Məhəmməd Əsədullazadə: “Bizim əsas strategiyamız işğalçını məcburetmə olmalıdır”
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün yekunlarına dair bəyanat yayıblar. Bəyanatda XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş spektr məsələləri müzakirə etdikləri, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəldikləri bildirilib.
Qeyd olunub ki, nazirlər və həmsədrlər danışıqlara güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün görüşün keçirilməsi istiqamətində addımların atılmasını müzakirə ediblər.
Bundan əlavə, həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini diqqətə çatdırıblar.
Qeyd edək ki, yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutub.
Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.
Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.
Diqqətçəkən məqam odur ki, bəyanatda əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlinməsi qeyd olunub. Ancaq bu məsələdə ermənilərin səmimiliyinə necə inanmaq olar ki, sabah tamamilə başqa mövqedən şıxış etməyəcəklər?! Nəzərə almaq lazımdır ki, bundan əvvəl də XİN başçıları görüşmüşdü və bənzər razılıq əldə olundu. Ancaq Mnatsakanyan yeni il ərəfəsində hərbi hissələrdən birini ziyarət edərkən bəyan etdi ki, “Biz diplomatların işi sizin əldə etdiyiniz qələbələri davam etdirməkdən ibarətdir”.
O baxımdan, əldə olunan son razılaşmaya rəğmən, Ermənistanın səmimiyyətinə necə inanmaq olar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın səmimiyyətinə inanmaq olmaz: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü ilk növbədə danışıqların növbəti mərhələdə aparılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə xalqların sülhə hazırlanması məsələsi qeyd edilir. Azərbaycan xalqı daim sülhə razıdır. İlk növbədə Ermənistan əraziləri işğaldan azad etməlidir. Bu prinsip Ermənistana aiddir. Əgər erməni tərəfi torpaqların azad edilməsi üçün geniş təbliğata başlamırsa, sərt ritorikanı davam etdirirsə, demək, sələflərindən fərqi yoxdur. Azərbaycan tərəfi bu görüşdən sonra İrəvanın üzərinə götürdüyü öhdəliyi necə yerinə yetirməsinə fikir verməlidir. Rəsmi İrəvan buna getməyəcəksə, heç danışıqlar aparmağa dəyməz. Güc yolu ən optimal variant olmalıdır. Ermənistanda elə fikir formalaşıb ki, bir qarış da ərazi verilməsin. Belə olan təqdirdə hansı sülhdən və danışıqlardan danışmaq olar?! “Qarabağ klanı” 20 il ərzində bu stereotipi formalaşdırıb. İlk növbədə yeni hakimiyyət bu stereotipi qırmalıdır. Hesab edirəm ki, yay aylarına qədər Ermənistana vaxt verilməlidir. Bundan sonra ölkəmiz növbəti addımları atmalıdır. Çünki Ermənistana bundan sonra vaxt vermək işğala stimul yaratmaq ola bilər. Bizim əsas strategiyamız işğalçını məcburetmə olmalıdır”.
Vidadi ORDAHALLI