Bir neçə gündür Rusiyanın Xarici İşlər Nazirliyi inadkar şəkildə Azərbaycandan erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə niyə buraxmadığımıza dair hesabat istəyir. Bəli, məhz inadkar şəkildə. Ona görə ki, Lavrovla, Zaxarova sanki bu mövzuda səs-səsə veriblər. Biri danışır, səsinin əks-sədası dağılmamış, o biri başlayır. Avtomatik olaraq sual yaranır: Rusiya boyda nəhəng bir ölkənin işi-gücü qurtarıb ki, sıradan olan bir məsələyə belə diqqət ayırır?
Azərbaycan rəsmi şəkildə həm Lavrova, həm də Zaxarovaya lazımi cavabı verib. Görünür, bu cavablar onları tam qane etmədiyi səbəbindən bizə multikulturalizm “dərsi” keçməyə də lüzum görüblər. Bütün dünyaya birgəyaşayışı təbliğ edən, bu sahədə nümunə kimi göstərilməli olan ölkəyə Rusiya izah etməyə çalışır ki, “yan” sonluğu ilə bitən soyadlı şəxslərin Bakıya buraxılmaması insan haqlarının pozulması anlamına gəlir. Rusiya XİN-i gözəl bilir ki, bu məsələ ətrafında yaranan vəziyyət heç də başqa ölkələrlə olan münasibətlər çərçivəsində ümumiləşdirilə bilməz. Çünki söhbət Ermənistanın işğalı nəticəsində bir-birilə düşmən münasibətində yaşayan iki ölkə və onun xalqlarının qarşılıqlı münasibətindən gedir.
Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi açıqlamasına görə, Rusiyada 2-2,5 milyon erməni yaşayır. Rusiyanın rəsmi mənbələri bu rəqəmin 1,2 milyon olduğunu bildirirlər.
Rusiyada yaşayan ermənilərin sayı əsasən Sovet İttifaqının süqutundan sonra, miqrasiya nəticəsində artıb. Statistik göstəricilərə diqqət yetirsək görərik ki, 1989-cu ildə Rusiyada yaşayan ermənilərin sayı 532 min nəfər olub. 1998-ci ildə bu rəqəm 874 min nəfər təşkil edib. Şübhəsiz ki, burada söhbət Rusiya vətəndaşı olan ermənilərdən gedir. 2002-ci ildə keçirilən siyahıyaalmada Rusiya vətəndaşı olan ermənilərin sayı 1,1 milyon, 2010-cu ildə keçirilən siyahıyaalmada isə 1,2 milyon göstərilir. Bu da onu deməyə əsas verir ki, hazırda Rusiyada yaşayan ermənilərin böyük əksəriyyəti Azərbaycanla yaşanan müharibədən sonra ora gediblər. Həmin adamların sırasında hərbi əməliyyatlarda iştirak edənlərin sayı heç də az deyil. Təbii ki, bu qəbildən olan adamların Azərbaycana qarşı münasibəti birmənalı ola bilməz. Onlar, eyni zamanda, psixoloji olaraq da Azərbaycana gəlməklə özlərini təhlükəsizlik baxımdan diskomfort şəkildə hiss edərlər. Aydındır ki, Azərbaycan ölkəyə girişinə icazə verdiyi şəxslərin təhlükəsizliyinə birmənalı şəkildə cavab verir və bunu təmin edir. Hətta biz dəfələrlə erməni millətindən olan nümayəndələrin gəlib Azərbaycanda tədbirlərdə sərbəst şəkildə iştirak edib geri döndüyünün də şahidi olmuşuq. Ancaq Rusiyanın tələb etdiyi məsələ isə tamamilə fərqlidir. Onlar erməni əsilli şəxslərin, digər ölkə vətəndaşları kimi, adi prosedura uyğun olaraq ölkəyə girib-çıxmasına icazə verilməsini tələb edir. Çox maraqlıdır, həmin ermənilər Bakıya hansı məqsədlə gəlmək istəyirlər? Turist olaraq, gəzmək məqsədilə gəlmək istəmələri inandırıcı görünmür. Çünki, istər-istəməz, milli kimliklə bağlı yaranan diskomfort onları vadar edər ki, istirahət üçün başqa ölkələri seçsinlər. Bunlar vaxtilə Bakıda yaşamış ermənilərdisə, qohumlarının məzarını və ya doğulduqları yerləri bir daha görmək istəyirlərsə, bunun da yolu var. Biz Azərbaycanın əlaqədar qurumlarına müraciət etmiş bir neçə erməni əsilli vətəndaşın gəlib burda öz qonşuları, yaşadıqları məhəllə ilə tanış olduqlarının şahidi olmuşuq. İstəyən bu qayda ilə də Bakıya gələ bilər. Görünən budur ki, bu prosesin arxasında məqsədli şəkildə yaradılan təxribat durur. Bir faktı da qeyd edək ki, Rusiyada elə ermənilər qədər də azərbaycanlı olan soydaşımız yaşayır. Onlar niyə Ermənistana gətmək istəmirlər? Hər halda, həmin kateqoriya insanların sırasında da əslən Qərbi Azərbaycandan olanlar az deyil. Demək ki, Ermənistanın işğalçılıq siyasəti səbəbindən diqtə olunan bugünkü reallıq bu iki xalqın nümayəndələrinin sərbəst şəkildə bir-birinin evinə “qonaq” gedib-gəlməsini real və mümkün etmir. Kimsə bunu inadla tələb edirsə, demək ki, başqa təxribatçı məqsədləri güdür. Bu, birmənalıdır...
Məhəmmədəli QƏRİBLİ