“Milan görüşündən fərqli olaraq ayrı-ayrı bəyanatlar verilməsi əsasən tərəflərin mövqeyinin tam ifadə edilməsi ilə əlaqədardır”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Paris görüşündən sonra verilən rəsmi açıqlamalar Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə ümidləri artırır. Belə görünür ki, hərbi, iqtisadi, diplomatik sahədə Azərbaycana getdikcə böyük fərqlə uduzan, regionda özünün təcridini dərinləşdirən Ermənistan Qarabağ məsələsində dinc həll yolunu qəbul etməkdən başqa çarəsinin olmadığını artıq daha dərindən dərk etməyə başlayır. Bu mənada Paris görüşü göstərdi ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllinə dair danışıqlar prosesində əldə edilən pozitiv dinamika davam edir. Digər tərəfdən, məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin bəyanatları da xüsusi diqqət cəlb edir. Ancaq maraqlıdır ki, Paris görüşü ilə bağlı hər iki ölkənin Xarici İşlər nazirlikləri və həmsədrlər ayrı-ayrı bəyanatlarla çıxış edib. Burada diqqət çəkən məqam odur ki, əvvəllər adətən sözügedən bəyanatlar birgə olurdu. Yəni əsasən həmsədrlər bütün tərəflərin adından bəyanat verirdi. Məsələn, ötən ilin 6 dekabrında Milanda birgə bəyanat verildi. Maraqlıdır, niyə bu dəfə ayrılıqda bəyanat verdilər? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilk növbədə münaqişənin həllində ölü nöqtənin olmadığını göstərir: “Azərbaycanın prinsipiallığı nəticəsində Ermənistan danışıqlar masasına gəlib. Proses Ermənistanın bundan sonrakı mərhələdə atacağı addımdan asılıdır. Paris görüşündə danışıqların pozitiv keçməsi, xalqların sülhə hazırlanması qeyd edilir. Milan görüşündən fərqli olaraq ayrı-ayrı bəyanatlar verilməsi əsasən tərəflərin mövqeyinin tam ifadə edilməsi ilə əlaqədardır. Həmsədrlər elə təəssürat yaratmaq istəyir ki, tərəflər razlaşdırılmış detallar barədə üzərlərinə götürdükləri razılaşma üzrə bəyanat versinlər. Yəni ki, Azərbaycan və Ermənistan bu danışıqlardan ayrı-ayrılıqda razıdır və Minsk Qrupu olaraq, biz də münaqişənin danışıqlar yolu ilə həllində maraqlayıq. Bunu dəstəkləyirik”.
Vidadi ORDAHALLI