Azərbaycanın həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın təklifi ilə reallaşan qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir.
Azərbaycanın qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmaması, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirib. Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Prezident İlham Əliyev ötən ilin sonunda “Rossiya-24” telekanalına müsahibəsində bildirmişdi ki, ötən il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib: “Bizim münasibətlərimiz, prinsipcə, çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib”.
Rusiya ilə yanaşı, Azərbaycan İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmayıb, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirib, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəməyib. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələri daha da gücləndirib. Ölkələr bir çox iqtisadi layihələr çərçivəsində sıx əməkdaşlıq edirlər. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bir neçə gün əvvəl müsahibəsində bildirmişdi ki, İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb. Əlbəttə, bu göstərici daha yüksək ola bilər. 2018-ci ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi. Bundan əlavə, mütəmadi olaraq İrandan Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti səfər edir, iki ölkənin parlamentariləri, nazirləri, eləcə də özəl və dövlət şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri olur. Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və daha da inkişaf edə biləcəyini göstərir”.
Azərbaycanla yaxın qonşu olan Rusiya və İran kimi mühüm region ölkələri ilə münasibətlərin indiki yüksək mərhələyə gəlib çatmasında Azərbaycan diplomatiyasının hansı səviyyədə rolu olub?
Qeyd edək ki, hər iki mühüm region ölkəsi ilə bizi bir çox tellər sıx bağlayır. Azərbaycanın Rusiya və İranla münasibətləri uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu üç ölkəni təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.
Bu üç xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə müəyyən qalxmalar, enmələr olsa da, amma alt qatlarda – xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər müşahidə edilməyib. Rusiya ilə bizi yaxın edən cəhətlərdən biri də uzun onilliklər boyu vahid dövlətin tərkibində yaşamağımızdır. Məhz bunun nəticəsidir ki, milyonlarla soydaşımız Rusiyada güclü Azərbaycan diasporunu təşkil edir. Azərbaycanda rus dilinə böyük maraq və tələbat var. İrana gəldikdə isə, bizim onlarla oxşar mədəniyyət, mətbəx, hətta dil və soykök, din bağlılığı birləşdirir. İranda sayı on milyonlarla ölçülən Azərbaycan türklərinin yaşaması da bu münasibətləri daha isti edir. Bununla yanaşı, eyni regionda təmsil olunduğumuz üçün, bölgənin regional təhlükəsizlik maraqları ilə bağlı məsələdə də bizim mövqeyimiz haçalanmır. Bütün bunları doğru qiymətləndirdiyi üçün, Azərbaycan diplomatiyası yaxın qonşuluq siyasətini əsas götürərək, hər iki ölkə ilə həm ikitərəfli, həm də üçtərəfli formatda yaxından əməkdaşlıq etməyə üstünlük verir. Biz hər iki ölkə ilə həm də çox yaxın ticarət tərəfdaşıyıq. Ölkələrimiz arasındakı ticarətin dövriyyəsi dinamik şəkildə artır. Aydındır ki, bütün bu nailiyyətlərə Azərbaycan yürütdüyü düzgün, balanslı xarici siyasət kursu hesabına nail olub. Azərbaycan diplomatiyası hətta elə çoxvektorlu siyasət həyata keçirir ki, sözügedən ölkələrin digər dövlətlərlə münasibətlərinin tənzimlənməsində də ciddi nəticələr ortaya qoya bilib. Məsələn, Suriya səmasında Türkiyə sərhədini keçərkən vurulan rus hərbi təyyarəsi ilə bağlı hadisə iki ölkə arsındakı münasibətləri az qala müharibə səviyyəsinə gətirib çatdırmışdı. Məhz Azərbaycan diplomatiyasının barışdırıcı, vasitəçilik səyləri ilə bu ixtilafa son qoyuldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın diplomatik siyasət kursu çox məhsuldar və səmərəli nəticələr verməkdədir.
Məhəmmədəli QƏRİBLİ