Azər Həsrət: “Adam, faktiki olaraq, aşınmaya məruz qalıb”
Hazırda həbsdə olan bloger Mehman Hüseynovun İsveçrədə yaşayan qardaşı Emin Hüseynov Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarını təhqir edib. O, sosial şəbəkə vasitəsilə etdiyi videomüraciəti zamanı qardaşı M.Hüseynovu ziyarət etdikləri üçün avropalı diplomatlar barəsində alçaldıcı ifadələr səsləndirib.
E.Hüseynovun Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatları barədə səsləndirdiyi fikirləri təqdim edirik: "Avropalı diplomatlar Mehmanı ziyarət etməyə gediblər. Onları qaz kimi aldadıblar, qaz yerinə qoyublar".
Xatırladaq ki, 11 yanvar tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada M.Hüseynovla görüşü təşkil olunub. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində M.Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında M.Hüseynova baş çəkiblər. MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanan M.Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.
Müşahidənin nəticəsi olaraq bildirilib ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.
Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.
Göründüyü kimi, E.Hüseynov heç cür həbsdə olan qardaşının aclıq aksiyası keçirməməsi ilə razılaşmaq istəmir. Əvvəlcə o, M.Hüseynovu ziyarət edən QHT nümayəndələrini təhqir etdi. Ardınca isə özünün Azərbaycan vətəndaşlığından imtina edib sığındığı Avropa ölkələrinin diplomatlarını ən ağır ifadələrlə söyməyi özünə rəva bildi. Səbəb sadədir. Heç kim onun qardaşının aclıq aksiyası keçirmədiyini iddia etməsin. Aydındır ki, bu birbaşa Eminin xarici fondlardan qrant almaq planını pozur. Ona görə də Mehmanın həbsxanada daha çox qalmasını, onun ətrafında qalmaqalın davam etməsini Emin hamıdan çox istəyir. Bütün bunlar onu deməyə əsas verirmi ki, E.Hüseynov özünün gənc, təcrübəsiz, ali təhsili olmayan qardaşı ilə pul qazanmaq üçün manipulyasiya etmək yolunu tutub?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, M.Hüseynov ətrafında baş verən hadisələr bir daha sübut etdi ki, bu məsələdə daha çox manipulyasiya edən onun E.Hüseynov adlı qardaşıdır: “Onun ictimai və media fəaliyyətilə bağlı zamanında sözümüzü demişik. Bu adam bir neçə il öncə təsadüfən gəlib jurnalistlərin arasına düşdü. Sanki göydən zənbillə atdılar. Özünə jurnalistikanın üzərindən bir RATİ adlı QHT qurdu. Çox qısa müddət ərzində külli miqdarda pullar almağa və populyarlaşmağa başladı. Açığını deyim ki, uzun illərini bu sahəyə xərcləyən adamlar kimi, bizim təəccübümüzə səbəb oldu. Sonra bəlli oldu ki, E.Hüseynov şübhəli mərkəzlərlə şəffaf olmayan işbirliyində olub, ona görə də belə irəli gedə bilir. İndi bu adamın əli hər şeydən çıxıb. Azərbaycan vətəndaşı deyil, əməllərinin böyük əksəriyyəti faş edilib. Ona görə də insan haqlarının müdafiəçiliyi ilə məşğul ola bilmir. Yeganə yolu manipulyasiyalara qalır. Vəziyyət o həddə çatıb ki, bu adam öz anasının ölümündən, qardaşının həbsxanada olmasından sui-istifadə edir. Siz fikir verirsinizsə, onun açıqlamalarının böyük əksəriyyəti öz ailəsi ilə bağlıdır. Və ya hər hansı bir hadisəni gətirib öz ailəsi ilə bağlamağa çalışır. Mən onun bəyanatlarını davamlı izləyirəm. Hətta başqa bir məsələdən danışanda belə, axırda qardaşının adını orda xüsusi olaraq vurğulayır. Adam, faktiki olaraq, aşınmaya məruz qalıb. İndi də xarici diplomatları söyür. Ona görə ki, həmin diplomatlar onunla eyni fikirdə olmayıb, həqiqəti deyiblər. Getdi Vaşinqtonda mətbuat konfransı keçirdi ki, bəlkə dünyanın diqqətini bu məsələyə cəlb edə bilər. Amma həmin istəyi də alınmadı. Həmin konfransa öz çevrələrində olan 3-5 adam toplaşdı. Artıq E.Hüseynovu heç kim ciddiyə almır deyə, o, belə aqressiya nümayiş etdirməyə məhkum olub. Emin şəxsi mənafeləri və işbirliyində olduğu mərkəzlərin maraqları üçün öz ailəsi ilə belə manipulyasiya edir”.
Məhəmmədəli QƏRİBLİ