Azərbaycanın Avropanın enerji təhlükəsizlyinin təmin edilməsində artan rolu bu gün bütün dünya miqyasında açıq etiraf edilməkdədir. Elə bunun nəticəsidir ki, Avropa Azərbaycan qazını bu qitəyə çatdıracaq “Cənub Qaz Dəhlizi” layihəsinin mümkün qədər tez işə düşməsində maraqlıdır.
Görünən budur ki, indi mümkün qədər çox Avropa ölkəsi Azərbaycandan qaz alışında istəklidir və bu xüsusda ölkəmizlə danışıqlar hələ də davam etdirilir. Prosesdən kənar qalan bəzi ölkələrsə müəyyən hallarda heç bir əsası olmayan açıqlamalarla da çıxış edir. Məsələn, Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya kütləvi informasiya vasitələrində yayılan açıqlamasında bildirib ki, guya Azərbaycanın Serbiyaya ixrac etmək üçün təbii qazı yoxdur. Halbuki, müvafiq danışıqlar olacağı təqdirdə Azərbaycan, bir çox Avropa ölkələri kimi, Serbiyayaya da qaz ötürməyə hazır olduğunu bəyan edir. Bunu Aleksandr Vuçiçin açıqlamasına münasibət bildirən energetika nazirinin müavini Elnur Soltanov da təsdiq edir: “Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdən çoxdur. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Transadriatik” (TAP) qaz boru kəməri ilə əlaqədar işlər uğurla davam etdirilir və bu layihənin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. TANAP layihəsi üzrə işlər isə keçən il başa çatıb.
“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan Balkan ölkələri ilə uğurla əməkdaşlıq edir. TAP layihəsi Albaniyanın ərazisindən keçir və bu ölkənin qazlaşdırılması layihəsi üzrə müvafiq danışıqlar aparılır. Eyni zamanda, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə də bu xüsusda müzakirələr davam etdirilir. “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurası çərçivəsində keçən il keçirilmiş nazirlər toplantısında digər tərəfdaşlarla birlikdə bu üç ölkənin nümayəndələri də iştirak edib. Hazırda bu ölkələrlə Azərbaycan qazının nəqli üzrə “İonadriatik” qaz kəmərinin tikintisi müzakirə olunur. Müvafiq olaraq, “İonadriatik” qaz boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.
Bütün bunlar Azərbaycan qazının çoxşaxəli və çoxistiqamətli nəqli üçün ölkəmizin həyata keçirdiyi siyasətin tərkib hissələridir. Bir halda ki, bir neçə Balkan ölkəsi ilə Azərbaycan qazının nəqli üzrə fəal iş aparılır və 2020-ci ildə Azərbaycan qazı Yunanıstan və Bolqarıstana çatdırılacaq, onda Serbiya tərəfi də maraq göstərərsə, Azərbaycan bu sahədə əməkdaşlığa və danışıqlara başlamağa hazırdır”. Qeyd edək ki, Balkan ölkələrinin qazlaşdırılmasında xüsusi əhəmiyyətə malik və 530 kilometr uzunluğu olan “İonadriatik” qaz kəməri əslində TAP kəmərinin qolu sayılır. 610 milyon dollar dəyəri olan “İonadriatik” kəməri Albaniyanın Fiyeri şəhərindən Monteneqro və Bosniya və Herseqovina ərazisindən keçməklə Xorvatiyanın Split şəhərinədək uzanacaq. Məhz bu da Azərbaycanın Balkan ölkələrinin enerji təminatında rolunun daha da artması deməkdir. Deməli, Serbiyadan fərqli olaraq, Avropa ölkələrinin az qala hamısı Azərbaycanla qaz əməkdaşlığına böyük ümidlər bəsləyir. Bunu TAP kəmərinin mavi yanacaq çatdıracağı Avropa ölkələrinin çoxluğu da təsdiq edir. Belə ki, bu boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Yuxarıda qeyd olunduğu kimi, bura həm də balkan ölkələri daxildir. Məhz belə vəziyyət bir daha Avropada Azərbaycana böyük ümiidlər olduğunu göstərir. Eyni zamanda, Azərbaycanla bu istiqamətdə çoxmilyardlı müqaviələlərin imzalanması ölkənin enerji resursları barədə Avropada tam əminliyn də hökm sürdüyünü təsdiq edir.
Digər tərəfdən xatırladaq ki, elə bu günlərdə BP şirkəti rəsmən bəyan edib ki, Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" miqyasında yeni qaz yatağının kəşfinə hazırlaşır. Bu isə Azərbaycan qaz ehtiyatının daha böyük olduğunu təsdiq edir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons bu günlərdə "Bloomberg" agentliyinə verdiyi açıqlamada bildirib ki, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə 28 milyard dollar sərmayə qoyublar və bu yalnız başlanğıcdır. Onun sözlərinə görə, 2020-ci ilədək şirkət ölkəmizdə daha altı yeni kəşfiyyat quyusu qazmağı nəzərdə tutur. "Bloomberg" yazır: "Onun ümidləri doğrulsa, şirkət təxminən "Şahdəniz" miqyasında yeni qaz yatağı kəşf edə bilər". Qeri Cons əlavə edib ki, Azərbaycan Braziliya ilə yanaşı şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Bu kəşfiyyat proqramı bizim üçün mühümdür, çünki Xəzərdə böyük potensial görürük"."Bloomberg" yazır ki, şirkətlər, o cümlədən BP Avropa istehlakçılarının qonşuluğunda yerləşən Avrasiya regionunda kəşf olunmamış qaz yataqlarına böyük sərmayələr qoyur. Qeri Cons isə bu xüsusda deyib: "Məhz bu səbəbdən bizim Xəzərdə yeni yataqların kəşfiyyatı üzrə iddialı proqramımız var. Belə olan halda, biz yüzilliyin ortalarına qədər qaz tədarükünü davam etdirə bilərik". Onun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı "Şəfəq-Asiman" qaz strukturunun ehtiyatları "Şahdəniz-2" yatağı ilə analoji ola bilər. Aydındır ki, BP kimi şirkət, əminlik olmasa, Xəzərin Azərbaycan sektorunda qaz yataqlarının istismarına milyardlarla dollar sərmayə qoymazdı.
Tahir TAĞIYEV