Əliməmməd Nuriyev: “Azərbaycan hər zaman 20 Yanvar faciəsini törədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məsələsini aktual saxlamalıdır”
29 il əvvəl Bakıda törədilən 20 Yanvar faciəsi bütün insanlığa qarşı törədilən cinayətdir. Onlarla insanın şəhid edildiyi, yaralandığı və itkin düşdüyü 20 Yanvar faciəsinin baş verməsinə göstəriş verən, əli saysız azərbaycanlının qanına batan keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov, onun göstərişlərini can-başla icra edən Viktor Polyaniçko, Qorbaçovun yaxın “siyasi silahdaşı” Yevgeni Primakov, keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazov, keçmiş SSRİ-nin daxili işlər naziri Vadim Bakatin və onların Azərbaycandakı əlaltıları cinayət məsuliyyətindən kənarda qaldılar. Bu siyasi canilərin törətdiyi əməllərə beynəlxalq hüquq müstəvisində qiymət verilməli olduğu halda, heç bir addım atılmadı.
1990-cı ilin 20 yanvar tarixində keçmiş sovet qoşunları Azərbaycanın paytaxtında “asayişi bərpa etmək” (?) adı altında tarixdə misli görünməyən qətliamlar törətdilər. Bakıda və ətraf rayonlarda saysız dinc, əliyalın vətəndaşımız qətlə yetirildi və yaralandı. Məlum olduğu kimi, bu faciə cinayətdir və bu cinayəti törədənlərin bəziləri vəfat edib, bəziləri isə müxtəlif dövlətlərə sığınıb. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, Bakıda dinc insanlara qarşı törədilən cinayət birbaşa M.Qorbaçovun göstərişilə həyata keçirilib. Qeyd edilənə görə, cinayətdə əli olan G.Şaxnazarov, Steryan, Burnazan adlı yüksək vəzifəli şəxslər də cinayət məsuliyyətindən yaxa qurtara biliblər.
Bakıda törədilən 20 Yanvar faciəsinin müəllifləri olan M.Qorbaçov, V. Polyaniçko, Y. Primakov, D.Yazov, V.Bakatinin cinayətkar əməllərinə hüquqi qiymət verilməsi üçün onların törətdikləri cinayət üzrə Bakıda məhkəmə prosesi keçirmək olarmı?
Hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, onların əməllərinə qiymət verilməsi üçün cinayət işi açmaq və məhkəmə prosesinə start verməyin vaxtıdır. O qeyd etdi ki, hüquqi baxımdan bu mümkün olan məsələdir. “Vaxtilə 20 Yanvar faciəsinin törədilməsində əli olan şəxslərlə bağlı cinayət işi qaldırılmışdı. Bildiyim qədər, cinayət işinin bir hissəsi Azərbaycan Respublikasının Baş Prokurorluğundadır. Cinayət işinin böyük bir hissəsini isə o vaxtkı SSRİ Prokurorluğu götürmüşdü. Ona görə də sübutların xeyli hissəsi onlarda qaldı. Ancaq bu əmrin birbaşa Qorboçov tərəfindən verilməsi aşkardır. Bakıda törədilən 20 Yanvar faciəsinin buradakı icraçıları da vardı. Onların bəziləri hazırda həyatda yoxdur, bəziləri isə hələ də sağdır. Bu şəxslərin əli və iştirakı ilə Azərbaycanda çoxlu sayda dinc insan qətlə yetirildi. Bilirsiniz ki, 20 Yanvar faciəsi həm də bəşəriyyət əleyhinə olan bir qətliamdır. Yəni burada kütləvi qətllərdən söhbət gedir. Bu insanlar azadlıq, dövlət müstəqilliyimiz uğrunda mübarizə apardıqları üçün öldürüldülər və yaralandılar. Bir qayda olaraq, bu cinayətləri törədənlərə qarşı iddia müddəti bitməyib. Onların cinayət əməlləri ilə bağlı istənilən vaxt iddia qaldıra bilərik və bu davam edən iddia müddətidir. Bu şəxslərin əməlləri bəşəriyyətə qarşı törədilən cinayətdir. Onları hər zaman cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Sadəcə olaraq siyasi şərtlər fərqlidir. Bir çox hallarda hüquqi əsas yaranır, cinayət hadisəsi baş verib, lakin siyasi şərait fərqli olduğuna görə heç də bütün hallarda həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün siyasi şərtləri aşmaq olmur. Çünki onlar ayrı-ayrı ölkələrin vətəndaşlarıdır. Bəziləri hələ ki, kifayət qədər nüfuz sahibləridir, gördükləri müəyyən işlərə görə beynəlxalq dairələr tərəfindən müdafiə oluna bilirlər. Bu gün Qorbaçov, Polyaniçko, Primakov, Yazov, Bakatinin paytaxtımızda törətdikləri faciə, qətliamla bağlı cinayət işi açmaq, Bakıda onların bu əməlləri ilə bağlı məhkəmə prosesi keçirmək hüquqi cəhətdən tam mümkündür. Lakin çox təəssüf ki, bu faciənin törədilməsinə fərman verən, onu icra edən insanları cinayət məsuliyyətinə cəlb etmək mümkünsüzdür. Hətta deyərdim ki, bu insanların iştirakı olmadan cinayət işinin istintaqını başa çatdırıb, onlarla bağlı məhkəmə qərarları da qəbul etmək olar. Əgər onları bura gətirmək mümkün deyilsə, onlar məhkəməyə gəlmirsə, onlarla bağlı qərar qəbul etmək mümkünsüz deyil”.
Ə.Nuriyev qeyd etdi ki, bu gün siyasi şərtlərin fərqliliyi ucbatından çox zaman hüququn aliliyini təmin etmək mümkün olmur. O hesab edir ki, 20 Yanvar qətliamında əli olan insanlarla bağlı yenidən cinayət işi qaldırılması, onların cinayətkar əməlləri ilə əlaqədar məhkəmə qurulması vacibdir. “Biz bu barədə düşünməliyik. Qorbaçov başda olmaqla, keçmiş Siyasi Büronun bir çox üzvləri Azərbaycan xalqına qarşı qatı cinayətlər törədiblər. Yenə də deyirəm, onlardan bəziləri vəfat etsə də, hələ həyatda olanları da var. Bu proseslərdə birbaşa icraçılar da vardı. Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Onları cinayət məsuliyyətinə cəlb etmək üçün hüquqi əsasımız var. Onlar bu cinayət əməllərinə görə hüquq müstəvisində Azərbaycan xalqı və bəşəriyyət qarşısında cavab verməlidirlər. Azərbaycan hər zaman 20 Yanvar faciəsini törədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məsələsini aktual saxlamalıdır. Həmin proseslərdə zərər çəkənlərdən biri də mənəm, 20 Yanvar hadisələri zamanı yaralanmışam. Mənim kimi də çoxlu sayda insan həmin hadisələr zamanı güllə yarası alıb. Bilirsiniz, bu qətliamlar yalnız Bakıda həyata keçirilməyib, Lənkəranda, Neftçalada da qətliamlar baş verib” - deyə Ə.Nuriyev bildirdi.
İradə SARIYEVA