Məhəmməd Əsədullazadə: “İki ölkənin birliyi üçüncü ölkələrə qarşı deyil, yalnız regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”
Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onların yeritdiyi uğurlu siyasət kursudur. Hər ölkə dünya birliyinin subyekti olaraq həm özünün milli maraqlarına cavab verən və həm də müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən yanaşaraq deyə bilərik ki, bu sahədə Azərbaycan uğurlu nəticələr əldə edib.
Məsələ ondadır ki, işğalçı Ermənistanı çıxmaq şərtilə, Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətləri normal səviyyədədir. Azərbaycan-Türkiyə münasibətləri isə bu məsələdə müstəsna əhəmiyyətə malikdir. Bu iki türk dövləti arasında əlaqələrin dünyada analoquna rast gəlmək mümkün deyil. Türk dünyasının öncülləri olan bu iki ölkə arasındakı münasibətlərdə, demək olar ki, boşluq qalmayıb.
Türkiyənin çoxtərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünə ən böyük dəstək verən Azərbaycan bununla bağlı nə mümkündürsə onu edir. Xüsusən də ötən il bununla bağlı daha yaddaqalan olub. Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Pakistan kimi üçtərəfli, Türkiyə-Azərbaycan-Gürcüstan-İran kimi dördtərəfli formatlar çərçivəsində görüşlər keçirilib. Azərbaycan sərmayəsi ilə ötən il Türkiyədə bir sıra böyük layihələr tamamlanıb və fəaliyyətə başlayıb. Eyni zamanda, yeni layihələrə start verilib. İki ölkə arasında müştərək layihələrin həyata keçirilməsi, ümumilikdə, həm də regionun inkişafına öz müsbət təsirini göstərir. Bütün bunlar həm də siyasi müstəvidə münasibətlərin daha da yaxşılaşmasına xidmət edir.
Bütün bunlarla yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hansı konkret nəticələr əldə olunub və bu, regionda proseslərə təsir baxımından necə rol oynayır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycanla Türkiyə iki qardaş ölkə olaraq təbii müttəfiqlik əlaqələrinə malikdirlər. Hazırda Türkiyə regional, hətta beynəlxalq konyukturaya təsir edən ölkədir. Bu ölkə ilə əməkdaşlıq siyasi-iqtisadi və təhlükəsizlik sahəsində ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Qeyd edim ki, Türkiyə ilə enerji, kənd təsərrüfatı və hərbi-texniki əlaqələr yüksək səviyyədədir. Elə bir sahə yoxdur ki, qardaş ölkə ilə həmin sahədə əməkdaşlıq üzrə əlaqələr qurulmasın. Ötən il iki ölkə arasında bir sıra işlər görülüb. Konkret olaraq iqtisadi sahədə ortada ciddi nəticələr var. Türkiyə Cənubi Qafqaz regionunda maraqları olan ölkədir. Məhz bu ölkənin maraqları Azərbaycanın milli maraqlarına cavab verir. Məhz Türkiyə ilə əlaqələrin inkişafının nəticəsidir ki, bu gün Bakı-Tiflis-Qars dəmir yolu, “Cənubi Qaz Dəhlizi” kimi meqalayihələr regionun enerji və nəqliyyat xəritəsinin dəyişməsində, regional təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. Türkiyə ilə birgə əməkdaşlıq həm də Azərbaycanın digər regionda maraqlı ölkələr qarşısında mövqeyini gücləndirir və müdafiə immunitetini formalaşdırır. Yerləşdiyimiz coğrafiya Qərblə Rusiyanın toqquşduğu bir arealdır. Ona görə də Azərbaycanın Türkiyə kimi güclü müttəfiqinin olması regional şərtlər daxilində ölkəmizin milli maraqlarına cavab verir. Hesab edirəm ki, Qafqazda bir müddətdən sonra Türkiyə-Azərbaycan birliyi Mərkəzi Asiyanı da özünə birləşdirərək, Avrasiya regionunda sülh və əməkdaşlıq regionu yaradılacaq. Yalnız iki dövlət bunu edə bilər və bu proses məhz ona doğru gedir. Türkiyənin xarici strategiyasında da Qarabağ münaqişəsi əsas yer tutur. Bu o deməkdir ki, bu problem həm də Türkiyənin bir nömrəli problemidir. Göründüyü kimi, Azərbaycan-Türkiyə birliyi üçüncü ölkələrə qarşı deyil, yalnız regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”.
Vidadi ORDAHALLI