Anar İsgəndərzadə: “20 Yanvar hadisəsinə siyasi qiymət 1994-cü ildə Heydər Əliyev tərəfindən verilib”
Xalqımızın milli mübarizə tarixində xüsusi rol oynayan 20 Yanvar hadisəsi həm faciədir, həm də qəhrəmanlıq örnəyidir. Özünün qürub çağını yaşayan Sovet imperiyası başbilənlərinin göstərişi ilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilən qətliam nəticəsində xeyli insan şəhid oldu, yaralandı və itkin düşdü.
Paytaxtımızda yaşanan bu qətliam Sovet tanklarının qarşısına əliyalın çıxan insanların əzmini sındıra bilmədi. Həmin gecə Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun ilk cığırları açıldı. 29 il bundan əvvəl baş verən 20 Yanvar hadisəsinin ağrı-acılarını bu gün də xalq olaraq yaşayırıq. O qanlı şənbə gecəsinin şahidləri yalnız insanlar olmadı. O gecə Bakının yaddaşında yaşayır, o gecənin tükürpədici harayı hələ də qulaqlardan getməyib.
Ekspertlər qeyd edirlər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının imperiya siyasətinə əlvida deməsi idi. Azadlıq, müstəqillik uğrunda mübarizədə öndə gedən Azərbaycan xalqı həmin gün tarix qarşısında öz böyüklüyünü bir daha təsdiq edib.
20 Yanvar hadisəsinə tam olaraq hüquqi-siyasi qiymət verilibmi?
Tanınmış tarixçi-alim, professor Anar İsgəndərli “Bakı-Xəbər”ə bildirdi ki, yanvar ayının 19-dan 20-nə keçən gecə imperiya hərbi birləşmələrinin Bakıya daxil olması nəticəsində şəhid olan insanlar xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar. Bu hadisənin bizim üçün böyük dərs olduğunu deyən alim qeyd etdi ki, tarixən Azərbaycan sülhsevər siyasət yürütsə də, bəzi qonşularımız bunun əksini ediblər. Şimal qonşularımızdan heç vaxt biz tərəfə “isti külək” əsmədiyini deyən A.İsgəndərli bildirdi ki, 20 Yanvar faciəsini törədənlərin o zaman hüquqi məsuliyyətə cəlb edilməməsi indinin özündə də narahatlıq doğurur. A.İsgəndərlinin sözlərinə görə, 20 Yanvar hadisəsinə siyasi qiymət Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verilib. H.Əliyevə qədər isə bu məsələyə siyasi münasibət olmayıb. O vurğuladı ki, bu hadisəyə siyasi qiymət H.Əliyev tərəfindən verilib və cinayətkarın adı, ünvanı dəqiqləşdirilib. “Şimaldan heç bir vaxt Azərbaycan xalqına sarı “isti külək” əsə bilməz. Həmçinin də Bakıda tükürpədici qətliam törədən Sovet ordusu Azərbaycan ordusu ola blməz. Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Azərbaycan ərazisi var. 20 Yanvar hadisəsi bizim üçün bir ibrətdir. Şəhidlər heç vaxt unudulmur, xalq və dövlət olaraq həmişə şəhidlərin xatirəsini əziz tuturuq. 20 Yanvar hadisəsinə siyasi qiymət 1994-cü ildə Heydər Əliyev tərəfindən verilib. Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Heydər Əliyevin imzaladığı Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin” - deyə bildirən A.İsgəndərli qeyd etdi ki, bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında H.Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını qeyd edirdi. O vurğuladı ki, 1994-cü il yanvar ayının 5-də H.Əliyevin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında Milli Məclis tərəfindən təsdiqlənən, 20 Yanvar faciəsinə siyasi qiymət verən bu sənədin böyük əhəmiyyəti olub. “20 Yanvar faciəsini törədənlərin kimliyi məlum oldu, lakin bu qırğının müəllifləri məsuliyyətə cəlb edilmədilər” - deyə müsahibimiz bildirdi.
İradə SARIYEVA