Fikrət Sadıqov: “Biz görürük ki, Kreml rəsmi İrəvanın siyasətini qəbul etmir”
Müşahidələr göstərir ki, son dövrlər regionda beynəlxalq müstəvidə yeni reallıqlar yaranıb. Məsələ ondadır ki, Ermənistana qarşı təcrid siyasətini davam etdirən Azərbaycanın bu qətiyyəti regiondakı yeni situasiyanı şərtləndirən əsas amildir. Ermənistanın düşdüyü vəziyyətin də əsas səbəbi məhz bütün iqtisadi layihələrdən kənarda qalmasıdır.
Azərbaycan isə, əksinə, həyata keçirdiyi qlobal iqtisadi layihələrlə region ölkələri ilə əlaqələrini möhkəmləndirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya və İrana yönəlik sanksiyalara qoşulmur.
Nəticədə regionda yeni mənzərə yaranıb. İndi İran, Rusiya və digər dövlətlər Azərbaycanın Ermənistanla müqayisədə region üçün daha əhəmiyyətli bir ölkə olduğunun fərqindədirlər. Ermənistandakı məlum hakimiyyət dəyişikliyindən sonra dövlətin xarici siyasətindəki qeyri-müəyyənlik bu ölkəni regionda daha çətin vəziyyətə salır. Reallıq ondan ibarətdir ki, Moskva və Tehran İrəvana münasibətdə ənənəvi siyasətini dəyişir. Rusiyada Kremlə yaxın dairələrin Ermənistana qarşı çıxışları, Ermənistana satılan qazın qiymətinin qalxması, habelə İranın Ermənistanla birgə nəzərdə tutduğu iqtisadiyyat və nəqliyyat layihələrindən imtina etməsi bunun bariz nümunəsidir.
Artıq real situasiya bundan ibarətdir ki, Rusiya və İran Ermənistana etibar etmir. Ermənistanda yeni hakimiyyətin apardığı siyasət onu göstərir ki, şərait yaranan kimi onlar ən sadiq müttəfiqlərinə belə, xəyanət edirlər. Ermənistandan fərqli olaraq, Azərbaycan uğurlu balanslaşdırılmış siyasət kursu həyata keçirir. Qonşularla qarşılıqlı maraqlara uyğun münasibətlər qurur və regionda öz rolunu artırır.
Bütün bu deyilənlərin fonunda, Moskva və Tehranın Ermənistanla bağlı siyasətinin əhəmiyyətli dərəcədə dəyişməsində Azərbaycan diplomatiyası hansı rol oynayıb?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, son dövrlər dünyada ciddi siyasi proseslər baş verir: “O cümlədən, Rusiya-Ermənistan, İran-Ermənistan münasibətləri bu baxımdan istisna deyil. Biz görürük ki, Kreml rəsmi İrəvanın siyasətini qəbul etmir. Onların bir sıra ziddiyyətli bəyanatları Kremli qıcıqlandırır. Bütün bu ziddiyyətlər KTMT çərçivəsində də öz əksini tapıb. Eyni vəziyyət İran-Ermənistan münasibətlərində də get-gedə özünü daha çox göstərir. Bu günlərdə İrandan olan generalın Azərbaycana səfər etməsi və ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoyması bunun bariz sübutudur. O da məlumdur ki, Azərbaycan hər iki dövlətlə irimiqyaslı layihələr çərçivəsində əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə partnyorluq münasibətləri də inkişafdadır. Məsələ ondadır ki, bizim bir sıra istiqamətlərdə münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan bütün bunları nəzərə alaraq diplomatiyada hücumedici addımlarla Ermənistanı Rusiya və İrandan uzaqlaşdırır. Hesab edirəm ki, bu minvalla, biz Ermənistanı sözügedən orbitdən daha da uzaqlaşdırmalıyıq. Çünki bizim bir sıra məsələlərimizin həlli Rusiyadan asılıdır. Ona görə də Azərbaycan çevik və uğurlu diplomatik gedişlər etməklə, bu yöndə səylərini daha da artırmalıdır. Elə şərait yaranmalıdır ki, həm Rusiya, həm də İran Ermənistana heç bir stavka etməsinlər”.
Vidadi ORDAHAHALLI