Elşən Həsənov: “Rusiya XİN rəhbərinin bəyanatındakı konkretlik və bunun nəticəsində Ermənistanı Azərbaycandan nümunə götürməyə dəvət onu deməyə əsas verir ki…”
Rusiya xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun həmsədri kimi ötən il Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi töhfədən danışarkən deyib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sərgilədiyi konstruktiv mövqeyə adekvat cavab verməlidir:
"Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olub. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədr kimi bizim töhfəmizə gəldikdə, bu, hələlik tanışlıq xarakterli görüşlərlə məhdudlaşmışdı. Amma artıq Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə növbəti görüşü nəzərdə tutulub. Ona görə də düşünürəm ki, biz bu istiqamətdə artıq uzun illərdir davam edən münaqişənin nizamlanmasına kömək edə bilərik. Əlbəttə, bu nizamlanmaya İrəvanla Bakının xoş niyyəti və Minsk Qrupu həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin dəstəyilə nail olmaq olar. Düşünürəm ki, münaqişənin həlli üçün çıxış yollarının axtarılıb tapılmasına hazır olduqlarına dair Bakıdan səslənən bəyanat da hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız da buna qarşılıqlı cavab verəcək".
Lavrovun bəyanatında diqqətçəkən məqam onun “Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sərgilədiyi konstruktiv mövqeyə adekvat cavab verməlidir” fikrini işlətməsidir. Bununla Lavrov Bakının konstruktivliyə meylli olmasını, Ermənistanın isə konstruktivlikdən uzaq olduğunu aydın şəkildə vurğulayır. Lavrov bu açıqlaması ilə Ermənistanın indiyə qədər konstruktiv olmadığını etiraf etmiş olubmu?
Ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya və digər həmsədrlər münaqişənin həlli ilə bağlı daim neyrtal mövqedən danışmağa üstünlük veriblər: “İndiyə kimi biz Rusiya rəsmilərinin dilindən “tərəfləri sülhlə çağırırıq”, “hər iki tərəfin konstruktiv olmasını istəyirik” kimi ifadələr eşitmişik. Yəni məsuliyyəti hər iki tərəfin üzərinə bərabər olaraq yükləyirdilər. Halbuki, bu məsuliyyət bərabər ola bilməzdi. Hər detalı öz adı ilə çağırmaq gərəkdir. Azərbaycan ərazisi işğala məruz qalan ölkədir. Dəfələrlə bəyan edir ki, Ermənistan işğaldan əl çəkəndən sonra Dağlıq Qarabağa Azərbaycanın ərazisi çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır. Bundan artıq hansı konstruktivlik ola bilər? Ermənistan isə uzun illər danışıqlar prosesindən yayınmaq üçün müxtəlif bəhanələr uydurub. Bu, keçmiş hakimiyyətin dönəmində olub. Yeni hakimiyyət də gələndən ortaya konkret bir mövqe qoymur ki, danışıqlarda irəliləyiş olsun. Ancaq bu il münaqişənin həllində dönüş olacağına dair fikirlər bildirilib. Biz bunu Rusiya rəsmiləri ilə yanaşı, Azərbaycan Prezidentinin də dilindən eşitmişik. Bütün bunlar onu deməyə əsas verir ki, tərəflərə sülhün əldə olunması üçün konkret təkliflər olunacaq. Artıq Rusiya və digər həmsədrlər də bilirlər ki, münaqişənin uzadılmasına Azərbaycanın dözümü qalmayıb. Biz dəfələrlə bəyan etmişik ki, sülh danışıqları səmərə verməsə, hərbi yolla torpaqlarımızın azad olunması hüququnu özümüzdə saxlayırıq. Rusiya XİN rəhbərinin bəyanatındakı konkretlik və bunun nəticəsində Ermənistanı Azərbaycandan nümunə götürməyə dəvət onu deməyə əsas verir ki, Ermənistana yönəlik pressinqlər artacaq. Onların bütün bəhanələri bitdi. Seçkini keçirdilər, yeni hökumət də formalaşdı. Konstruktivlik nümayiş etdirməyəcəkləri təqdirdə Rusiyanın da təzyiqləri ilə üzləşə bilərlər. Mən Lavrovun açıqlamasından bu nəticəni hasil etdim. Bu, eyni zamanda, Ermənistana konstruktiv olmadıqları ilə bağlı edilən açıq xəbərdarlıqdır”.
Məhəmmədəli QƏRİBLİ