“Azərbaycan-Rusiya münasibətləri hazırda yüksələn xətt üzrə getməklə hər iki ölkə xalqlarının carı həyat və strateji maraqlarının inkişafına daha möhkəm əsaslar yaradır”. Bu fikirləri baki-xeber.com-a Rusiya XİN mətbuat xidmətinin son ermənipərəst məlumatını və bu məlumata Azərbaycan XİN mətbuat xidmətinin cavabını şərh edən siyasi şərhçi Aydın Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, münasibətlərin təsiri tək bununla məhdudlaşmır, eyni zamanda regionumuzda və bütünlüklə MDB məkanında iqtisadi inkişaf, sosial rifah və təhlükəsizlik proseslərinə pozitiv təsir göstərmək gücündə olduğunu təzahür etdirir: “Ermənistan hakimiyyətini və Rusiya XİN-dəki ermənipərəst çevrəni ciddi narahat edən də budur. Rusiya XİN-dəki erməni lobbisi İlham Əliyev-Vladimir Putin dostluğunun geosiyasi reallıqları Ermənistanın ziyanına dəyişdirmək gücünün artıq praktik nəticələr verməsindən qorxuya düşüblər. Rusiya XİN-in belə açıqlamaları erməni lobbisinin qorxu və narahatlıqlarının birbaşa nəticəsidir. Rusiya XİN-də kök salmış ermənipərəst şəxslər Rusiyanın Azərbaycanla münasibətlərini korlamaq üçün hər fürsətdə baş qaldırır, təxribatçı fikirlərlə Rusiya-Azərbaycan münasibətlərinin strateji istiqamətdə dərinləşməsinin qarşısını almağa çalışırlar.
Rusiya diplomatiyasına erməni təsirlərini göstərən faktların dəfələrlə təkrar olunması XİN-də erməni qruplaşmasının real fakta çevrildiyini təsdiqləyir. Bu təkcə Azərbaycan-Rusiya əlaqələrini yox, həmçinin Rusiyanın özünün milli dövlətçilik mənafelərini təhlükəli şəkildə hədəfə alır. Rusiya XİN-dən ermənipərəst açıqlamaların hansı geosiyasi vəziyyətlərdə meydana çıxması bunu sübut edir. Diqqət edək. Rusiya XİN-dən Azərbaycanla münasibətlərin inkişaf tempinə və iki ölkə liderinin üst-üstə düşən siyasi iradələrinə qəti uyğun gəlməyən açıqlamalar elə bir vaxta verilir ki, Ermənistanda muzdlu Soros uşaqlarının hakimiyyətə gəlməsi ilə əlaqədar Rusiya-Ermənistan münasibətlərinin mahiyyəti sürətlə dəyişir və pozulur. Faktiki olaraq erməni lobbisi bununla Qafqaz kimi geosiyasi əhəmiyyətli regionda Rusiyanın bütün ölkələrlə, ilk növbədə Azərbaycanla münasibətlərinin inkişafını dayandırmağı hədəfləyib. Sübuta ehtiyac yoxdur ki,erməni lobbisinin bu geosiyasi pozuculuq taktikası Ermənistanda Soros uşaqlarını hakimiyyətə gətirmiş beynəlxalq dairələrin maraqlarına tam uyğundur. Rusiyanın "Ekspress qazeta" nəşrində çap olunmuş anti-Azərbaycan ruhlu məqalənin, erməni əsilli Rusiya vətəndaşlarının guya Azərbaycana buraxılmamaqlarının qabardılmasının pərdəarxasını başqa cür izah etmək mümkün və doğru deyil. Azərbaycan XİN-in cavab açıqlamasında dəqiq olaraq vurğulanır ki, erməni lobbisinin təsiri altında meydana çıxan yanlış məlumatlar Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradəyə və gördükləri işlərə heç bir halda uyğun gəlmir. Necə də uygun gələ bilər ki, bir ildə Rusiyadan Azərbaycana 800 mindən çox insan gəlir və bu ölkədə onların rahat gəzinti və istirahətlərinə mane olan heç bir neqativ hadisə baş vermir. Hətta Ermənistanın özündən ermənilərin dəfələrlə müxtəlif tədbirlərdə iştirak etmək üçün rahat şəkildə gəlib getdikləri məlumdur. Tolerantlıq baxımından isə multikultural Azərbaycanı şovinist Ermənistanla ümumiyyətlə müqayisə etmək mümkün deyil. Real faktlar bir daha təsdiq edir ki, Rusiya XİN-dəki erməni lobbisinin zəhərli fəaliyyətlərinin neytrallaşdırılması heç vaxt indiki qədər labüd və gərəkli olmayıb”.