Vüqar Qədirov: “Bu cür uğursuz taktika müxalifətin radikal qanadının onsuz da az olan hörmətini daha da xərcləməsinə səbəb olur”
Yanvarın 19-da müxalifətin “Məhsul” stadionunda keçirdiyi mitinqindən sonra aksiyanın təşkilatçıları prosesi idarə edə bilməyib və ya etmək istəməyib, nəticədə həmin ərazidə asayişin təmin edilməsi, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Eyni zamanda, müşahidə edilib ki, keçirilən icazəli aksiya zamanı mitinqin mahiyyətinə uyğun gəlməyən şüarlar səsləndirilib. Məlumdur ki, aksiya rəsmi qurumlarla razılaşdırılanda onun şüarları da mitinqin adına uyğun seçilir. Məsələn, hansısa təşkilat kiminsə həbsdən azad olunması ilə bağlı icazəli mitinq keçirirsə, orada başqa, lazımsız şüarların səsləndirilməsi həm də qanun pozuntusu sayılır. Son aksiya zamanı da biz belə hallara rast gəldik. Ən başlıcası isə, mitinq təşkilatçıları ənənəvi taktikalarına uyğun olaraq, aksiyada iştirak edən insanların sayı ilə bağlı şişirdilmiş rəqəmlər təqdim etdilər. Bakı Şəhər Baş Polis İdarəsi mitinqdə iştirak edənlərin ümumi sayını 2800 nəfər qeyd etsə də, təşkilatçılar bundan 10 dəfə böyük rəqəmlərə iddia edirdilər. Ancaq bir necə rakursdan və xüsusilə də hündürdən çəkilən fotolardan aksiyanın keçirildiyi stadionun boş olduğu nəzərə çarpırdı. Analoji aksiyaların keçirilməsi göstərir ki, müxalifətin radikal qanadı lazım olan sayda insanı öz ətrafına toplaya bilmir. Keçirilən aksiyaların effekti və cəmiyyətə təsir imkanları sıfıra bərabər olur. Belə olan təqdirdə, bu cür uğursuz aksiyaların müxalifətin özünün imici üçün nə kimi faydası və ya ziyanlı tərəfləri var?
Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”ə bildirdi ki, radikal müxalifətin keçirdiyi son aksiya onların sosial baza sarıdan ciddi əziyyət çəkdiyini bir daha ortaya qoydu: “Mənzərə aydın idi. Uzun illər boyu heç bir ciddi uğura imza ata bilməyən radikal dairələr son aksiya ilə bir daha sübut etdilər ki, onların fəaliyyətində heç bir irəliləyiş yoxdur. Aydın şəkildə hiss olunur ki, aksiyaya sadə xalq kütlələri tərəfindən dəstək verilmir. Təşkilatçı partiyaların hər birindən olan bir neçə ənənəvi üzvlərin yığışdığı aksiya ilə heç vaxt kütləvilik təmin edilə bilməz. Bunun üçün prosesə xalq kütlələrinin dəstəyi lazımdır. Hazırda Azərbaycanda mövcud olan iqtidar-xalq birliyi isə buna şərait yaratmır. Ölkədə gedən inkişaf, hakimiyyətin bütün sahələr üzrə apardığı düzgün və məqsədyönlü siyasət belə bir şansı radikalların əlinə vermir”.
Politoloqun sözlərinə görə, tarix göstərir ki, radikallar hər zaman reallığa söykənməyən iddialarını bəhanə edərək mitinq keçirir, bu yolla gündəmdə qalmağa çalışırlar: “Bəllidir ki, həmin dairələr siyasi güclərini illər əvvəl bitiriblər. Cəmiyyətdə qəbul olunmayanların keçirdiyi mitinq insanlarda təəccüb doğurur. Çünki bunun üçün ilk növbədə həmin dairələr güc, bacarıq və siyasi iradəsini isbat etməli, müəyyən hadisələrə təsiretmə imkanının olduğunu göstərməlidir. Hiss edilir ki, radikal müxalifətin mitinqləri sırf cari hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı yönəlib. Onların dilindən heç bir yeni təklif, fikir eşidilmir. O qurumda sosial baza və ideya qıtlığı elə həddə çatıb ki, bu insanlar yalnız hakimiyyətdə həyata keçirilən islahatlar və hansısa dəyişikliklərlə bağlı məsələyə reaksiya vermək üçün mitinq təşkil edirlər. Son mitinqin məzmun və mahiyyətinə diqqət edək. Heç bir ali savadı olmayan, jurnalistikada bir gün də olsun işləməyən, etdiyi cinayət əməlinə görə məhkum edilən Mehman Hüseynovun adı ilə mitinq keçirilir. Adi bir kriminal hadisə ilə bağlı narazılıq hüquq müstəvisində, məhkəmə qaydasında həll edilməli halda, bunlar həmin hadisəni mitinqin baş şüarı və tələbinə çevirirlər.
Bu insanların sosial bazadan gələn fikirləri olmadığı üçün, platformaları da yaddaşlarda qalmayıb. Həyata keçirməyə çalışdıqları mitinq və ya hər hansı bir aksiya isə gözdən pərdə asmaq üçün və alınmış qrantların silinmə prosesinə yönəlmiş fəaliyyət növüdür. Təbii ki, hər bir insanın etiraz etmək hüququ var. Sadəcə, bunu daha sivil qaydada həyata keçirmək lazımdır. Küçələrə düşüb yalnız qışqır-bağır salmaqla iş bitmir. Hesab edirəm ki, bu cür uğursuz taktika müxalifətin radikal qanadının onsuz da az olan hörmətini daha da xərcləməsinə səbəb olur”.
Məhəmmədəli QƏRİBLİ