Qabil Hüseynli: “Bu nailiyyətlərə həmin qurumlar və dövlətlərlə Azərbaycan diplomatiyasının apardığı uğurlu siyasət hesabına nail olunub”
Son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin xeyrinə müsbət dəyişikliklərin baş verməsi üçün çox əlverişli imkan və şəraitin yaranması ilə bağlı səslənən fikirlərə çox rast gəlirik.
Biz bu kontekstdə olan fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında da eşitmişik.Həmçinin, Rusiya rəsmiləri və bir sıra Qərb diplomatları, dövlət xadimləri də şərhlərində bu il münaqişənin həlli istiqamətində irəliləyişi mümkün sayıblar. Belə bir imkanın yaranmasında Azərbaycan diplomatiyasının rolu nədən ibarət olub?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə bir şəraitin yetişməsində Azərbaycan diplomatiyasının uğurunu, xüsusilə də Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət kursunu qeyd etməmək olmaz: “Məhz bu siyasət nəticəsində son beş il ərzində Dağlıq Qarabağ probleminə yanaşmada ciddi dəyişikliklər meydana çıxdı. Təbii ki, mən daha çox beynəlxalq ictimai rəydə əmələ gələn dəyişiklikləri nəzərdə tuturam. Tədricən ikili standartlar, xristian təəssübkeşliyi kimi amillər arxa plana keçməkdədir. Hiss olunur ki, problemə real planda yanaşmalar önə çıxır. Məsələn, 5 il bundan əvvəl biz Gürcüstanın, Moldovanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəkləndiyini görürdük, amma nədənsə həmin dairələr belə münasibəti bizə yönəlik etmirdilər. Azərbaycanın ərazi bütövlüyü məsələsi gələndə müəyyən duruxmalar olurdu. Guya bu məsələnin xüsusi, əlahiddə bir xarakter daşıdığını deyirdilər. Şükürlər olsun ki, son beş ildə biz məhz həmin təşkilatların münasibətindəki dəyişikliyi aydın hiss edirik. Məsələn, Avropa Şurası, Avropa Birliyi, NATO-nun, İƏT-in, Qoşulmayanlar Hərəkatının qəbul etdiyi sənədlərdə biz Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq dəstəkləndiyinin şahidi olmuşuq. Bu çox uğurlu dönüşdür. Eyni zamanda, Avropa ölkələrinin çoxu da bu mövqeyi birmənalı olaraq dəstəkləməyə başlayıb. Təbii ki, bu nailiyyətlərə həmin qurumlar və dövlətlərlə Azərbaycan diplomatiyasının apardığı uğurlu siyasət hesabına nail olunub. Bir cəhəti də xüsusilə vurğulamaq lazımdır ki, Rusiya ilə də son vaxtlar münasibətlər axara düşür. Moskva da Qarabağla bağlı tərəddüdlü mövqedən daha çox birmənalı mövqeyə keçir. Biz Azərbaycanın Ermənistana qarşı yürütdüyü təcrid siyasətini də düzgün diplomatik taktika kimi qeyd etməliyik. Çünki bu siyasət nəticəsində hətta Ermənistanda hakimiyyətləri yerindən oynatmaq mümkün oldu”.
Məhəmmədəli QƏRİBLİ