Məhərrəm Zülfüqarlı: “Azərbaycan Zimbabvedə bir sıra sahələrin inkişafına yardım göstərə bilər”
Məlum olduğu kimi, ötən həftə Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycanda işgüzar səfərdə olub.İki ölkə başçısının görüşü olub. Prezident İlham Əliyev Emmerson Mnanqaqvanın səfərini tarixi səfər adlandırıb: “Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin, siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”.
Zimbabve Prezidenti deyib ki, arzusu iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir: “Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin, əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.
Diqqətcəkən başlıca məqamlardan biri odur ki, Zimbabve Prezidenti xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Azərbaycanın bu sırada yer alması ölkəmizin önəminə, bir sıra məsələlərdə oynadığı rola verilən yüksək qiymətin göstəricisidir.
Ümumilikdə, Azərbaycanla Zimbabve arasında bir sıra oxşar cəhətlər var. Zimbabve də Azərbaycan kimi təbii resurslarla zəngindir. Belə ki, Zimbabvedə təbii resursların 60-dan artıq mineral növləri var. Digər tərəfdən, Zimbabve də Azərbaycan kimi müstəqilliyin ilk illərində müəyyən çətinliklərlə qarşılaşıb. Daxili işlərə müdaxilə edilməsi halları ilə və bəzi siyasi təzyiqlərlə üzləşib. Zimbabve də Azərbaycan kimi, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Hər iki dövlət müsəlman ölkəsidir. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bir sıra sahələrdə tərəflər arasında fəal əməkdaşlıq və tərəfdaşlıq var. Bu baxımdan, Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması Zimbabve üçün nümunə ola bilər. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrübə kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib. Başqa bir tərəfdən, 1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil alıb. Sözügedən siyasət bu gün də davam edir. Bir sıra Afrika ölkələrindən olan tələbələr Azərbaycanda bu gün də təhsil alırlar. Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıb. Həmçinin, Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirib. Görünən odur ki, etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Nəzərə almaq lazımdır ki, Afirka çox böyük əhəmiyyətə malik qitədir. Orada yerləşən ölkələrin böyük əksəriyyətinin strateji önəmi var. Son vaxtlar dünya ölkələri Afrika qitəsi dövlətlərinə xüsusi maraq göstərir, ora milyardlarla dollar sərmayə yatırırlar. Azərbaycanla Zimbabve nəhəng enerji layihələri həyata keçirir, nəqliyyat-kommunikasiya layihələrində iştirak edirlər. Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri də xarici ölkələrə milyardlarla manat sərmayə yatırılmasından və bundan iqtisadi faydanın əldə olunmasından ibarətdir. Zimbabve təbii ehtiyatlarla, o cümlədən qızıl, almaz və digər qiymətli metallarla zəngin ölkə olsa da, əhalisi çox kasıbdır. Azərbaycan əldə etdiyi uğurlardan, mükəmməl idarəçilik təcrübəsindən istifadə edərək ora sərmayə yatıra, müəyyən layihələr həyata keçirə bilər. Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, struktur xarakterli, iqtisadi islahatlar təcrübəsindən yararlana bilər. Çünki Zimbabve ilə müqayisədə Azərbaycan inkişaf edib. Əksər inkişaf parametrlərinə görə Azərbaycan Zimbabvedən öndədir. Bu baxımdan Zimbabvenin Azərbaycanın potensialından istifadə etməsi bu ölkənin sosial-iqtisadi baxımdan inkişafına töhfə verə bilər.
Sözügedən məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının fikrincə, Azərbaycanın Zimbabve ilə əlaqələrinin genişlənməsi, ümumilikdə, bir sıra perspektivlər vəd edir: “Bu kimi əlaqələr Azərbaycanın Afrikada rolunun artmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, sözügedən qitə böyük potensiala malikdir. O üzdən, Azərbaycan qitədə rolunu artırmalıdır. Zimbabve keşməkeşli tarixi proseslərdən keçib. Bu ölkə 1980-ci illərdə müstəqillik əldə edib və bir sıra çətinliklərlə üzləşib. Ölkə əhalisinin böyük hissəsi kəndlərdə yaşayır. Zəngin təbii resurslara malik olsa da, müxtəlif səbəblərdən bunlardan səmərəli şəkildə istifadə edə bilmir. Hesab edirəm ki, Azərbaycan Zimbabvedə bir sıra sahələrin inkişafına yardım göstərə bilər. Həm sərmayə baxımından, həm də digər baxımdan Azərbaycanın imkanlarından bu ölkə yararlana bilər. Bunun üçün də iki ölkə arasında əlaqələr daha da genişləndirilməlidir. Öyrənilməlidir ki, hansı sahələrdə əlaqələri genişləndirmək mümkündür. Sənaye ilə yanaşı, kənd təsərrüfatı sahəsində birgə işlər həyata keçirmək mümkündür. Bu baxımdan iki ölkə arasında əlaqələrin genişlənməsinə müsbət yanaşıram”.
Vidadi ORDAHALLI