Ermənistanın etibarsız mütəffiq olması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ətrafında baş verənlər fonunda özünü kifayət qədər aydın büruzə verib. Belə vəziyyətdə maraq doğuran məqam təşkilatın yeni zirvə görüşündə baş katib vəzifəsi ilə bağlı hansı qərar veriləcəyidir. Çünki Ermənistan istina olmaqla, qurumun bütün üzvləri, demək olar ki, yeni baş katibin kimliyini razılaşdırıb. Amma İrəvan hələ də təkid edir ki, baş katibin təyinatı üçün qərar konsensus əsasında olmalıdır.
Xatırladaq ki, noyabrın 8-də Astana sammiti zamanı KTMT-nin baş katibi vəzifəsini Ermənistandan sonra Belarus nümayəndəsinə həvalə etmək qərarı verilmişdi. Daha sonra ötən ay baş tutmalı olan KTMT zirvə görüşündə bu məsələ rəsmi təsdiqini tapmalı idi. Amma zirvə görüşünün vaxtı Ermənistanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq dəyişdirildi. İndi isə artıq Ermənistanda seçkilər başa çatıb, yeni parlament və hökumət fəaliyyətə başlayıb. Bu da o deməkdir ki, KTMT-nin yeni zirvə görüşünün keçirilməsinə də heç bir maneə qalmayıb. Artıq gələn ay ərzində belə bir görüşün keçirilməsi istisnalıq təşkil etmir. Amma görünən budur ki, erməni tərəfi yenə məsələdə ziddiyyətli mövqe sərgiləmək niyyətindədir. Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan yenidən vurğulayır ki, KTMT baş katibi konsensus əsasında seçilməlidir. O, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın quruma baş katib təyin olunmasına qarşı çıxdıqlarını bildirir.
Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunması haqqında qanun layihəsini imzalayıb. Zas məsələ ilə bağlı artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub. Bu ölkələrin rəhbərləri Belarusun namizədini dəstəkləyib. Belə vəziyyətdə həmin ölkələr KTMT üzvü olan Ermənistanın Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiklərini də açıq bəyan edirlər. Çünki KTMT baş katibi postuna Belarusdan olan namizədi, Ermənistan istisna olmaqla, təşkilatın bütün ölkələri qəbul edib və təsdiqləyib. Hesab edilir ki, KTMT-nin növbəti zirvə görüşündə Ermənistanın mövqeyi nəzərə alınmayacaq və bu da İrəvanın növbəti fiaskosu olacaq. Məhz bu vəziyyətdə İrəvan KTMT üzvlərinə qarşı aqressiv mövqe sərgiləməkdə davam edir.
Əvvəlki kimi, daha çox Belarus və Qazaxıstan hədəfdədir. İndiki vəziyyətdə Ermənistan hakimiyyəti nəzarət mediası vasitəsilə müttəfiqlərin “etibarsızlığından”, əsasən də qazaxların ermənilərə qarşı mövqeyindən, anti-Ermənistan istiqamətində “türk birliyi”ndən danışır. Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin məsləhətçisi Aydos Sarım da etiraf edir ki, Ermənistanda bu ölkənin KTMT üzrə müttəfiqi olan Qazaxıstana qarşı ittihamlar artmaqdadır. Hesab edilir ki, bunlar Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və bir müddət öncə Karaqandada baş verən hadisələrlə də bağlıdır. KTMT-nin yeni baş katibinin seçilməsi məsələsində də fikir ayrılığı bu ittihamlar üçün əsas ola bilər. Qazaxıstanlı politoloq, türkdilli ölkələrin həmrəy olmasına baxmayaraq, bu yanaşmaları əsassız hesab edir: “Bu, cinayət deyil, insanlıq və tarix qarşısında borcdur. Ermənilərin özlərindən başqa heç kimə güvənməməsində biz günahkar deyilik. Hər bir xalq öz xoşbəxtliyinin və ya bədbəxtliyinin yaradıcısıdır. Bəzi insanlar özlərini təcrid etmək və düşmənçilik üçün səfərbər olursa, bu çətin deyil. Və bu, qonşuların düşmənçiliyi və nifrəti hesabına başa gəlir. Bunun nəticəsidir ki, Ermənistanın indi nə qonşusu, nə də etibarlı münasibətləri var”. Onun fikrincə, Ermənistan və Qazaxıstan arasında KTMT ilə bağlı fikir ayrılığı əvvəlcədən proqnozlaşdırılmışdı, çünki Nikol Paşinyan, postsovet ölkələrinin liderlərindən fərqli olaraq, “başqa” oyun oynayır.
İndilikdə isə görünən budur ki, təşkilata üzv dövlətlərin hamısının yekdilliklə Belarusun namizədinin KTMT sədrliyinə təyin olunmasını dəstəkləməsi İrəvanın təcrid olunması ilə nəticələnib. Ermənistan üzrə ixtisaslaşmış Rusiyanın dövlət məmurlarından biri isə bu günlərdə “Kommersant” qəzeti ilə söhbətində baş verənlərdə erməni liderini günahlandırıb: “O nə sistemə aiddir, nə də dövlət xadimidir, çoxlu qalmaqal yaradıb və dövlətlərarası münasibətlərə bazar elementi gətirir. Ermənistanda formalaşan şəxsi hakimiyyət də narahatlıq yaradır, çünki Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyanın nə edəcəyi bilinmir”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Rusiyaya qarşı addımları və bu ölkədə Moskvaya bağlı şəxslərin həbsi Kremlin narazılığını artırır. Belə ki, Ermənistan 2008-ci il mart hadisələri ilə əlaqədar həbsləri davam etdirir. Robert Köçəryanın ardınca KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Seyran Ohanyanın, sabiq prezident Serj Sarksiyanın da həbsinə hazırlıq gedir. Bu isə Moskvanı daha çox narazı salır.
Nahid SALAYEV