aprelindən müharibə astanasında idi. Mən bunun vəziyyəti sabitləşdirmək və sülh prosesinin yenidən başlanğıcı üçün atılmış hər hansı bir addımdan daha güclü olduğunu düşünürəm”.
Burada bir daha qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını” bəyan edib. XİN-in sözçüsü Leyla Abdullayeva deyib ki, iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşıb. Erməni siyasi şərhçi Stepan Safaryan bununla ilgili “Kavkazski uzel” portalına bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin yenidən gündəmə gətirilməsi cəhdlərində İrəvan daha çox uduzan tərəf qismində çıxış etməkdədir. Onun fikrincə, hazırkı mərhələdə tərəflər arasında etimad atmosferinin formalaşdırılması və əlaqələrin qurulması üçün imkanlar axtarılır: “Bu, danışıqlar prosesinin bir hissəsidir. Lakin onu danışıqların predmeti adlandırmaq çətindir, çünki bu məsələ bilavasitə münaqişənin tənzimlənəsinə və onun həlli variantlarına aid deyil. Hələ ki, danışıqlar üçün zəmin yaratmağa çalışırlar”. Eyni zamanda siyasi icmalçı qeyd edib ki, erməni tərəfi burada Azərbaycan qarşısında geri çəkilir. O, buna konkret nümunə kimi qeyd edib ki, erməni tərəfi Vyana razılaşmasının həyata keçirilməsini danışıqların gündəliyinə daxil etməyib. Onun müşahidələrinə əsasən, bu cür tendensiya 2017-ci ilin oktyabrında Cenevrədə keçirilmiş görüşdən sonra nəzərə çarpır. Xatırladaq ki, ötən il Azərbaycan və Ermənistan Vyanada atəşkəs rejiminə riayət olunması ilə cəbhədə müvafiq mexanizmlərin tətbiq olunmasına dair razılıq əldə edib. Lakin sonradan Ermənistanın Qarabağ məsələsinəd desrtuktiv mövqeyi səbəbindən bu mexanizmin tətbiqi gündəmdən çıxdı. Bakı hələlik bu məsələyə razılıq vermir və məlumatlar göstərir ki, nazirlərin Paris görüşündə Azərbaycanın bu xüsusda istəkləri erməni tərəfindən qəbul edilib.
İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan isə hesab edir ki, nazirlərin Paris görüşündən sonra dialoq qurmaq cəhdləri edilir ki, bu da gələcəkdə daha konkret məsələlərin təfərrüatlı müzakirəsi üçün əsas rolunu oynaya bilər. Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan isə vurğulayır ki, Paris görüşündən sonra xarici işlər nazirlərinin xalqları sülhə hazırlamaq barədə razılığa gəlməsi onu deməyə əsas verir ki, danışıqlarda hansısa irəliləmə var və bu da müsbət haldır: “Hansısa müəyyən danışıq prosesi olub. Deməli, nə isə müzakirə ediblər, sonra çıxıb bəyanat veriblər. Bəs, xalqları sülhə hazırlamaq nə deməkdir? Bu o deməkdir ki, hansısa plan müzakirə olunub. Bəlkə də Ermənistan və Azərbaycanın mövqeyində yaxınlaşma olub, çünki siz xalqı sülhə hazırlamaq istəyirsizsə, demək, nəyisə razılaşdırmısınız. Amma nəyin razılaşdırıldığını hökumətlərdən soruşmaq lazımdır. Azərbaycan prosesdən məmnun görünür”. Bunu sabiq prezident Serj Sarksiyanın sədri olduğu Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da təsdiq edir: “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Paris görüşü haqqında bəyanat qənaətbəxş deyil. Bu bəyanatda öz müqəddəratını təyin etmə məsələsi haqqında heç bir söz yoxdur. Paşinyan deyir ki, danışıqlar prosesi yoxdur. Danışıqlar prosesi yoxdursa, nazirlər 4 saat nədən danışırdılar? Hava durumundan danışırdılar, yoxsa bir-birindən “işlərin necədir” deyə soruşurdular?”. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyətinin təcrübəsizliyi Qarabağ məsələsində erməni tərəfinin mövqelərinin itirilməsi ilə nəticələnir: “Məmmədyarov bəyan edir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verməyə hazırdırlar, buna Ermənistandan heç kim reaksiya vermir. Deməli, hakimiyyət buna razılaşır. Biz görürük ki, İlham Əliyev və Elmar Məmmədyarovda danışıqlarla bağlı ümid var. Bizə çox maraqlıdır ki, bu ümid nə ilə bağlıdır. Ermənistan hakimiyyəti, öz növbəsində, heç bir konkret dəyərləndirmə etmir. Hökumətin təcrübəsizliyi sayəsində Ermənistan danışıqlar prosesində öz mövqeyini itirir”. Eyni zamanda, onun sözlərinə görə, istədiyini almasa, Azərbaycan problemin hərb yolu ilə həlli ideyasından imtina etməyəcək.
Rusiyalı ekspert Aleksey Fenenko isə bildirir ki, əslində, Paşinyanın əraziləri dinc yolla qaytarmaqdan başqa yolu da yoxdur və erməni cəmiyyəti də bununla barışmalıdır: “Nikol Paşinyanın komandası indi elə bir vəziyyətdədir ki, Dağlıq Qarabağ münaqişəsinin praktiki nizama salınmasına keçidi daha az təhlükəli hesab edirlər, nəinki mövcud status-kvonun saxlanması və danışıqlardan çəkilməyi”. Fenenko qeyd edib ki, gündəlikdə ilk növbədə Ermənistanın Qarabağ ətrafındakı rayonları azad etməsi var: “Bu rayonların azad edilməsi məsələsi hələ 2016-cı ildə Sankt-Peterburq görüşündə razılaşdırılmışdı. Bu məsələ hazırda bir nömrəli amildir. Söhbət Qarabağ ətrafındakı rayonların beşinin ilkin mərhələdə azad edilməsindən gedir, sonra digər rayonlar azad ediləcək və Qarabağın statusu ilə bağlı müzakirələr başlanacaq. Rusiya rəhbərliyi hazırda Ermənistanın yeni rəhbərliyini Vyana və Sankt-Peterburq razılaşmalarına qaytarmaqla məşğuldur”. Rusiyalı ekspert hesab edir ki, Paşinyanın Qarabağ məsələsində güzəştə getməsinə ciddi stimul var: “Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gələndə Qərbin yardımına ümid edirdi, hesab edirdi ki, ABŞ və Fransa Azərbyaycana təzyiq göstərəcək. Lakin o, son aylar bu ölkələrə səfərlərdən sonra bir qədər inamını itirdi. ABŞ və Fransa Azərbaycan-Ermənistan münaqişəsinə görə Türkiyə ilə dalaşmaq istəmir. Onlar Rusiyaya, İrana və qismən də Türkiyəyə qarşı Ermənistandan həvəslə istifadə edirlər, lakin İrəvanın maraqlarını müdafiə etməyəcəklər. Paşinyan üçün indi geri çəkilməkdən və razılaşmadan başqa yaxşı yol yoxdur. Digər tərəfdən, o güzəştə getməsə, Rusiya ciddi təzyiqlərə başlayacaq”. Əslində, Rusiyadan bunun ilkin siqnalları da verilməkdədir. Moskva İrəvandan Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmasını istəyir. Beləliklə, hadisələrin inkişaf axarı göstərir ki, Qarabağ məsələsində proseslər Azərbaycanın maraqları çərçivsəsində cərəyan edir. Bu da münaqişənin tezliklə dinc müstəvidə həllini istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.