Azər Həsrət: “Hesab edirəm, Mehman Hüseynovun ölkə başçısına etdiyi müraciətə lazımi şəkildə diqqət göstəriləcək”
Həbsdə olan Mehman Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. “Trend”in məlumatına görə, M.Hüseynov müraciətində 2 ilə yaxındır cəza çəkdiyini, bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə aralarında hər hansı xoşagəlməz hadisə olmadığını, həmişə rejimə əməl etməyə çalışdığını qeyd edib. Lakin ötən il dekabrın 26-da cəza çəkdiyi müəssisədə insident baş verdiyini və bu hadisəyə görə günahlandırıldığını bildirib. O, baş vermiş hadisədə günahı olmadığını vurğulayıb.
M.Hüseynov 2 mart tarixində cəzasının müddətinin bitdiyini, bu tarixi çox gözlədiyini, yenidən məhkum olunmaq, cəza almaq istəmədiyini deyib. O, kiminsə hərəkətinə görə məsuliyyət daşımadığını, amma kiminsə onun vəziyyətindən özü üçün istifadə etməsini istəmədiyini də qeyd edib. M.Hüseynov bildirib ki, onu yalnız bir şey maraqlandırır, o da azadlığa çıxmaqdır. Ona yeni cəza verilməsinin tək qalmış 70 yaşlı atası üçün də böyük zərbə olacağını qeyd edib.
M.Hüseynov Prezident İlham Əliyevdən araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib. O, əmin olduğunu bildirib ki, dövlət başçısının müdaxiləsi olarsa, işi üzrə qərar ədalətli olacaq.
Mehman Hüseynovun ölkə başçısına yazdığı mətbubla bağlı mövqeyini “Bakı-Xəbər”lə bölüşən media eksperti Azər Həsrət bildirdi ki, onun addımını doğru qiymətləndirir: “Biz kiminsə həbsxanada qalmasını istəməzdik. Xüsusilə də ömrünün gənc yaşlarında. Həyat belədir ki, həbsxanaya düşməkdən də kimsə sığortalanmayıb. Amma həmin yerdə də gərək insanlar islah olunsun, səhvlərini başa düşsün. Ağlı yerində olan adamlar həbsxanaya düşəndən sonra doğru nəticə çıxara bilir. Mehman Hüseynovun cənab Prezidentə etdiyi müraciəti çox normal dəyərləndirirəm. Hiss edilir ki, o öz üzərində yaxşı işləyib. Düşünürəm ki, həmin gəncə bir şans verilməlidir. Üstəlik də o, belə bir məktubu yazmaqla indiyə qədər bizim dediklıərimizi də təsdiqləmiş olub ki, ondan kimlərsə istifadə etmək istəyir. Hətta onun qardaşı xaricdən dəxli olmayan iddialar irəli sürürdü. QHT rəhbərləri və diplomatlarla görüşü və bu məktubu yazmaqla o göstərdi ki, barəsində tirajlanan informasiyaların çoxu yalandır. Hesab edirəm ki, cənab Prezident bu xüsusatları nəzərə alacaq və dövlətimizin humanizmindən Mehman Hüseynov da bir vətəndaş kimi yararlana biləcək”.
Digər media eksperti Yadigar Məmmədli də, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mehman Hüseynov əslində doğru addım atıb: “Çünki bundan əvvəl də biz praktikada bənzər halların olduğunu müşahidə etmişik. Bir çox jurnalistlər həbsxanadan Prezidentə əfv olunmaq və ya başqa məzmunlu şikayətlər edib və onların hamısı da lazımi şəkildə araşdırılıb. Hesab edirəm ki, Mehman Hüseynovun ölkə başçısına etdiyi müraciətə də lazımi şəkildə diqqət göstəriləcək”.
Məhəmmədəli QƏRİBLİ