Əhməd Şahidov: “Rusiya öz vətəndaşlarının hüquqlarını qorumaqda nə qədər haqlıdırsa, Azərbaycanın da qanunlarına hörmət etməyə o qədər borcludur”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda saxlanmış erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyanın ölkəyə qayıtması məsələsinin dialoq yolu ilə həll etməyin mümkün olacağına ümid etdiyini bildirib: “Sizi əmin edirəm ki, bu mövzu bu yaxınlarda azərbaycanlı həmkarlarımızla danışıqlar zamanı səsləndirilib. Ümid edirəm ki, hüquqi normalara söykənən dialoq və həll yolu ilə hamını qane edən nəticə əldə ediləcək və bu vətəndaşı Rusiyaya qaytara biləcəyik”.
Xatırladaq ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər Marat Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanıb.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub. 2017-ci ilin aprelində məhkəmənin hökmü ilə Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Çox maraqlıdır ki, Sergey Lavrov Rusiya vətəndaşı olan, lakin Azərbaycanda narkotik ittihamı ilə həbs edilən bir şəxsin azad edilməsini xahiş edir. Əslində, Lavrov ranqında olan bir şəxsin belə kriminal hadisə ilə bağlı keçirdiyi narahatlıq təəccübə səbəb olur. Əgər söhbət Rusiya vətəndaşının taleyindən gedirsə, onda Lavrov niyə eyni tələbi Ermənistan hakimiyyətindən Dilqəm Əsgərovla bağlı etmir? Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır və hər hansı cinayət əməlinə görə deyil, öz doğmalarının məzarını ziyarət etdiyi üçün ermənilər tərəfindən uzun müddətdir girovluqda saxlanır. Lavrovun bu təzadlı yanaşmasını necə izah edə bilərik?
Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun son açıqlaması birtərəflidir: “Rusiya Federasiyasının Konstitusiyasına görə, həmin ölkə dünyanın istənilən ölkəsində olan Rusiya vətəndaşlarının hüquqlarını qorumağa məcburdur. Amma bu o demək deyil ki, Rusiya öz vətəndaşlarının hüquqlarını qoruyarkən, başqa ölkələrin qanunlarını nəzərə almasın. Azərbaycan Respublikası ərazisində hər hansı bir vətəndaş qanunu pozursa, təbii ki, həmin adam ölkəmizin qanunvericiliyinə uyğun şəkildə cəzalandırılmalıdır. Bu, məsələnin hüquqi tərəfidir. Digər tərəfdən isə, Rusiya öz vətəndaşı ilə bağlı məsələdə milli ayrıseçkilik faktorunu səhv olaraq qabardır. Biz Lapşinlə də bağlı bunu müşahidə etdik. Hazırda narkotiklə bağlı ittiham olunan erməni əsilli Rusiya vətəndaşı ilə əlaqədar bunu görürük. Belə yanaşma Rusiyadakı bəzi hakim dairələrin ikili standartlarından xəbər verir. Çünki Dilqəm Əsgərovun özü də Rusiya vətəndaşıdır. Ancaq biz girovluqda saxlandığı bu 5 il ərzində bir dəfə də olsun Rusiya rəsmilərinin onunla bağlı narahatlıq keçirməsinə rast gəlməmişik. Deyərdim ki, Rusiya XİN bu qərəzli yanaşmada ilk yerlərdən birini tutur. Belə yanaşma, həmçinin, Rusiya XİN başçısının açıq erməni təəssübkeşi olması ilə bağlı deyilənlərin öz təsdiqini tapması anlamına gəlir. Biz bu fəaliyyəti XİN sözçüsü Zaxarovanın da cəhdlərində görürük”.
Əhməd Şahidovun sözlərinə görə, belə qərəzə baxmayaraq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər normaldır: “Çünki bu siyasətin taleyini ölkə başçıları həll edir ki, onların da arasında yaxşı münasibət mövcuddur. Azərbaycanda rus dilinə böyük maraq var. Rusdilli icmanın hüquqları lazımi səviyyədə qorunur. Eləcə də Rusiyada milyonlarla soydaşımız yaşayır ki, bu da Rusiyanın onlara olan normal münasibətinə görə mümkündür. Bu səbəbdən də inanmıram ki, Lavrovun məlum mövqeyi Rusiya dövlətinin istəyidir. Bu, Lavrovun özfəaliyyəti də ola bilər. Rusiya öz vətəndaşlarının hüquqlarını qorumaqda nə qədər haqlıdırsa, Azərbaycanın da qanunlarına hörmət etməyə o qədər borcludur. Dilqəm Əsgərovu Rusiya müdafiə etməsə də, biz onun azərbaycanlı olduğunu nəzərə alıb, fəaliyyətimizi davam etdiririk. Azərbaycan dövləti və ictimaiyyəti bu məsələni hər gün diqqətdə saxlayır”.
Məhəmmədəli QƏRİBLİ