“Avropa Parlamentinin belə bir qərəzli qərar qəbul etməsi nə siyasi, nə də diplomatik qaydalara uyğundur...”
Yanvarın 17-də Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Qətnamədə səslənən fikirlərin heç bir əsasının olmaması isə onun qərəzlə hazırlanmasından xəbər verir. Avropalıların ölkəmizə müəmmalı münasibəti, bir-birini təkzib edən sənədləri haqda zaman-zaman müzakirələr olub. Hətta ötən ilin oktyabrında təşkilatın qəbul etdiyi iki qətnamə də eyni ruhda idi. O vaxt BBC radiosuna müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidov demişdi ki, axı niyə məhz biz? Yəni nə üçün Avropa Parlamenti daim bizi təqib etmək, fəliyyətimizə, demokratik quruculuğumuza kölgə salmaq istəyir? İndi bu sual daha güclü, daha kəskin intonasiya ilə meydana gəlir. Ona görə ki, hazırda Avropa İttifaqına daxil olan ölkələrdə, ən başlıcası, belə məsələlərdə həmişə aktivlik göstərən Fransanın özündə çox kəskin şəkildə durur. Bu ölkədə hökumətin xalqın güzəranını pisləşdirəcək iqtisadi qərarlar verməsinə qarşı dinc nümayişlər keçirən xalqa, o cümlədən mitinqlərin gedişatını işıqlandıran jurnalistlərə, bloqçulara qarşı hakimiyyət və onu qoruyan polis qüvvələri tərəfindən hər cür təhdidlər, zorakılıq halları baş verir. Yüzlərlə iştirakçı polis tərəfindən saxlanır, ancaq bunlar Avropa Parlamenti tərəfindən pislənmir, qətnamə qəbul edilmir, ölkə qarşısında tələblər qoyulmur. Bu da onu sübut edir ki, Azərbaycana münasibətdə Avroparlament qərəzli mövqedən çıxış edir. Belə olan halda Azərbaycanın Avroparlamentlə əməkdaşlıqdan imtina etməsinə ekspertlər necə baxır? Məsələyə münasibət bildirən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli belə bir addımın atıla biləcəyini istisna etmədi: “Avroparlament zaman-zaman Azərbaycan barəsində qərəzli mövqe ortaya qoyub. Belə halların baş verməsi onu göstərir ki, bunu məqsədli şəkildə edirlər. Bu da sırf riyakarlıqdır. Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı böyük işlər görülüb və bu gün də görülür. Kimlərsə bunu görmək istəmirsə, bu onların öz problemidir. Bütün hallarda, Avropa Parlamentinin belə bir qərəzli qərar qəbul etməsi nə siyasi, nə də diplomatik qaydalara uyğundur. Belə qərar quruma hörmət gətirmir. Hesab edirəm ki, zərurət yaranarsa, Avroparlamentlə əməkdaşlıq dayandırıla bilər. Hər halda, bu məsələ müzakirə olunmalıdır. Ondan sonra Azərbaycanın dövlət maraqlarına uyğun olaraq qərar verilməlidir. Ən azından, Avropa Parlamentinə xəbərdarlıq edilməlidir”.
Vidadi ORDAHALLI