Məhəmməd Əsədullazadə: “Avropa qurumları prosesləri yaxından incələdiyi üçün, sözügedən maliyyə yardımını kifayət qədər azaldıblar”
Erməni mətbuatının yazdığına görə, 2017-ci ilin noyabr ayında Ermənistan-Avropa İttifaqı Çərçivə Konvensiyasının imzalanmasından sonra siyasi və hüquqi gündəmdə olan əsas məsələlərdən biri viza azadlığı məsələsidir. Bu, bəlkə də Ermənistan üçün ən böyük "bonus" olacaq, lakin bu, uzun səylər tələb edir.
Erməni mətbuatının məlumatından o da aydın olub ki, “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdən ən az vəsait Ermənistan üçün nəzərdə tutulub. Qeyd olunub ki, Aİ Dünya Bankı ilə birlikdə “Şərq tərəfdaşlığı” ölkələrinə 10 il ərzində infrastrukturun inkişafı üçün 13 milyard avro ayırmaq niyyətindədir. Bu çərçivədə Ermənistan 700 milyon avro alacaq. Bu, “Şərq tərəfdaşlığı”nın Brüssellə bağlı olduğunu göstərir. Erməni mediası bu məsələdə Ermənistana xüsusi önəm verilmədiyini dolayı da olsa etiraf edib.
Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış “Şərq tərəfdaşlığı” proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Görünən odur ki, Ermənistana, sadəcə, proqramda iştirak etdiyinə görə, gözdən pərdə asmaq üçün vəsait ayırıblar. Əslində, Ermənistanın nəqliyyat baxımından Aİ üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, regionda əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İpək Yolu üzərində yerləşir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Gürcüstanla nəqliyyat-kommunikasiya əlaqələrinin yüksək səviyyədə qurulması Orta Asiya və Çindən gələn yüklərin Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılmasına imkan verir. Digər tərəfdən, “Şimal-Cənub” nəqliyyat dəhlizi hazır olandan sonra İran da yükdaşımalarda Azərbaycanın tranzit imkanlarından daha çox istifadə edəcək. Bu baxımdan, Ermənistan heç bir önəm kəsb etmədiyi üçün, bu ölkənin nəqliyyat infrastrukturu Aİ üçün maraqlı deyil.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Aİ üçün önəm kəsb etmir: “Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirmək strategiyası həyata keçirir. İttifaqın bu ölkələrin yol infrastrukturu üçün ayırdığı 13 milyard avro sözügedən ölkələrin yol infrastrukturuna ayrılsa da, burada siyasi səbəblər önə çəkilir. Bu məsələdə diqqəti çəkən odur ki, Ermənistan burada ən az maliyyə alan ölkədir. Çünki bu ölkədə inqilab baş verməsinə baxmayaraq, müsbətə doğru hər hansı bir irəliləyiş yoxdur. Ölkə Rusiyanın boyunduruğundadır. Həmçinin, ölkədə korrupsiyanın aradan qalxmaması bu vəsaitin təyinatı üzrə xərclənəcəyinə müəyyən şübhələr yaradır. Ümumiyyətlə, Avropa İttifaqı üçün Ermənistan strateji əhəmiyyət kəsb etmir. Sadəcə, Avropada erməni lobbisinin israrı ilə bu maliyyə yardımını ayırır. İttifaq o ölkələrə maliyyə ayırır ki, siyasi gələcəyi perspektivli olsun və Aİ üçün önəm kəsb etsin. Ermənistanda baş verənlər heç də bu ölkədə demokratiyanın inkişafına gətirməyəcək. Avropa qurumları prosesləri yaxından incələdiyi üçün, sözügedən maliyyə yardımını kifayət qədər azaldıblar. Hesab edirəm ki, bundan sonra da Ermənistana ayrılacaq hər hansı bir yardım cüzi olacaq və bu ölkənin inkişafına təkan verməyəcək. Ermənistanda hesab edirlər ki, Avropa inqilabdan sonra bu ölkəyə milyardlarla avro ayıracaq. Göründüyü kimi, artıq bu illüziyadır və Aİ praqmatik siyasət həyata keçirir. Ümumiyyətlə, Ermənistanın xarici yardımlara möhtac qalması bu ölkənin gələcək inkişafının olmadığını göstərir. Paşinyan iqtidarı Avropadan istədiyini ala bilməyəcək”.
Vidadi ORDAHALLI