Qabil Hüseynli: “Bu məsələnin sivil qaydada həll olunması Rusiya-Azərbaycan münasibətlərinin yaxın qonşuluq və mehribanlıq əsasında qurulduğuna dəlalət edir”
Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan 350-yə yaxın Rusiya vətəndaşının Dağıstana köçürülməsi başa çatıb. Bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib.
Qeyd edək ki, dövlət sərhədi ilə bağlı Rusiya və Azərbaycan arasında 2010-cu ildə imzalanmış saziş nəticəsində Xaçmaz rayonunun ərazisində yerləşən Dağıstanın iki kəndi Azərbaycana təhvil verilib. 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin kənd sakinlərinin Rusiyaya köçürülməsi ilə bağlı tapşırıq vermişdi.
Xatırladaq ki, qeyd olunan kəndlər əvvəllər Dağıstanın Məhərrəmkənd və Axtınsk rayonlarına aid olub, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın ərazisinə keçib. Bu iki kəndin vətəndaşlarının taleyi ilə bağlı Azərbaycan və Rusiya rəsmiləri arasında bir neçə dəfə danışıqlar aparılıb.
Bu məsələnin həll edilməsi Azərbaycan üçün nə kimi strateji əhəmiyyətə malikdir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın Xaçmaz rayonundakı Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan Rusiya vətəndaşları ilə bağlı vəziyyətin tamamilə nizamlanması çox sevindiricidir: “Adları çəkilən kəndlərdəki vəziyyətin sivil əsasda tam nizamlanması Azərbaycanın Rusiya ilə münasibətlərinə də müsbət təsir edən amildir. Belə bir razılığın əldə olunmasını həm də Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın təzahürlərindən biri kimi qəbul etmək olar. İstərdim ki, bu kəndlərin necə yaranması ilə bağlı məlumat verəm. 1954-cü ildə SSRİ hökumətinin qərarı ilə kənd təsərrüfatı məqsədləri üçün müvəqqəti istifadəsi məqsədilə Dağıstan MSSR və Azərbaycan SSR-in kiçik ərazilərinin qarşılıqlı şəkildə bir-birinə verilməsi həyata keçirilib. Bu qərar əsasında Dağıstan Azərbaycanda qış otlaqlarına ötürülən mal-qara üçün dayanacaq alır. Azərbaycan ərazisindəki daimi otlaqlar nəticəsində sərhəddən 60 kilometrlik məsafədə Xrax-Uba və Uryan-Uba kəndləri yaranır. Sovet İttifaqının süqutundan sonra iki kənd ətrafında keyfiyyətcə yeni vəziyyət yaranır. Rusiya ilə Azərbaycan arasında inzibati sərhədlər dövlət sərhədi statusu qazanır. Rusiya həmin əraziləri də Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. 2010-cu ilin sentyabrında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədləri haqqında müqavilə imzalanır ki, bu da bu kəndlərin sakinlərinin statusunun müəyyən edilməsi məsələsini praktiki müstəviyə çıxarır. Azərbaycan rəhbərliyi xoşməramlı addım kimi bu kəndlərin sakinlərinə RF vətəndaşlığı saxlanmaqla Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyi təklif edir.
Hər iki kəndin sakinləri arasında Azərbaycanda yaşamağı seçənlər də olub. Bununla yanaşı, Dağıstana köçməyi qəbul edən ailələr də az olmayıb. Köçmə prosesinə 2011-ci ilin yazında başlanıb və ümumilikdə, normal şəraitdə, səfirlik, Dağıstan hakimiyyəti və Azərbaycanın əlaqədar orqanları ilə tam əməkdaşlıq şəraitində keçib. Bu günlərdə isə proses tam yekunlaşıb. Bunun Azərbaycan üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hansısa üçüncü qüvvə iki ölkə arasındakı münasibətlərə xələl gətirmək üçün həmin kəndlərlə bağlı olan qeyri-müəyyənlikdən istifadə edə bilərdi. Ən azından, həmin kəndlərin əhalisini müəyyən provokasiyalara çəkməklə bunun üzərində öz məkrli siyasətlərini qura bilərdilər. Qeyd edim ki, belə cəhdlər 2011-ci ildə bir neçə dəfə olub. Həmin vaxt kənd sakinləri adından Azərbaycan hakimiyyətini guya təqibdə ittiham edərək Mahaçqalada aksiya keçirilib. İddia olunurdu ki, guya Azərbaycan tərəfi sakinlərdən dərhal Azərbaycan vətəndaşlığının qəbul olunmasını tələb edir. Əks halda, əmlaka və torpağa görə kompensasiya ödəmədən onları deportasiya ilə hədələyir. Təbii ki, bunların hamısı provokasiya idi, məqsəd iki ölkə arasındakı münasibətləri pozmaq olub. Məsələnin tam həlli həmin niyyətdə olanların da arzularını ürəyində qoydu. Bu məsələnin sivil qaydada həll olunması Rusiya-Azərbaycan münasibətlərinin yaxın qonşuluq və mehribanlıq əsasında qurulduğuna dəlalət edir”.
Məhəmmədəli QƏRİBLİ