Yanvarın 17-də Azərbaycanın Qırğızıstan Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Səfirlikdən “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentin) Azərbaycan Respublikası ilə dostluq qrupunun rəhbəri Tazabek İkramov, hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, rektorlar, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
Tədbirin əvvəlində qonaqlar Səfirliyin foyesində 20 Yanvar müsibətindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
Daha sonra 20 Yanvar müsibətini özündə əks etdirən fotosərgiyə baxış keçirilib, iştirakçılara press-relizlər təqdim edilib.
Tədbirin açılışında ölkəmizin CBC televiziya kanalının rus dilində çəkdiyi 20 Yanvar müsibətindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş olunub.
Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunub, Bişkekdəki “İmam Əli” məscidinin axundu hacı İlqar Radjev tərəfindən Qurandan ayələr oxunub.
Azərbaycanın Qırğızıstandaki Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov tədbiri açaraq, Qanlı Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Səfir 20 Yanvar müsibətinin törədilməsi cinayətlərinin yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu əsaslı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb. Xatırladıb ki, sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilib, nəticədə 134 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib.
Səfir Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qətliamı törədənləri ifşa etdiyini və onların cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini diqqətə çatdırıb.
Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakətlə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirib.
Diplomat 1990-ci ilin bu qanlı günündə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Daha sonra çıxış edənlər: “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Böyük Vətən Müharibəsinin veteranı, Qırğızstanın Əməkdar inşaatçısı Əsəd Həsənov, Qırğızstanın Kant şəhər Parlamentinin deputatı Rəhim Rəhimov, Əməkdar həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir Qəmərli, Bişkekdəki 44 saylı orta məktəbin direktoru Flora Xəlilova və başqaları Azərbaycanın keçmiş sovetlər birliyi ölkələri arasında müstəqillik üçün mücadilə aparan dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırğınına rahatlıqla göz yummasının onların qeyri-konstruktiv mövqeyinin, satqın siyasətinin bariz sübutu olduğunu bildirib. Onlar sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışıblar.
Sonda səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq iştirakçılara ətraflı çıxışlara görə təşəkkür edib və bildirib ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində bir daha baş verməsin.
Baki-xeber.com